Atilla Qaya : “Türk zabitinin gözü qarşısında onun bayrağını təhqir edənin cəzası başqa cür ola bilməzdi”
Qardaş Türkiyənin həm iç, həm də xarici siyasətində bir gərginlik yaşanmaqdadır. PKK-nın həm cənub-şərq vilayətlərində, həm də böyük şəhərlərdə Türkiyə silahlı qüvvələrinə, eləcə də dinc əhaliyə qarşı terror aksiyalarının ardı-arası kəsilmir. Digər tərəfdən, Suriya ilə bağlı məsələlər də Türkiyə gündəmini yükləməkdədir. ABŞ silahlı qüvvələrinin baş komandanı hazırda Ankaradadır. Bir sıra müşahidəçilər iddia edirlər ki, dünya gücləri Türkiyəni Suriyaya hərbi müdaxiləyə təhrik etmək prosesini yekunlaşdırmaqdadırlar.
Bu məsələlərlə bağlı Türkiyənin tanınmış siyasət adamı, millət vəkili Atilla Qayaya telefon açdıq, suallar verdik.
Atilla Qaya: - Doğrudan da Türkiyə son illərin ən gərgin dönəmini yaşamaqdadır. Ölkə az qala hər gün gözlərini şəhid xəbərləri ilə açır. Durumun gərginliyi artıq toplum həyatının bütün sahələrinə yayılmaqdadır. Vətəndaş artıq nə özünü, nə də onu müdafiə edən silahlı qüvvələrin təmsilçilərini güvəndə hiss eləmir. Bu, çox təhlükəli bir amildir. Təbii, baş verənlərlə bağlı həm siyasi, həm də hüququ məsuliyyət hakimiyyətin üzərinə düşür. Çünki gün kimi aydındır ki, Türkiyədə separatizm meyllərinin güclənməsinə birmənalı olaraq indiki hakimiyyət bu qüvvələrə qarşı sərt olmayan münasibət sərgiləməklə yol açıb. Qanunsuz silahlı dəstələrlə heç gərək olmadığı yerdə hüquq deyil, siyasət dili ilə danışılıb. Təmsil etdiyim Milliyyətçi Hərəkat Partiyası rəsmi Ankaranın bu siyasətinin yanlış olduğunu ilk başdan söyləmişdi. Çox təəssüf, bizim ölkədə durumun gərginləşəcəyi haqqında, silahlı insidentlərinin sayının artacağı və Türkiyənin təhlükəsizliyinin ciddi şəkildə sarsılacağı haqqında proqnozlarımız özünü doğrultdu. Hökumətin bu siyasəti davam edərsə, ciddi itkilərimizin sayı çox ola bilər.
- Rəsmi Ankaranın Suriyaya yönəlik siyasəti ciddi bir gərginlik ocağı yetişdirməkdədir. Artıq bir müddətdir siyasi analitiklər Türkiyənin Suriyaya girə biləcəyi ehtimallarını səsləndirməkdədirlər. İki ölkə arasında gərginliyin müharibəyə səbəb olacağı gözləniləndirmi?
- Suriyada uzun illərdir xalqına zülm edən BƏƏS rejimi hökm sürməkdədir. Xalqın demokratikləşmə və islahat tələblərinə Əsəd hökuməti il yarımdır silahla cavab verir. Bizim Suriya ilə 900 kilometrə yaxın sərhədimiz var. Bu ölkə ilə gərginlik ilk sırada Türkiyə iqtisadiyyatına ciddi ziyan vurub və vurmaqda davam edir. Sərhəddə Suriyadan məcburən köçən 90 mindən artıq insan var. Türkiyə hökuməti onların yerləşdirilməsinə 200 milyon dollardan çox vəsait xərcləyib. Söhbət Qərb üçün enerji qaynaqları ilə zəngin önəmli bir coğrafiyadan gedir. Bu coğrafiyada kürd dövlət yaradılması ideyası bir neçə ildir dünyanın siyasi gündəmindən düşmür. Ancaq Türkiyə hökuməti dövlət maraqlarını reallığa uyğunlaşdırmaq əvəzinə, Osmanlı dönəmində tarixi ərazilərimiz olan torpaqlara yenidən hökmranlıq etmək kimi absurd iddialara qurban verir. Rəsmilərin il yarımdır davam edən “bu gün-sabah Əsəd gedir” qəbildən açıqlamaları Əsəd rejimində ciddi qıcıq yaradır. Təbii, Əsəd getməlidir. Ancaq bu qərar Suriya xalqının qərarıdır. Rəsmi Ankara bəyanatlarını davam etdirməklə, iki ölkə arasında gərginliyi ciddi bir nöqtəyə gətirib. Türkiyə hökumətinin bu məsələdəki xarici siyasəti artıq iflas edib. Ancaq çox təəssüf, hökumət ictimaiyyətin bu haqda narahatlıqlarına məhəl qoymadan Türkiyə dövlətinin təməlini sarsıdacaq nəticələrə yol açmaqdadır. Ona görə də Türkiyə vətəndaşları hökumətə ölkənin təhlükəsizliyinin təmin edilməsilə bağlı ciddi tələblər irəli sürməlidirlər.
- Daha bir məsələ ilə bağlı MHP-nin mövqeyini bilmək maraqlıdır. Artıq bir neçə həftədir erməni diaspor təşkilatlarının üzvləri Ramil Səfərovun Azərbaycana ekstradisiyasına etiraz aksiyaları keçirir. Son günlər belə bir aksiyanı Tehranda yaşayan ermənilər də keçirdilər. İstanbulda da, kiçik çapda da olsa, bu cür etiraz aksiyası oldu. Türkiyədə xeyli sayda erməninin yaşadığı bəllidir. Siz bu etiraz dalğasının genişlənəcəyini ehtimal edirsinizmi?
- İlk sırada onu deyim ki, MHP Ramil Səfərovun Azərbaycana gətirilməsini ədalətin bərpası kimi dəyərləndirir. Ramil qəhrəmandır. Bayraq bizim namusumuzdur. Türk zabitinin gözü qarşısında onun bayrağını təhqir edənin cəzası başqa cür ola bilməzdi. Bu olay digər məqamları da ortaya çıxardı. Məsələn, növbəti dəfə Qərbin bir sıra məsələlərə ikili standartlarla yanaşmasının şahidi olduq. Türkiyədəki ermənilərin keçirdikləri aksiyaların genişlənməsi ehtimalına gəlincə, bunu düşünmürəm. Çünki Türkiyə erməni millətçiliyinin iç üzünü çox yaxşı bilir. Tarix boyu ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımları, terror aksiyalarını, məkrli siyasəti xalqın yaddaşından silmək mümkün deyil.
Aygün Muradxanlı
“Müsavat.com”