Qubaya bombanı kim atdı?

Qubaya bombanı kim atdı?
Aqil Alışov  
 
Ötən həftə Qubadakı Cümə məscidinə bomba qoyulması haqqında  mətbuata informasiya ötürüldükdən sonra bütün diqqət rayona yönəldi. (Yönəldildi də demək olar). Bir saat keçməmiş artıq Qubada etiraz nümayişləri haqqında məlumatlar  getməyə başladı. Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunsa da, "bomba”nı tapa bilmədilər. Lap ölməz Haqverdiyevin "Bomba" novellasında olduğu kimi...
Və həm də o gün cümə günüydü, Cümə məscidindəki namaz da təxirə salındı, dindarları başqa məscidlərə yönəldilər.
 
Əslində isə "bomba” məsciddə yox, şəhərin mərkəzində idi. Yəni insanların etiraz aksiyasını bombaya çevirmək idi məqsəd. Həm də bu mərkəzdə hazırlanan "bomba”nın nə qədər güclü olduğunu biz bilməsək də, hakimiyyət dairələrində yaxşı bilərlər. Axtarış nəticəsində məsciddə hər hansı partlayıcı qurğu tapılmadığından "Qubada güllə səsləri eşidilir" kimi informasiya selini sosial şəbəkələrə axıdanların növbəti "bomba”nı hansı rayonun mərkəzinə və ya məscidinə qoyacaqlarını özlərindən başqa kimsə bilmir. 

Biz Miq.az olaraq dövlətçiliyi dəstəkləyirik. Amma nə hakimiyyət, nə də xalq nə etdiyini ya bilmir, ya da etdiklərinin fərqində deyillər. Ya da xalq üçün artıq düşünmək mərhələsi geridə qalıb. Xalqın etirazına  səbəb işsizlik, qiymət artımı və bank kreditlərini ödəyə bilməmələridir. Bu başa düşüləndir ki, insanlar həqiqətən də, borc içində çabalayırlar. Başadüşülməyən isə niyyəti naməlum insanların çubuğu istiqamətində hərəkətlərdir. Bu "çubuq” nə xalqa fayda verəcək, nə də hakimiyyətə.
 
Son günlər Azərbaycanda vətəndaşlarımızın sosial problem dözülməz həddə çatib, işsizlik artıb, gəlirlərinin azalmasına, manatın dəyərdən düşməsinə, kəskin bahalaşmaya görə ağırlaşan dözülməz həyat şəraitinə kütləvi etirazlarının başlaması ölkəmizin əhalisinin 70-80 faizini təşkil edən kasıb ailələrin vəziyyətinin çox çətin, çıxılmaz vəziyyətdə olduğunu göstərir. Hakimiyyətin etirazının  isə adı yoxdu… Sadəcə və sadəcə illərdir havaya sovrulan  vaxt və pullar...
 
Bəzi məmurlar başa düşmür ki, çörək almağa, dərman almağa, kreditini ödəməyə pul tapa bilməyib etiraz edən xalqın qarşısına xalqın eşidə biləcəyi ziyalıları çıxartmaq lazımdır. Etiraz edən rayonun icra başçısını, polis rəisini, prokurorunu yox. Onlar sadə xalqla dil tapa bilməyəcəklər. Çünki onların xalq qarşısında danışmağa nə dilləri var, nə də dil qabiliyyətləri. Çünki onlar layiq olmadıqları yerdə oturublar. Ağıllarına və ağızlarına gələni danışıb etirazçıları bir az da aqressivləşdirməkdənsə sussalar, yaxşıdır.
 
Əvvəllər ziyalılar Milli Məclisdə, universitetlərdə olardı. İndi isə ziyalılar "Sədərək" talkuckasında "oturub", Milli Məclisidə isə bir çox kürsünü "alverçilər" tutub. Son devalvasiya və bahalaşmaya etiraz edib od püskürən yapçı deputatlar da elə Milli Məclisdə oturub siqaret maqnatlarını topa tutmaqları bunun bariz nümunəsidir. İcra başçılarını etiraz edən xalqın qarşısına çıxartmaq odun üstünə benzin tökmək kimi bir şeydir. İnsanlar artıq onları bu gün görəndə qıcıqlanırlar. Öz ağır maddi durumlarına görə etiraz edən insanların polis gücü ilə cəzalandırılması vəziyyətdən çıxış yolu deyil. Məncə, Azərbaycan hakimiyyəti xalqın qarşısına polisi, daxili qoşun əsgərlərini yox, hökumət nümayəndələrini çıxarmalıdır...
 
Hakimiyyətdə təmsil olunan ən yüksək ranqlı vəzifəli şəxslər və ziyalılar tərəfindən xalqı dinləmək və onların problemlərinin həlli istiqamətində görüləsi işlər barədə məlumat verilməlidir. Ən əsası vəziyyətin köklü dəyişdirilməsi ilə bağlı qərarlar qəbul etmək, bu barədə xalqa məlumat vermək olar.
 
Cənablar! Göz yaşardıcı qazdan və suvuran maşınlardan istifadə etməyin! Çünki o "qaz"dan Azərbaycanın da gözləri yaşaracaq… Etnik qrupların sıx yaşadığı yerlərdə "bomba” həyəcanı başadüşüləndir. Evinə çörəkpulu apara bilməyib, meydanlara axışmaq da başadüşüləndir. Hətta nişan üzüyünü banklara girov qoyub imansiz faiz dərəcələri ilə borca girib indi çətin durumda qalan vətəndaşların da etirazını  anlamaq olar və anlamaq lazımdır.
 
Başadüşülməyən icra başçılarının vətəndaşları küçə söyüşləri ilə təhqir etməsidir…
 
Gömrükdə əhalinin qanını içənlərdir. Təkcə başadüşülməyən deyil, həm də qəbuledilməzdir. Doğrudanmı, bizim bu xalqın qarşısına çıxarmağa bir ziyalımız yoxdur?! Bu xalq bu qədərmi yetim qalıb?! Bu isə  artıq faciədir...

Milli Məclisdə xalqımızın vəkilləri, qanunlarla məşgul olanlar əvəzinə un, siqaret, tomat, yumurta, qapı-pəncərə alverçilərinin, toplanması… Başüdüşülənlə başadüşülməyənlər arasında bu gün bütün Azərbaycan və o cümlədən hakimiyyət dairələri bir həyəcan yaşayayır - "”BOMBA” həyəcanı… Görəsən, Qubaya "BOMBA”nı kim atdı?
  
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az