"Erkən seçki çıxış yolu deyil, mütləq koalisiya qurulmalıdır”

"Erkən seçki çıxış yolu deyil, mütləq koalisiya qurulmalıdır”

Ölkədə seçki sonrası qeyri-müəyyənlik davam edir. Türkiyədə 7 iyun parlament seçkilərindən sonra siyasi mühitdəki taym-aut, daha doğrusu, qeyri-müəyyənlik davam edir. Bu da son seçkilərin nəticələrinin yaratdığı situasiya ilə - növbəti hökuməti formalaşdırmaq yolunda yaranmış problemlə bağlıdır.

Konstitusiyaya uyğun olaraq indiki baş nazir Əhməd Davudoğlu artıq istefa verib. Prezident Rəcəb Tayyib Ərdoğan onu qəbul edərək baş nazir postunda fəaliyyətinə görə minnətdarlıq edib və yeni hökumət formalaşanadək hökumətə başçılıq etməyi ondan xahiş edib. Seçkilərdə ən çox səs toplayan partiya - AKP yeni hökuməti 45 gün ərzində qurmalıdır.
Prezident eyni zamanda yeni hökumətin formalaşması ilə bağlı siyasi qüvvələrə müraciət edib. O, seçkidən sonra yeni  proseslərin başladığını və sabitliyin qorunması üçün siyasi partiyaların həssaslıq göstərməli olduğunu bildirib.
“Seçkilərdə iştirakçı sayının çoxluğu əziz millətimizin iradəsinin sandıqda öz əksini tapması və demokratiya məsələsində qərarlılığının ifadəsidir. Nəticənin heç bir partiyaya təkbaşına iqtidar olmaq imkanı vermədiyi bir durumda yarışa qatılan bütün partiyaların bunu sağlam və real dəyərləndirmə kimi qəbul edəcəklərinə inanıram”.
Ərdoğan həmçinin barajı keçmiş partiyaları koalisiyalı hökumət məsələsinə heç bir şərt irəli sürmədən qatılmağa çağırıb. Dünən isə o, CHP-nin sabiq lideri, millət vəkili seçilən Dəniz Baykalla görüşüb.
Dəniz Baykal jurnalistlərə açıqlamasında görüşlə bağlı deyib: “Görüşdə parlamentin gələcək işləri barədə müzakirə apardıq. Parlamentə müvəqqəti sədrlik edəcəyəm. Görüş zamanı koalisiya barədə danışıqlar olmadı. Çünki bu məsələ partiya sədrlərinin səlahiyyətinə aiddir. Hər ikimiz ölkədəki qeyri-müəyyənlik dövrünün qısa zamanda sona çatması barədə həmfikir olduğumuzu bildirdik. Ərdoğanın hər cür koalisiyaya açıq olduğunu sezdim. Müxalifətin koalisiyasına da müsbət yanaşır. Əgər partiyalar arasında siyasi razılıq əldə olunarsa, koalisiyaya qarşı çıxmayacaq. Erkən seçki çıxış yolu deyil, mütləq koalisiya qurulmalıdır”. Baykal az sonra CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.
Qeyd edək ki, uzun müddət CHP başqanı olan Dəniz Baykal gizli kaset qalmaqalı ilə sədr postundan istefa vermişdi.
Yeni hökumətin qurulması prosesi millət vəkillərinin andiçmə mərasimindən sonra baş tutmalıdır. Deputatlar Türkiyə Böyük Millət Məclisində (TBMM) qeydiyyatdan keçəcəklər. Andiçmə mərasimi cümə günü - iyunun 12-i, saat 15:00-da reallaşacaq.

musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az