"Arzu Kazımov həbs olunmadan da məhkəmə gedə bilər"

"Arzu Kazımov həbs olunmadan da məhkəmə gedə bilər"

Çingiz Qənizadə: "Elşad Abdullayev Azərbaycana gəlməlidir"

Hazırda Fransada yaşayan Elşad Abdullayevin əsassız iddaları ilə həbs olunan Naxçıvan Ali Məclisinin üç çağırış millət vəkili seçilən, sabiq millət vəkili Arzu Kazımovun həbsinə hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamasında etdiyi etirazdan sonra bəzi millət vəkillərinin də mövqeyini öyrəndik.

Vətəninfo.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib ki, onda Arzu Kazımovun həbsi ilə bağlı ciddi bir məlumat yoxdur və daha çox bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında məlumatlar ola bilər: "İlk olaraq mən heç kimin həbs olunmasını istəməzdim. Eyni zamanda heç kəsin qanunu pozmasını istəməzdim. Arzu Kazımovun həbsinə səbəb olan detalları bilmədiyim üçün ətraflı danışa bilmirəm".

Millət vəkili Çingiz Qənizadə bildirib ki, o, bu proseslərin kifayət qədər içərisində deyil və kim nə alıb, kim nə verib, bu sırf hüquq-mühafizə orqanlarının işidir: "Amma belə hesab edirəm ki, Elşad Abdullayev Azərbaycana gəlmədən, özünün ortaya qoyduğu o detalları sübut etmədən, yəni hansısa bir fərziyyələrlə mən Əhmədlə Məmmədə bunu verdim, bunu aldım kimi məsələlərə hüquqi qiymət vermək çətindi. Bu baxımdan mən bilmirəm Arzu Kazımov nədə ittiham olunur və nəyə görə dərhal həbs olundu. Amma belə hesab edirəm ki, bütün hallarda Elşad Abdullayev Azərbaycana gəlməli və faktları ortaya qoyub əsaslandırmalıdır".

"Arzu Kazımovun səhhətini nəzərə aldıqda sabiq millət vəkilinin həbsdə qalması nə qədər doğrudur" sualına cavabda isə millət vəkili bildirdi ki, ümumiyyətlə maddi məsələlərlə bağlı cinayətlərdə məhkəmənin sonuna qədər tərəflərə şərait yaratmaq lazımdır ki, azadlıqda olsunlar və bir-birlərinə dəyən ziyan vardırsa, ödənilsin: "Amma dərhal həbs olunubsa, bunu tələb etmək bir qədər çətin olur. Bu məsələ bir qədər ziddiyyətlidir. Bu baxımdan hesab edirəm ki, məsələ ilə bağlı mütəmadi olaraq hüquq-mühafizə orqanları açıqlama verməlidirlər". 

Çingiz Qənizadədən Elşad Abdullayevin son müraciətini və bu müraciətində ölkənin baş prokurorunu belə ittiham etməsinə, belə bir açıqlama verən şəxsin ittihamı ilə sabiq millət vəkilinin niyə və hansı səbəbdən həbsdə saxlanılmasına da aydınlıq gətirməsini xahiş etdik.

"Elşad Abdullayev hamını ittiham edir. O ki, qaldı Arzu Kazımovun həbsdə qalmasına, bir daha deyirəm, kimin-kiməsə nəsə verib-alacağı varsa, onu həbs etmədən də məhkəməni aparmaq olar".

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az