«Bəzi məmurlar bilərəkdən, yaxud bilməyərəkdən bəyanatlar verməklə Azərbaycan iqtidarını dalana dirəyirlər»
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə baş verən son hadisələrlə bağlı «Xalq Cəbhəsi» qəzetinə və xalqcebhesi.az saytına müsahibə verib. BAXCP sədri müsahibəsində ölkənin seçki ilinə qədəm qoyduğunu və eyni partiyanın 20 ildir hakimiyyətdə olduğunu xatırladaraq, insanların yenilik istədiyini vurğulayıb. Qüdrət Həsənquliyev ölkədə nadir hallarda yerlərinin kadrların dəyişdirildiyini və yeni kadrların məsul vəziyəfərə irəli çəkildiyini, struktur islahatlarının aparılmadığını, idarəetmənin çevik olmadığını deyib:
- İndiyə qədər insanların özünə güvənmələri və ölkəyə təsiri olan dövlətlərin hakimiyyət məsələsində vahid mövqedən çıxış etdikləri barədə ictimai rəydə qəbul olunmuş reallıqlar sabitliyi əsasən təmin edirdi. Hazırda isə vəziyyət dəyişib. Rusiya Azərbaycanı özünün yeni ittifaqlarına (Gömrük və Avrasiya İttifaqı) qoşmaq üçün təzyiq vasitələrini işə salıb. Kremlə bağlılığı heç kimdə şübhə doğurmayan şəxslərin «Azərbaycan prezidenti indiyə qədər Putinin dəstəyi ilə həmin postu tutub və bu dəstək olmasaydı başqa birirsi idi» kimi fikirlər söyləməsi insanlara təsir edir. Həmin kateqoriyadan olan başqa birisi isə söyləyir ki, «bu il prezident yeni birisi olacaq». Bu şəxslər ölkədəki problemləri qabardır, sovet dövründə qanunun aliliyinin və ədalətin indikindən daha yaxşı vəziyyətdə olduğunu cəmiyyətə aşılayır və dövrə münasibətdə insanlarda nostalji hisslər oyadırlar. O dövr isə Moskva ilə assosasiya olunur. İqtidar təbliğatçıları isə Rusiyanın indiki vəziyyəti barədə susur, sistemli iş qurub bu siyasətə qarşı dayana bilmir, problemləri yalnız zor gücünə həll edəcəklərini düşünürlər. Dövlətçilik ənənəmiz olmadığından Rusiya haqq və ədalət tərəfdarı kimi xalqımızın qəlbini fəth etmək istəyir. Gürcüstanın iki ərazi vahidini müstəqil dövlət kimi tanımasına rəğmən Gürcüstanın Rusiya ilə əlaqələr qurmaq üçün əldən-ayaqdan getməsi də belələrinə əlavə stimul verir. Bundan başqa, çox az azərbaycanlı tapılar ki, onun yaxınları Rusiyada olmasın. Hökumətin Rusiya ilə münasibətləri diplomatik yollarla çözmək üçün yetərincə səy göstərməməsi, əsas diqqətin rusiyapərəstlərin şəxsiyyətinin aşağılanmasına yönləndirilməsi ictimai rəyə öz mənfi təsirini göstərir. Məsələnin bağlı qapılar arxasında həlli mümkün olmadıqda xalqla səmimi olmalı, real vəziyyət barədə ictimaiyyətə məlumat verilməli idi. Eyni zamanda, tənqidi kimin etməsindən asılı olmayaraq, problemlər varsa onların həlli istiqamətində addımlar atılmalıdır. Bu zaman cəkinmək lazım deyil ki, bu zəiflik kimi qəbul oluna bilər.
Xalqımız nə qədər ki, parçalanmayıb, xarici güclər daha mütəşəkkil gücə çevrilməyib, iqtidar islahatların anonsunu verməli, ölkəmizi fəlakətə gətirib on illərlə geriyə atacaq ssenarilərin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Rusiyanın qanlı, ölkəmizi daha kiçik hissələrə bölmək planları barədə rəsmilər açıq danışmalıdırlar. Yalnız islahatlar və dialoq yolu ilə ölkəmizi bizim üçün yazılmış qanlı ssenarilərdən xilas edə bilərik».
- Son dövrlər Dağlıq Qarabağ mövzusu müstəvisində gündəmdə olan əsas məsələ demək olar ki, Xocalı hava limanı ilə bağlıdır. Azərbaycan rəsmilərinin mülki təyyarələrin vurula biləcəyi ilə bağlı səsləndirdiyi bəyanatlara münasibətiniz necədir?
- Azərbaycan rəsmilərinin Xocalı hava limanına ermənilərin təşkil edəcəyi uçuşlarla bağlı verdikləri birmənalı və qəti bəyanatlar ölkəmizi çətin duruma salır. Sözsüz ki, Azərbaycanla Ermənistan arasındakı vəziyyətin daha da gərginləşməsində maraqlı olan Rusiya Ermənistanı bu mövqeyində israrlı olmağa təhrik edir. Ölkəmizi çətin duruma salan amil isə ondan ibarətdir ki, Xocalı hava limanına uçan mülki təyyarələr vurulacağı təqdirdə Azərbaycana qarşı beynəlxalq sanksiyalar tətbiq oluna bilər. Azərbaycan prezidentinin cəzasının əhəmiyyəli bir hissəsini çəkmiş Ramil Səfrovu əfv etməsindən sonra baş verənləri xatırlasaq, mülki təyyarələrin vurulmasının hansı nəticələrə gətirib çıxaracağını göz önünə ala bilərik. Yalnız bir nəfərin – Ramil Səfərovun əfvindən sonra Avropa Birliyindən başlayaraq ABŞ prezidenti Barak Obamayadək ən müxtəlif səviyyələrdə verilən sərt bəyanatlarla qarşı-qarşıya qaldıq. İndi təsəvvür edin, mülki təyyarənin vurulmasından sonra nələr baş verə bilər? Hətta o təyyarədə ekipaj üzvlərindən başqa bir kimsə olmasa da – ekipaj üzvləri də mülki şəxslər sayılırlar – mülki təyyarənin vurulması nəticəsində çox ciddi problemlərlə üz-üzə qalacağımız bir reallıqdır. Əvvəla, Ermənistan da öz növbəsində bizim mülki təyyarələri vura bilər, digər tərəfdən Azərbaycan tərəfindən mülki təyyarənin vurulması Rusiya başda olmaq şərtilə bir çox xarici dövlətlərin Dağlıq Qarabağı tanıması üçün provakasiya xarakterli rol oynaya bilər. Yəni onların əlinə bəhanə vermiş olar. Bizim Xocalı hava limanına uçan mülki təyyarələri yerə endirmək imkanımız isə yoxdur. Çünki işğal olunmuş ərazilərdəki hava məkanına Azərbaycan deyil, Ermənistan nəzarət edir. Rusiya burada hava hücumundan müdafiə sistemləri qurub, ərazidə S-300 və S-400 raket kompleksləri yerləşdirilib. Bu baxımdan mülki təyyarənin vurulması faktiki surətdə yeni bir müharibənin başlanması deməkdir. Əgər biz müharibə etsək də belə mülki obyektləri hədəfə almamalıyıq. Azərbaycan bütün hallarda bu addımdan çəkinməlidir. Sadaladığım arqumentləri dəfələrlə dilə gətirdiyimizə baxmayaraq, bizim bəzi rəsmilərin kimə və nəyə güvənərək belə sərt bəyanatlar vermələrinin səbəbi aydın deyil… Bu bəyanatlar Azəpbaycanın beynəlxalq nüfuzuna ziyan vurur. Biz müharibə aparıb torpaqlarımızı azad etsək də bu müharibə mülki obyekti hədəf seçdiyimizə görə başlamamalıdır. Mən Azərbaycan hökumətinə, müdafiə nazirliyinə təklif edirəm ki, onlar mülki obeyktin vurulacağı ilə bağlı beynəlxalq hüquqa hayqırı olan və gerçəkləşdirə bilməyəcəkləri, amma Azərbaycanın imicini kifayət qədər korlayacaq bəyanatlardan çəkinsinlər, əvəzində əgər bacarırlarsa Xocalı hava limanının uçuş zolağını vurub sıradan çıxarsınlar. Və göstərsinlər ki, uçuş zolağını vuracaq qədər iradələri var.
Məsələnin digər tərəfi də var: Bəzi məmurlar bilərəkdən, yaxud bilməyərəkdən bu cür sərt bəyanatlar verməklə Azərbaycan iqtidarını dalana dirəyirlər. Əgər belə bir uçuş olarsa və verilən bəyanatlarda yer alan təhdidlər gerçəkləşdirilməyəcəksə bu Azərbaycan iqtidarının, həm də təkcə iqtidarın deyil, Azərbaycanın psixoloji cəhətdən sındırılmasına yol açacaq. Düşünürəm ki, Azərbaycan mülki obyektlərin vurulması ilə bağlı sərt bəyanatlar verməkdən çəkinməlidir, çalışmalıdır ki, bu problemi beynəlxalq təşkilatların əli ilə çözə bilsin.
- Daha öncə bəyan etmişdiniz ki, Rusiya Dağlıq Qarabağ məsələsində güzəştlərə gedərsə, Azərbaycan Rusiya ilə daha yaxından əməkdaşlıq edə bilər. Əvvəlki mövqeyinizdə qalırsınız?
- Şübhəsiz ki, əvvəlki mövqeyimdə qalıram və düşünürəm ki, əgər Rusiya Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə təminat verərsə və bu istiqamətdə real addımlar atarsa, bununla bağlı ölkəmizlə müvafiq sənədlər imzalayarsa, o zaman Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da, Gömrük İttifaqına da üzv ola bilər. Həmçinin yaradılmaqda olan Avrasiya İttifaqına da qoşula bilər. Hətta bu istiqamətdə Ermənistandan daha öncə addım ata bilər və mən hesab edirəm ki, atmalıdır da… Reallıq budur: ya biz Rusiyanın da Ermənistana kömək edəcəyini göz önünə alıb hərbi yolla torpaqlarımızı azad etməliyik - hazırki şəraitdə Azərbaycan iqtidarının buna gedəcəyinə şübhə ilə yanaşıram, eyni zamanda düşünürəm ki, indi buna imkan verəcək beynəlxalq şərait yoxdur və yaradılmayıb. Ya da torpaqlarımızın işğal altında olduğu ilə barışmalı, onillərlə gözləməliyik ki, nə zamansa daha əlverişli beynəlxalq şərait yaranacaq və mən düşünmürəm ki, bu halda zaman Azərbaycanın xeyrinə işləyir və Azərbaycan uzun illər keçəndən sonra Dağlıq Qarabağ üzərində öz suveren hüquqlarını bərpa edə bilər. Dağlıq Qarabağ de-fakto Azərbaycandan ayrı nə qədər uzun müddət mövcud olacaqsa onu Azərbaycanın faktiki nəzarətinə qaytarmaq və bu ərazi üzərində ölkəmizin suveren hüquqlarını bərpa etmək bir o qədər çətin olacaq. Bunun üçün də hesab edirəm ki, Azərbaycan Rusiya ilə dil tapmalıdır. Əks halda Azərbaycanın Ermənistana nə qədər güzəştə gedə biləcəyindən asılı olmayaraq, Rusiya bu problemin həllinə imkan verməyəcək. Rusiya mövcud olduqca bu problemi yaşadacaq və beləliklə də həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı vəziyyətdə saxlayacaq. Düşünürəm ki, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlamaq və Dağlıq Qarabağ probleminin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə təminat almaq şərtilə Rusiyanın yaratdığı ittifaqlara qoşula bilər. Mən hesab etmirəm ki, bu gün Qazaxıstanın müstəqilliyi Azərbaycandan azdır. Qazaxıstan Rusiya ilə yaxın əlaqələrini qorumaqla, əhalisinin 40 faizi rus olan bir ölkənin ərazi bütövlüyünü qoruyub saxlaya, xalqı qarşıdurmalardan xilas edə bilib, etnik separatizmə yol verməyib. Hesab edirəm ki, Qərbə, ABŞ-a çox da güvənmək lazım deyil. Ona görə ki, məhz onlar vaxtilə bizi aldatdılar və biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxdıq. GUAM adında heç kimə və heç nəyə lazım olmayan, əhəmiyyətsiz bir qurum yaratdıq. Halbuki bu qurumda təmsil olunan Ukrayna Ermənistana silah satır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasaydıq, Ermənistanla hər hansı hərbi toqquşmamız baş vrəcəyi təqdirdə Rusiyanın Ermənistana dəstək verməsi daha çətin olardı. İndi KTMT Ermənistanda öz akademiyasını yaradır. Hər dəfə biz torpaqlarımızı azad edəcəyimizi deyəndə rus generalları Azərbaycanın ünvanına təhdidedici bəyanatlarla çıxış edir, Ermənistanı dəstəkləyəcəklərini bildirirlər. Azərbaycan seçim etməlidir. Qərar verməlidir. Fərqi yoxdur bu Qərbin, NATO-nun xeyrinə olacaq, yaxud Rusiyanın. Əgər istək varsa, o zaman qoy Gürcüstan kimi NATO-nun xeyrinə qərar versin. Rusiya ilə bağlı seçim etmək istəyirsə, bu istiqamətdə mövqeyini dəqiqləşdirsin. Amma müharibə vəziyyətində olan bir ölkənin bloklara Qoşulmayanlar Hərəkatına qoşulması, özünün neytrallığını elan etməsi özünə qəsd anlamına gəlir. Ona görə ki, müharibə aparan dövlətlər həmişə müttəfiq axtarıblar. Bu tarix boyu, şüurlu insanlar formalaşandan, qəbilələrarası konfliktlər dövründən belə olub, belə də olacaq.
Veteninfo.az