"Azərbaycan İranın parçalanma ehtimalına hazırlıqlı olmalıdır"

"Azərbaycan İranın parçalanma ehtimalına hazırlıqlı olmalıdır"

Elnur Nəsirov: "Türkiyə totalitar rejimlərin devrildiyi ərəbölkələri üçün model rolunu oynaya bilər" 

Müsahibimiz Yaxın Şərq məsələləri üzrə analitik, Dr. Elnur Nəsirovdur.

- Bu gün Amerikanın dəyişdirmək istədiyi ərəb bölgəsi ilə bağlı strateji layihəsində Türkiyə hansı yerdə durur?

 - Əvvəla, mən ərəb ölkələrindəki dəyişikliklərin tamamilə ABŞ-ın layihəsi olduğuqu qəbul etmirəm. Bunu təkcə ABŞ-la əlaqələndirmək yanlış olardı. Burada uzun illərdən bəri ərəb ölkələrində üst-üstə gələrək yumaq halını almış problemlər də rol oynamışdır. Avropa ölkələri ərəb ölkələrindən gələn mühacirlərlə dolub-daşmaqdadır. Avropada yaxşı dərk edirlər ki, bunun əsas səbəbi mühacirlərin gəldikləri ölkələrdəki ağır sosial-iqtisadi vəziyyətdir. İnsanlar həqiqətən insan kimi yaşamaq istəyirlər. Miqrasiya probleminin kökündə bu dayanır. Avropada həmçinin yaxşı dərk edirlər ki, ərəb, eləcə də digər müsəlman ölkələrindən gələn kütləvi köçün qarşısı alınmazsa, gələcəkdə avropalılar öz ölkələrində azlıq vəziyyətinə düşə bilərlər. Baxın, artıq bəzi Avropa ölkələrində istər ərəb, istər türk və digər müsəlman xalqlar öz nümayəndələrini yerli özünü idarəetmə qurumlarına və parlamentlərə seçə bilirlər. Almaniyada türklərin böyük kapitala nəzarət etdikləri məlumdur. Bütün bunlar Avropanı narahat etməyə bilməz. Buna görə də miqrantlarn gəldikləri ölkələrdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması miqrasiya probleminin həllində mühüm rol oynaya bilər. Digər tərəfdən, sözügedən ölkələrdəki ağır sosial-iqtisadi vəziyyət Taliban və Əl-Qaidə kimi təşkilatların güclənməsində də mühüm rol oynayır. Belə ki, narazıların heç də hamısı Avropaya üz tutmur. Sözügedən ölkələrdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması mövcud totalitar və yarı-totalitar rejimlərlə mümkün deyil. Yəni klassik təbirlə desək, aşağılar artıq əvvəlki kimi idarə olunmaq istəmirdilər, yuxarılar da əvvəlki üsullarla idarə etmənin mümkünsüzlüyünü görürdülər, ədalətsiz gəlir bölgüsü də bunun üstünə gələndən sonra inqilab deməzdim, amma iğtişaş qaçınılmaz olur. Bu, belə davam edə bilməzdi. Qərbdə bunu artıq dərk edirlər. Bu gün devrilmiş və devrilməkdə olan rejimlərin hamısı bir vaxtlar qərb tərəfindən kommunist təhlükəsinin qarşısının alınması üçün dəstəklənmiş və mövqeləri möhkəmləndirilmişdir. Sözügedən rejimlərin son istifadə tarixi artıq keçmişdir.

Gələk sualınızın əsas hissəsinə, yəni Türkiyə ilə bağlı məsələyə. Türkiyə NATO üzvü olan ölkədir, ABŞ-ın müttəfiqidir. Aİ üzvlük yolunda əzmlə irəliləyən bir ölkədir Türkiyə. Qərb demokratiyasının və liberal iqtisadiyyat anlayışının müsəlman şərqində ən uğurlu tətbiq edildiyi ölkə Türkiyədir. Hazırda Türkiyədə iqtidarda olan AK Partiyasını idarə edənlər dindar müsəlmanlardır. AK Partiyası kifayət qədər möhkəm ictimai dəstəyə malikdir və bu gedişlə hələ uzun müddət iqtidarda öz mövqeyini qoruya biləcək.

Sözügedən ərəb ölkələrində din ictimaiyyətin həyatında əsas və həlledici faktorlardan biridir. İstəsək də, istəməsək də, xoşlasaq da, xoşlamasaq da bu belədir. Bu səbəbdən də Türkiyə totalitar rejimlərin devrildiyi ərəb ölkələri üçün model rolunu oynaya bilər. Yəni əhalisi müsəlman olan ərəb ölkələrində qərbvari demokratiya və liberal iqtisadiyyatın tətbiqi üçün Türkiyə əsl nümunədir. Məncə, bu, gələcəkdə Türkiyənin sözügedən ölkələrdə mövqeyinin və nüfuzunun möhkəmlənməsində mühüm rol oynayacaq.

 - Sizə elə gəlmirmi ki, ərəb dünyasında baş verən son dəyişikliklər Türkiyənin son illər ərəb dünyasında artmaqda olan nüfuzunun qarşısının alınmasına hesablanıb?

- Xeyr, mən belə düşünmürəm. Tam əksini demək daha yerinə düşərdi. Bunu yuxarıda qeyd etmişəm. Ərəb dünyasında İran və ya əl-Qaidənin nüfuzunun artmasındansa Türkiyənin nüfuzunun artması qərb üçün daha əlverişli və məqsədəuyğun olardı.

- Amerikanın ən çox hakimiyyət dəyişikliyi istədiyi ölkələrdən biri də İran İslam Respublikasıdır. İranda hansısa siyasi dəyişiklik baş verəcəyi təqdirdə necə ki, 2003-cü ildə İraqda Səddam rejiminin dəyişdirilməsində ən çox qazanan kürdlər olduğu kimi, bu dəfə isə Azərbaycan türklərinin qazanma ehtimalı nə qədər reallığa yaxındır?

- İranda əgər sizin dediyiniz kimi, hər hansı bir siyasi dəyişiklik baş versə, Azərbaycan türklərinin bundan qazanma ehtimalının az olması açığı məni çox qorxudur. İran belə bir siyasi dəyişikliyə uğrasa, bundan da kürdlərin daha çox faydalanacağı ehtimalı böyükdür. çünki İran Türkiyə, İraq və Suriya ilə birlikdə kürdlərin ən çox məskun olduqları bir ölkədir. Məlum olduğu kimi, kürdlər İranın şimal-qərb hissəsində məskundurlar. İkinci dünya müharibəsindən sonra Pişəvərinin liderliyində cənubi Azərbaycanda milli hökumət qurulduğu vaxt İran kürdləri də Mahabad cümhuriyyətini elan etmişdilər. Həmin vaxt molla Mustafa Barzani ilə (indi İraq kürdlərinin lideri olan Məsud Barzaninin atası) Pişəvəri hökuməti arasında ərazi mübahisələri meydana gəlmişdi. Yəni İran kürdləri bəzi Azərbaycan torpaqlarına iddia edirdilər. Bu gün İrandakı sosial-iqtisadi proseslər nəticəsində Urmiyə, Səlmas, Xoy kimi Azərbaycan şəhərlərində kürdlərin sayı Azərbaycan türklərinin sayı ilə eyniləşmiş, bəzi hallarda artmışdır. Bu səbəbdən də milli kürd dövlətinin qurulması əzmində olanlar sözügedən şəhərləri hələlik xəyallarda qurduqları Kürdüstanın ərazisi hesab edirlər. Bu, gələcəkdə ciddi problemə çevrilə bilər.

Biz bu problemi artıq bir dəfə yaşadıq. Yəni Ermənistan respublikası quruldu, lakin ermənilərin hamısı bu ölkədə yaşamadılar. Qarabağda yaşayanlar daha sonra "öz müqəddəratını həll etmək" iddiası ilə çıxış etdilər. Əgər vaxtında onlar öz respublikalarına köçürülsəydilər, gedib orada istədikləri qədər öz müqəddəratlarını həll edərdilər, indi başımıza bəla olmazdılar. Mustafa Kamal Atatürk vaxtilə uzaqgörən siyasət yeritdi, yunanlarla yaşanan "Etablis" problemini əhali mübadiləsi ilə həll etdi. Yəni Türkiyədəki yunanlar Yunanıstana köçürüldü, Qərbi Frakiyadakı (Batı Trakya) türklər onların yeninə Türkiyə ərazisinə köçürüldü. Bununla da gələcəkdə ehtimal olunan yunan separatizminin qarşısı alındı. çox təəssüf ki, biz bunu Qarabağ ermənilərinə etmədik. İstəsəydik də edə bilməzdik, çünki həmin vaxt SSRİ-nin tərkib hissəsində idik. Əgər İran parçalansa, bundan ən çox zərər görən dövlətlərdən biri də Türkiyə olacaq. İran və İraq kürdlərinin öz istiqlaliyyətlərini qazanmalarından sonra Türkiyədəki kürdlərin öz soydaşlarına qoşulmasının qarşısının alınması xeyli çətinləşəcək. İran kürdlərinin cənubi Azərbaycan torpaqlarına iddia edəcəkləri xeyli yaxın və real bir ehtimaldır.

Buna görə də istər Türkiyə, istərsə də Azərbaycan İranın parçalanma ehtimalına hazırlıqlı olmalıdırlar. Bu ehtimalı öz lehimizə necə çevirə bilərik, ən azından bunun bizə zərərsiz ötüşməsi üçün nələr edə bilərik, bunların üzərində düşünmək lazımdır. Doğrusu, mən qərbin İranın parçalanmasını elə də çox arzuladığını güman etmirəm. Ehtimal ki, onlar İrandakı mövcud rejimdən qurtulmaq və İranın ərazi bütövlüyünü qorumaq üzərində daha çox dayanacaqlar. çünki cənubi Azərbaycanda milli hökumət qurulsa, Ermənistan faktiki mühasirə vəziyyətinə düşəcək. Ermənilər əslində bədbəxt millətdi, çünki onlar türk gölü içində kiçik bir adadırlar. üç tərəfindən türklər, bir tərəfindən isə Azərbaycan və Türkiyə ilə xeyli isti münasibətləri olan Gürcüstanla əhatə olunmuş Ermənistan əgər cənubunda üçüncü bir türk dövləti peyda olsa, düşünün nə vəziyyətə düşər? Buna görə də güman etmirəm ki, qərb Ermənistanın belə çıxılmaz vəziyyətə düşməsinə göz yumsun. Lakin hər şey qərbin və ya Rusiyanın istədiyi kimi olacaq deyə bir qayda yoxdur. Burada hərbi güclə yanaşı, hətta mən deyərdim hərbi gücdən də daha artıq, diplomatik gücə sahib olmalısınız. Vizyonu, dünya görüşü, təxəyyül gücü və iradəsi polad kimi möhkəm diplomatlara, siyasi xadimlərə sahib olmalısınız ki, beynəlxalq siyasi bazarlıqlarda uda biləsiniz. ümid edirəm ki, müstəqillik dövrümüzdə ali məktəblərimiz bu cür keyfiyyətlərə malik gənc diplomatlar yetişdirə biliblər. Geostrateji və geosiyasi maraqlarımızın təmini üçün bu çox vacib amildir.

- ümumiyyətlə, bölgəsəl dəyişikliklər Güney Azərbaycan türklərinin siyasi-ictimai aktivliyinə təsir edəcəkmi?

- Səttarxanın məşhur bir sözü var: "Azərbaycan bir daş qazandır ki, gec qızar, amma gec də soyuyar". Qonşuda yanğın varsa, bunun sizə təsirsiz ötüşməsi mümkün deyil. Orta əsrlərdən sonrakı dövrdə Avropada kağız istehsalının artması və mətbəənin icadı maariflənmənin yayılmasına, bu da öz növbəsində reformizmin meydana gəlməsinə təsir etmişdi. Bu gün internet vasitəsilə dünyanın bir başından o biri başına istənilən xəbəri bir anda ötürmək olur. Son 50 ildə bütün sosial-iqtisadi çətinliklərə baxmayaraq, müsəlman şərqində maariflənmə artmışdır. Son 10-15 ildə informasiya texnologiyalarından sözügedən bölgədə istifadənin artması, xüsusilə, gənclər arasında siyasi maariflənmənin və azad düşüncənin yayılmasında mühüm rol oynamışdır. Bu, az və ya çox dərəcədə Güney Azərbaycan türklərinin də siyasi-ictimai aktivliyinə təsir edəcək. Lakin unutmamaq lazımdır ki, Cənubi Azərbaycanda din faktoru, özəlliklə məzhəb faktoru mühüm rol oynamaqdadır. İranda heç bir milli bağı olmayan farslarla türkləri bir-birinə məzhəb faktoru sıx şəkildə bağlayır. Buna "dışarıdakılar"ın potensial düşmən obrazında İran ictimaiyyətinə təqdim olunmasını da əlavə etsək, mənzərə tam aydın olar. Lakin vaxt öz işini görür. Bu gün dünya şöhrətli İran ziyalıları arasında xeyli sayıda Azərbaycan türkü var. Güney Azərbaycan türklərinin milli dövlətçilik ənənələrinin bərpası üçün heç bir iş görməyəcəklərini düşünmək sadəlövhlük olardı.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az