Aydın Hüseynov: «O görə də orada həmişə hərc mərclik, parçalanmalar olacaq»
İctimai Palatada əvvəlcə Yadigar Sadıqov, daha sonra isə Ərəstun Oruclu istefa veriblər. Ə. Oruclu istefa səbəblərini bloqnda yazdığı açıqlamada belə izah edib: «Təəssüf ki, İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilib. O özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi».
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü Aydın Hüseynov diqqətə çatdırdı ki, bütün bunlar onun bu qurum haqqında dediklərinin təsdiqidir: «Şəxsi maraqların, ambisiyaların hər şeydən üstün tutulduğu yerdə heç vaxt birlik ola bilməz. Mən əvvəllər də demişdim ki, İctimai Palata adlanan qurum milli birliyə əsaslanmır və buna görə də orada həmişə hərc mərclik, parçalanmalar olacaq». Onun sözlərinə görə, İctimai Palata təmsilçiləri həmişə birlikdən danışslar da, özləri isə bunun əksini nümayiş etdiriblər: «İctimai Palata baş verən son hadisələr, istefalar da əvvəldən proqnozlaşdırdığımız kimi, mənafe toqquşmasından irəli gəlir. Yadınızdadırsa müxalif qüvvələr hakimiyyəti dialoqa getməməkdə, ümummilli maraqlarda birlik nümayiş etdirməməkdə günahlandırırdılar. Amma hakim partiya dəfələrlə bəyan edib və göstərib ki, həmişə birlik tərəfdarıdır. İdi isə baxın, YAP-ı qınaq obyektinə çevirməyə çalışan və birliyi əllərində əsas tutan 3-5 nəfər özləri bir araya gələ bilmirlər. Hansı milli siyasi ideologiya bunlarda fikir ayrılığı yaradıb ki, bir birlərinə müxtəlif səpkili ittihamlar səsləndirirlər? Əlbətə heç bir ideologiyadan söhbət getmir. Problem ambisiyaların toqquşmasıdır ki, bu toqquşmalar yenə də davam edəcək. İctimai Palatada bundan sonra da parçalanmalr, istefalar davam edəcək».