"Yazı 4 sənəd əsasında hazırlanıb"
“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib.
Vətəninfo.az məlumat verir ki, V. Mahirqızı bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb: “Ancaq təəssüf edirəm ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir".
V. Mahirqızı deyib ki, APA fəaliyyəti dövründə heç vaxt fakta əsaslanmayan yazı hazırlamayıb: "Bu dəfə də istisna deyil. Biz bir daha sübut etdik ki, fakt, sənəd olmadan yazı yazmırıq".
Keçirilən tədbirdə Vətəninfo.az İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlıda çıxış edib. Baş redaktor bildirib ki, NED-in Azərbaycana ayırdığı vəsaitlərin kimlərə verilməsinin bilinməməsinin əsas səbəblərindən biri NED-in lahiyələrində iştirak edən QHT-in aldıqları vəsaiti Gürcüstan Respublikasında erməni xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən təşkilatların bank hesablarından istifadə etmələridir. "Bu QHT-lər Azərbaycanda vergidən yayınmaq və NED-in qarşısında götürdükləri öhtəliklərin gizlin qalması üçün məhz qonuşu ölkədə erməni xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən QHT-in bank hesablarından istifadə edirlər. Bu səbəbdən də NED-in Azərbaycanda kimə nə qədər vəsait verdiyi haqqında məlumatlar təşkilatın saytında göstərilmir. Adamlar necə desinlər ki, biz Azərbaycanda insan haqlarını bəhanə edərək siyasi və sosial sabitliyi pozmaq üçün bu QHT-rə vəsait veririk".



