"Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Naxçıvanın müdafiəsində və qorunub saxlanılmasında müstəsna xidmətləri olub".
Bu sözləri Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə rəhbəri, tanınmış jurnalist Sərdar Ünsal 90-cı illərdə Naxçıvanın müdafiəsi ilə bağlı fikirlərini şərh edərkən söylədi: "90-cı illərin əvvəllərində Azərbaycanın ən çətin dövrləri idi. Qarabağda vəziyyətin gərginləşməsi Naxçıvanın sosial-iqtisadi həyatına mənfi təsir göstərirdi. Üstəlik, Naxçıvanın ələ keçirilməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez hücumlar olurdu. O zaman Naxçıvan Ali Məclisinin sədri, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanın qorunub saxlanılması üçün əlindən gələni edirdi və bütün imkanlar səfərbər olunmuşdu.
Onu da qeyd edək ki, Naxçıvanın bu vəziyyəti bizi narahat etməyə bilməzdi. Naxçıvanın müdafiəsi İğdır üçün də xüsusi əhəmiyyət daşıyırdı. Xüsusilə, onu vurğulayım ki, Kəmaləddin Heydərov İğdıra tez-tez bu işlərlə bağlı gəlib-gedərdi və rəhmətlik qardaşım Yavər Ünsalla yaxın münasibətləri vardı. Qardaşım o zamanlar Milliyyətçi Hərəkat Partiyasının İğdır üzrə başqanı vəzifəsini icra edirdi. O, bölgədə kifayət qədər tanınmış insanlardan sayılırdı. Naxçıvanın təhlükəsizliyi onu da narahat edirdi və nəsə etməyə çalışırdı. Bu məsələ ətrafında hər gün müzakirələr gedirdi. Bəlkə də bu fakt mətbuatda getməyib, ilk dəfə olaraq deyəcəyəm. Tam səmimi olaraq demək istəyirəm ki, o zaman Kəmaləddin Heydərov Naxçıvandan pambıq və s. məhsullarını İğdıra gətirib, bu məhsulların satışından əldə olunan pula ruslardan silah alıb, Naxçıvanın müdafiəsinə göndərirdi və bu işdə çox fəallıq göstərirdi. Özü də ermənilərə qarşı döyüşürdü və qardaşım bu işlərin içində olduğu üçün Kəmaləddin Heydərovun fəaliyyətləri haqda çox şeylər danışardı. Bu haqda çox danışmaq olar. Yəni bu gün Naxçıvan bizim üçün özəldir. Hesab edirəm ki, bu bölgənin güclənməsi İğdırın güclənməsi deməkdir".
Elnur Eltürk