Azadlıq Partiyasının sədri, siyasətçi Əhməd Orucun “Vətəninfo.az” saytına müsahibəsi:
- Sizcə, cəmiyyətdə siyasi dəyişikliklər etmək üçün azad və demokratik seçkilərin keçirilməsi bəs edirmi?
- Azərbaycanda bir dəfə də olsun normal, demokratik seçkilər keçirilməyib. Vətəndaşların hakimiyyət orqanlarını formalaşdırmaq, nəzarətdə saxlamaq, hakimiyyətin xalqa hesabat vermək təcrübəsi yoxdur. Zənnimcə bir demokratik seçkinin keçirilməsi siyasi hakimiyyətin dəyişməsi, millətin özünə inamı, hakimiyyətlə xalq arasındakı uçurumun ortadan götürülməsi üçün kifayət edər.
- Amerikalı analitiklər Azərbaycanda inqilabi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırırlar. Onların əsaslandırmaları nə qədər reallığı əks etdirir?
- Azərbaycanda indiki, millətin müdafiə etmədiyi, təzyiqlərə dözümsüz bir hakimiyyətin olması Amerikanın maraqlarına tam uyğundur və bu vəziyyətin yaranmasında ABŞ-ın müstəsna “əməyi” var. İndiki hakimiyyət onun antidemokratikliyinə göz yumması əvəzinə ABŞ-ın bütün istəklərini istisnasız olaraq həyata keçirir.
Maraqlıdır ki, ABŞ, Rusiya və İran Azərbaycanda normal hakimiyyətin olmamasında eyni mövqedədirlər, milli qüvvələrin hakimiyyətə gəlməsinə qarşıdırlar.
Quba hadisələri göstərdi ki, xalqın bu hakimiyyətə qəzəbi nə qədər böyükdür. Bu hakimiyyətə Qubadakı münasibət Azərbaycanın hər yerində var. Ölkədəki korrupsiya, rüşvət, sosial müdafiə sisteminin olmaması, polis-məmur özbaşınalığı, hakimiyyətdə olanların harınlığı, millətin sərvətlərinin bir ailə və onların qulbeçələri tərəfindən oğurlanması xalqda böyük qəzəb yaradıb. Bu qəzəb istənilən vaxt alovlana və bu hakimiyyəti “yandıra” bilər. Bütün avtoritarlara xas olan – xalqa qarşı saymamazlıq, burnundan qabağı görməmək bu hakimiyyət üçün də xarakterikdir. Azərbaycan cəmiyyətində gərginlik o həddədir ki, hakimiyyət tərəfindən narazılığı ortadan götürə biləcək ciddi addımlar atılmasa hər an inqlab ola bilər.
- Adını unutduğum Amerikalı politoloq bir neçə bundan öncə belə fikir bildirmişdi ki, Azərbaycan inqilab ola bilməz və çünki, ölkədə elə oliqarxlar ki, onları ölkəni vətəndaş müharibəsinə qədər gətirib çıxara bilərlər. Bu fikirlə razılaşırsınızmı?
- Azərbaycandakı oliqarxların hakimiyyətin qorunması uğrunda dirəniş göstərməsi ilə bağlı söylənənlər doğru deyil. Təcrübə göstərir ki, (1992, 1993) xalq ayağa qalxdığı zaman və ya hakimiyyətin itirilməsi təhlükəsi real olan zaman, dövlət çevrilişləri vaxtı nəinki hakimiyyət komandasında olanlar, heç hüquq mühafizə orqanları hakimiyyəti müdafiə etmir. Məhz buna görə 4 0ktyabr hadisələri vaxtı H.Əliyev xalqı Prezident Aparatının qarşısına səslədi. Bu oliqarxların övladları xarici ölkə vətəndaşlığı alıblar və hadisələr şiddətləndiyi anda onların heç biri ölkədə olmayacaq. Azərbaycanda hakimiyyət dəyişikliyindən istifadə edərək şimal və cənub qonşumuz ciddi fəsadlar verə biləcək gərginliklər yaratmağa cəhd edə bilərlər. Belə cəhdlər olduğu zaman bunun qarşısının alınması üçün Türkiyə, Avropa Birliyi və ABŞ bizim təbii müttəfiqlərimiz hesab oluna bilər. Onların köməyi və milli, vətənpərvər, demokratik qüvvələrin bir yerdə olması, hər yerdə ziyalıların aktivliyi ilə, millətə doğru yol göstərməsi ilə bu cəhdlərin qarşısı alına bilər.
- Məhz, dəyişikliklər prosesində ölkədə indiki hakimiyyətə alternativ qüvvə görürsünüzmü?
- Azərbaycan müxalifətidən ölkəni indiki hakimiyyətdən yaxşı, milli maraqlara uyğun, demokratik prinsiplər çərçivəsində idarə edə biləcək bir necə hakimiyyət komandası yaratmaq olar. Zənnimcə bu problemləri həll edə biləcək intellektə, iradəyə malik ən güclü qüvvə milli-demokratik platformada olan qüvvələrdir. Gürcüstanın təcrübəsi hakimiyyət olimpində olanın milli maraqdan çıxış etməsinin çox qısa müddətdə ölkəni necə dəyişdiyinin əyani sübutudur. Azərbaycan xalqının təmiz, əxlaqlı, mənəviyyatlı, intellektli, iradəli, millətini sevən, heç bir kənar təsir altda olmayan bir komandaya, bir liderə ehtiyacı var!