Zahid Oruc
Yox, biz təkamül nəzəriyyəsinin banisindən və onun təcrübə dovşanlarından danışmayacağıq. Məqsədimiz siyasətdə “bantikli oğlanlara” çevrilmiş ReAl-çılarla virtual polemikanı davam etdirməkdir. Amerika hüquq intibahnaməsini və siyasi maarifçilik ideyalarını yaymağa iddialı olanlar üç dili öyrənsələr da adam dilini mənimsəməyiblər. Lakin bu haqda bir az sonra.
Böyük yazarımız Cəfər Cabbarlı öz siyasi dövrünün sürətlə dəyişən reallıqlarını görüb Balaş obrazını yaradanda ədəbi fəhmi ilə dərk edirdi ki, kimə bənzəmək sualı Azərbaycan
cəmiyyətində həmişə aktuallıq kəsb edəcək. Atasını mədəni göstərmək üçün “dil kursu”ndan repetitorluq edən, qoca kişinin nimdaş əbası üstündən ona ölü paltarı geyindirənlər əsərin və elə həyatının da sonunda dünəninə, milli varlığına həqarətin acısını yaşamalı olurlar.
Yazıçının başqa bir ədəbi və əbədi qəhrəmanı Elxan isə “cırın bu divarlar üzərindən örtükləri, qoyun necə var elə də görünsün” deyərək, yabançı zahiri kimliklərə, saxta təqdimatlara üsyan edirdi. Bu, müasirliyə və çağdaşlaşmaya qarşı çıxmaq yox, mənsub olduğu xalqın taleyini kənar dillərdə, dünyagörüşlərdə və həyat normalarında axtaranlara etiraz səsi idi.
Son dövrlər siyasi mühitimizdə yaşananlar və zooloji instinktlərin insani mahiyyətləri üstələməsi sübut edir ki, biz demokratiya defisitindən daha çox ədəb və ərkan qıtlığını yaşayırıq. İnsanların daxili aqresiyası Qarabağa və düşmənə deyil, fərqli fikir sahiblərinə yönəlib. Kor nifrət bəsirət gözlərini qapayıb.
İlqar Məmmədovun zorən mücahidə çevrilmək istəyi hakimiyyət tərəfindən qəbul olunmursa, bu qorxaqlıq adlanır? Deməli, əksi baş versə, onu azadlıqların boğulması hesab etməyəcəksiz?
Əslində “Balaş kompleksi” nümayiş etdirən bu adamın təfəkkür krizinə səbəb axtarılırkən bir çoxları bunu uğursuzluq sindromu ilə əlaqələndirirdi. Lakin bu günlərdə təkcə gələcəyin quruculuğuna deyil, keçmişə müxalifliyini də bəyan etməsi əsil səbəbləri ortaya qoydu. Sən demə, adamlar ata-babalarına nifrət etməkdə də azad imiş.
Siyasət foto sənəti deyil və hər bir fikrin müəyyən metaforalar və ya təhkiyələrlə ifadə olunması onun qanunudur. Söz şahmat kimidir və başladığın hər bir mülahizədə müxtəlif məntiqi kontruksiyalar qura bilərsən. Lakin adam başqasına fil demək üçün özünü hər cür adlara layiq görürsə, bu kompleksin adını tapmaq psixiatrların işidir. Sən demə, 1520-ci ildə mehtərlik-çobanlıq sənətində möhkəmlənən müasir ReAlçı mövsümi olaraq gen modifikasiyalarında qoruyub saxladığı irsin təsiri altına düşür. Necə deyərlər, keçmişi gələcəyini təqib edir. Ona görə də Aşıq Ələsgərə nifrət edir, Alıya və Tufarqanlı Abbasa tarixin qalığı kimi yanaşırlar. Yəqin muğamı da müsəlman həyatının faciə və mərsiyə janrı, tarı və kamanı isə ağlaşma instrumenti hesab edirsiniz.
Ədalətli quruluş arzulayan “ağ yaxalıqlı” oğlanlar untmasın ki, bolşeviklər bunu onlardan yaxşı bacarıblar. Lakin heç bir dünya korifeyi Üzeyirin, Xanın, Cabbarın inkarı üzərində qərar tuta bilməz. Millətini təmsil etməyə iddialı olanların içərisindən çıxdıqları dəyərlərə sayğı göstərməsi mütləq şərtdir. Yoxsa, hay-küylü ziyafət mərasimlərinin eyforiyasına uyub demokratiyanı bakalların təmin edəcəyinə aludə olacaqsınız.
Lakin burada bir fayda da vardır. Hər gün eşitdiyiniz pafoslu bəyanatların, azad düşüncəyə dair deklarasiyaların səmimilik dərəcəsini də hər kəs yoxlaya bilir. Başqasının mövqeyini mikroskop altında təhlil edənlər qurmaq istədikləri cəmiyyətin anonsu verirlər. Budurmu alternativ respublikanız?! Fransız aristokratiyasına bənzəməyə çalışan “ağ bantikli” oğlanların dili niyə belə zəhərdir? Monteskyodan, Tokvilldən, Hobsdan sitat gətirənlərin adi həyatdakı feodal davranışı nə ilə bağlıdır? Başqa rənglərə hüquq tanımırsızsa, nə əsasla dekabristlər kimi inqilabın önünə çıxmağa cəhd edirsiniz? Boz rəngdən başqasını görməyənlər həmişə nəzərə alır ki, sonda qara rəng qalib gəlir. Məşhur sovet filminin qəhrəmanının diliylə söyləsək, biz sizin hökumətdə yaşamaq istəmirik! Bir ovuc beyniniz var, onu da qoymusuz face-ə. Yeyib-içməyinizdən tutmuş oturub-durduğunuza qədər hamısını evinizin divarından asarkən nəzərə alın ki, sizi öyrənən beyin mərkəzlərinə əlavə psixoloji testlərə ehtiyac qalmır. Virtual şəbəkələr düşüncələrin diaqnoz aparatıdır. Adi kəşfiyyatçı belə, qurduğu əməliyyat zamanı izini azdıran sxemlərdən istifadə edir.
Əlbəttə, etiraf edim ki, bu leksikonda danışmağı arzulamırdım. Amma görəndə ki, “üzr istə” tələbindən bir həftəlik yem düzəltdiniz, onda, yeni məntiqi tələlər yaratmaqla növbəti ayınız və ilinizin də qrafikinə xeyli töhfələr verə bilərik. Bu minvalla da dayandığınız deyingən və şikayətçi məqamdan təqaüdə çıxacaqsız. Tarix darvinşünaslığı ifşa etdi, lakin təbiətdəki
qanunauyğunluqları dəyişmədi. Allahın bəndələrini təhqir edərkən nəzərə alın ki, canlı varlığı şüurlu insana içindəki şeytanı öldürməsi çevirdi.
Və sonda. Mənə çox-çox hörmətini izhar edən başqa bir silahdaşınız üzünü Yaradana tutub “itin olum, Allah” deyə təvəqqe edirsə, Bulqakova rəhmət oxumaya bilmirsən. Görünür, “ürək əməliyyatı” keçirən yazıçı “it-pişikli profillərin” nə ilə sonuclanacağını yüz il əvvəlcədən bilirmiş.