Ramiz Zeynalov Aslan İsmayılovu çökdürdü

Ramiz Zeynalov Aslan İsmayılovu çökdürdü

Ramiz Zeynalovun müsahibəsində Aslan İsmayılov barədə söylədikləri qalmaqal yaradıb…

Tanınmış hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Ramiz Zeynalovun ABU-nun keçmiş rektoru Elşad Abdullayevin son məlum açıqlamaları ilə bağlı  verdiyi müsahibəsi qalmaqal yaradıb. Vəkil müsahibəsində həmkarı Aslan İsmayılovu siyasi hakimiyyəti dəyişməyə çalışmaqda, Prezidentin istefasını tələb etməkdə, Elşad Abdullayevə dəstək verməkdə ittiham etmişdi... O bildirmişdi ki, hüquqşünas siyasətlə məşğul olmalı deyil. Buna görə də Aslan İsmayilovun Vəkillər Kollegiyasında qalmağına narazılığını ifadə etmişdi. Həmçinin Ramiz Zeynalov həmkarını dövlət çevrilişinə dəstəkdə təqsirləndirmişdi və s. Vəkil Ramiz Zeynalovun “Təzadlar"a müsahibəsindəki bu ittihamlarla bağlı “Azadlıq" qəzetinə danışan Aslan İsmayılovun da peşə yoldaşına cavabı sərt olub:

Maraqlıdı Ramiz Zeynalov  həmkarı Aslan İsmayılov haqqında nə deyib?

"Təzadlar"a tanınmış vəkilin verdiyi müsahibəni olduğu kimi sizə təqdim edirik.

Qeyd edək ki, mübahiəsələrə və mülahizələrə yol açan müsahibənin müəllifi tanınmış vəkil Ramiz Zeynalov əvvəlcə həmkarı, tanınmış vəkil Aslan İsmayılovun onun barəsində söylədiyi fikirlərinə və ittihamlarına cavab verdi:

-30 yanvar 2013-cü ildə “Təzadlar" qəzetində dərc olunmuş müsahibəmin sonunda üstüörtülü şəkildə E.Abdllayevə öz populist çıxışları ilə dəstək verənlərin ünvanını göstərmiş, bu sırada  Aslan  İsmayılov barədə də fikir söyləmişdim. Qarşı tərəfin sanki ürəyi dolu imiş. Elə bil məqam gözləyirmiş və ürəyini açdı... Olsun! Mənim ona cavab verməyə nə vaxtım, nə də həvəsim var, işim başdan aşır, Aslan İsmayılov kimi bekar deyiləm ki, hərdən hələ bir siyasətlə də məşğul olmağa vaxt tapam... Amma bütün bunlarla yanaşı, onun bəzi fikirlərinə aydınlıq gətirməliyəm... Məsələ ondadır ki, 30 yanvarda dərc olunan müsahibəmə qarşı tərəfin cavabı ilə bağlı 3 səhifəlik cavab yazısı hazırlamışdım ki, “Təzadlar"a göndərəm... Düzü, hələ götür-qoy edirdim ki, Aslan İsmayılov və digərləri bu yazıya layiqdirlərmi? Və 1 fevral 2013-cü ildə həmişə olduğu kimi, müdafiəsi mənə həvalə olunmuş, Kürdəxanı istintaq təcridxanasında olan Arzu Kazımov və Hümbət Məmmədovla bağlı bəzi məsələləri orada müzakirə edəndən sonra təcridxananı tərk edib maşına əyləşdim. Bu vaxt  telefonuma zəng gəldi. Bir nəfər şəxs mənə A.İsmayılovun “Azadlıq" qəzetindəki müsahibəsini danışdı. Mən bundan sonra hazırladığım və dərcinə tərəddüd etdiyim həmin məqaləni götürüb redaksiyanıza gəldim və sizə təqdim edirəm.

Vəkil Ramiz Zeynalovun redaksiyamıza öz imzası ilə təsdiqləyərək təqdim etdiyi yazısını kiçik ixtisarla təqdim edirik:

-Bildirirəm ki, A.İsmayılovu tanıdığım bütün dövrlərdə onu yaraşmaz niyyətlərini həyata keçirən, müxtəlif cildə girməsi barədə çox şeyləri görmüşəm... Bunlar hər kəsə məlum haldır. Aslan İsmayılov müxtəlif vəzifəli şəxslərə qarşı həmişə qulluq göstərmək mövqeyində durmuş, ölkə Prezidentinin adından istifadə edərək istintaq və məhkəmə orqanlarına təsir etmiş, apardığı işləri  özünə sərf edən formada aparmışdır, istəyinə də nail olmuşdur. Aslan İsmayılovu 1989-cu ildən Sumqayıt hadisələri ilə bağlı SSRİ Prokurorluğu tərəfindən yaradılmış istintaq qrupunun qərargahında ilk dəfə görəndə onun nə adını, nə də soyadını bilmişəm. Elə oradaca istintaq qrupunun rəhbəri Vladimir Qalkin tərəfindən məlumatlandırıldım... Onun məlumatından bəlli oldu ki, A.İsmayılov ona müraciət edərək istintaq qrupunda işləmək arzusunda olduğunu və bununla əlaqədar Az. Prokurorluğuna onun istintaq qrupuna daxil olması xahişini etmişdir. Uzun müddət keçəndən sonra Bakı şəhər Məhkəməsində hakim Ənvər Nağıyevin sədrliyi ilə keçən məhkəmə prosesində Yaşar Verdiyev adlı şəxsin müdafiəsini mənimlə yanaşı, hazırda dünyasını dəyişmiş vəkil Həqiqət Hüseynova ilə birgə aparırdım, zərərçəkmişin nümayəndəsi qismində isə vəkil A.İsmayılov çıxış edirdi. O prosesdə də onun canfəşanlığına baxmayraq, Verdiyevə məhkəmədə bəraət verildi və məhkəmə zalından buraxıldı. A.İsmayılov bu vaxt hakimə hədə-qorxu gəldi və onu işdən qovduracağını bildirib məhkəmə zalını tərk etdi. Yəni, onun hay-küyçülüyü çoxdan başında qalıb.


A.İsmayılov və onun arxasında dayananlara bildirirəm ki, mən A.İsmayılovdan fərqli olaraq 20 ilə yaxındır peşəkar səviyyədə vəkillik fəaliyyəti ilə məşğulam... Və 90-cı illərdən başlayaraq Azərbaycanda və Azərbaycandan kənarda kifayət qədər tanınan adamların müdafiəsini istintaq və məhkəmə orqanlarında aparmışam, bu sahədə böyük uğurlar qazanan barmaqla sayılacaq  vəkillərdənəm. A.İsmayılova bəlli olsun deyə, elan edirəm ki, bir çox qanuni oğruların, o cümlədən rəhmətlik “Lotu" Bəxtiyarın və “Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin də müdafiəsini aparmışam. Qanuni oğruların böyük əksəriyyəti ilə istər onların işini aparanda, istərsə də sonralar dostluq münasibətində olmuşam, bu gün də həmin dostluq ikitərəfli qaydada davam edir... Bildiriəm ki, insana ad ata-anası tərəfindən verilir. Təxəllüs isə əksərən peşə fəaliyyəti ilə əlaqədar olur. Heç kəs  özü-özünə təxəllüs götürmür. O, bu imkandan məhrumdur. “Terrazini" təxəllüsünə gəlincə, ilk dəfə məni bu təxəllüslə Respublikanın o vaxtkı Baş Prokuroru İsmət Qayıbov və yaxın dostlarımız tərəfindən çağrılmışam. A.İsmayılov bunu həmin “Sprut" filmindəki Terrazininin mənfi obrazı kimi qələmə verəməyə çalışır... Bunu mənə düşündüyü kimi şamil edə bilməz. Bu günkü məqaləmdə də buna hərtərəfli aydınlıq gətirmişəm. Mən heç vaxt  A.İsmaylov kimi kiminsə qapısında boyun büküb dayanmamışam. Nə SSRİ vaxtında, nə də indi pula ehtiyacım olmayıb. Əksinə, mən həmişə Aslan kimilərə yardım əlimi uzatmışam və bunu Vəkillər Kollegiyasının hər bir üzvü bilir. Mən A.İsmayılovdan fərqli olaraq övladlarımı işə düzəltmək üçün kiminsə əlini də öpməmişəm...  Bu mənim tərbiyəmə və qüruruma yad məsələdir. O ki qaldı məhkumluğum məsələsinə, bildirirəm ki, mən iki dəfə cinayət məsuliyyətinə cəlb olunsam da, A.İsmayılovdan fərqli olaraq mənim müdafiəmə özümün də xəbərim olmadan 1995-96-cı illərdə Vəkillər Kollegiyasının 8 üzvü özləri müqavilə bağlayıb qoşulmuşdular... O vəkillər Azərbaycanda tanınmış vəkillərdir. Onlardan yalnız H.Hüseynova dünyasını dəyişib, qalanları sağdır, danışa bilərlər. O cinayət işi 1996-cı ilin 17 iyul tarixində əməlimdə cinayət tərkibi olmadığından xitam edilmiş, barəmdə seçilmiş həbsin ləğv olunması barədə qərarın hər iki nüsxəsinə isə öz əlimlə həbsin ləğv edilməsinin əleyhinə olmağımı yazmışam, işin istintaqının davam etdirilib məhkəməyə göndərilməsi tələbimi yazmışam... Azərbaycanın istintaq təcrübəsində bu halın analoqu yoxdur. Mən hesab edirəm ki, başda A.İsmayılov olmaqla, bunu heç kim edə bilməz. İkinci məhkumluğum isə 2010-cu ilin dekabrın 27-də törənmiş avtoqəzada heç bir təqsirim sübuta yetirilmədiyi halda, A.İsmayılovun himayəsində olduğu və adını çəkmək istəmədiyim bir iradəcə zəifin göstərişi ilə barəmdə saxta hökm çıxarılmış, sonra apellyasiya məhkəməsində mənə verilmiş ittihamların ikisi rədd edilmiş və təyin olunmuş cəzanın çəkilməsi məntəqə tipli müəssisədə davam etdirilməsi barədə hökm çıxarılmışdır. Həmin cəza da sonra cərimə ilə əvəz olunmuşdur... Məsəldir: hakimdən və həkimdən heç kim sığortalanmayıb, o cümlədən Aslan İsmayılov da. Mən əlbəttə, başıma gələnləri ona arzu etmirəm. Amma bilsin ki, bir gün o da sığortalanmadığı hakimin əlinə düşə bilər və onun əməlləri bunu indidən zəruri edir. Aslan unutmasın ki, onu da həbsxanada gözləyənlər var... Onda övladları ondan imtina edəcək ki, axı, bu populist çıxışların kimə lazım idi, əziz ata?


Ümumiyyətlə, son dövrlərdə müxtəlif  qəzetlərdə özünü cəmiyyətə saf ziyalı obrazında təqdim edən bir neçə şəxs stəkanda fırtına yaratmaq eşqinə düşüb. Onlar Elşad Abdullayev adlı bir "hüquqşünasın" uydurduğu arqumentlərə, yəni onun quraşdırdığı qondarma videomateriallara tez-tez istinad edərək ölkədə "vətəndaş müharibəsinin" yetişməsi tezisini kütlənin beyninə yeritmək istəyir. Elşad Abdullayev məlum kartdır. Onun ölkənin təhsil sisteminə vurduğu zərbə göz önündədir. Indi o, özünü cəmiyyətə qardaş axtarışında olan əzabkeş kimi təqdim edir. Ancaq faydası yoxdur... Elşad Abdullayevə züy tutan şəxslərdən biri də Aslan İsmayılovdur. Onun "Azadlıq" qəzetinin 22 yanvar 2013-cü il tarixli "Ölkədə Vətəndaş müharibəsi yetişir" adlı müsahibəsini oxudum. O, həmin rnüsahibəsində özünü təzyiqlərə məruz qalan şəxs kimi təqdim edir. Qardaş qatili olan şəxsin özü, ailəsi və ətrafi, yəni onu ölkəni qarışdırma taktika və starteqiyasina görə insani dəyərlərdən kənara çıxaraq media qurumlarında müdafiə edənlər aldıqları pul müqabilində müdafiəsini təşkil edənlər heç vaxt istədiklərinə nail ola bilməzlər. Taktika Elşad Abdullayevin taktikasına bənzəyir,  deyilmi? Təkrar edirəm, Elşad Abdullayev "açıq kartdır" onu təzədən açmağa o qədər də ehtiyac yoxdur. Ancaq Aslan İsmayılovun əsl kimliyi hələ bir az qaranlıqdır. Ölkədə neqativ hallar mövcuddur, problemlər var... Bunu kimsə dana bilməz. Ancaq ölkənin siyasi, iqtisadi, hüquq, təhsil və sairə sistemində aparılan mütərəqqi islahatları görməməzliyə vurmaq ən azından insafsızlıqdır... Aslan İsmayılov və onun fikirdaşları iddia edirlər ki, ölkədə baş verən "siyasi proseslər" hakimiyyəti siyasi iflasa doğru sürükləyir. Arqumentləri ölkədə baş verən və özlərinin bölgə və paytaxtda hazırladıqları məlum aksiyalardır.  Baş verənlər xoşagəlməzdir. Ancaq bunlar ölkədə baş verən müsbət hadisələrin müqabilində gözlə görünməsi mümkün olmayan faktlardır. Qeyd edilən şəxslərin, ancaq neqativ hallara istinad etrnəsi və müsbət qlobal hadisələrin üstündən sükutla keçməsi qorxulu tendensiyadır. Məni bir vətəndaş kimi bu hallar çox əndişələndirir və açıq şəkildə buna qarşı  olduğumu imkanım daxilində büruzə verirəm...

Aslan İsmayılov iddia edir ki, hakimiyyət ziyalıları məhv etmək istəyir. Onun iddiasına görə Rasim Balayevlə bağlı baş verən hadisələr sadəcə olaraq murdarlıqır. Nə baş verib? Rasim Balayev ərizə verib işlədiyi bir təşkilatdan çıxmasını bəyan edib və bu halın siyasiləşdirilməməsini siyasilərdən xahiş edib. İsmayılov iddia edir ki, onu bu addımı atmağa hakimiyyət məcbur edib. Sonra İsmayılov "filosofluğunu" bu şəkildə davam etdirir ki, "Rasim Balayevi ittiham edənlərin əksəriyyəti hakimiyyətin basqı maşınının gücünü bilmirlər. Mən bu "gücü" "Monitor" jurnalının Elmar Hüseynovla birlikdə təsisçisi olduğum zaman hiss etmişəm. Duruş gətirməyimin bir səbəbi də bu oldu ki, mənim o zaman vəzifədə bir nəfər də qohum-əqrabam yox idi. Bununla belə, mənim dayım oğlunu, bacımın ərini tutdular. Mənim yoxlanmaya məruz qalmayan həyatımın sahəsi olmadı, Prokurorluq, DİN, MTN, Vergilər Nazirliyi hamısı mənim yoxlanışıma cəlb olunmuşdu. Əminəm ki, Rasim Balayevlə bağlı təxminən belə olub".


İlk baxışda bu fikir maraqlı görünə bilər. Ancaq dərinə baş vurduqda bunun filosofluq yox, sofistika olması o dəqiqə özünü biruzə verir. Əvvala sual olunur ki, niyə sənin özünü yox, qohumlanı tutdular? Deməli, sən işlədiyin yerlərdə təmiz işləmisən, qohumların isə yox! Məntiq bunu deyir ki, təmiz adamı, sənin dilinlə desək, "hakimiyyətin güc maşını" heç cür əzə bilmir. Təmiz ol və təmiz mübarizə apar! Təmiz olmayan qohumlarını  müdafıə eləmə. Onda görüm "hakimiyyətin güc maşını" səni necə əzəcək. Sən də bilirsən ki, əzə bilməz. Bəs, səni o zaman necə əzdi? Bacının təmiz olmayan həyat yoldaşını sənin rəhbərliyin altında və sənə məxsus qrant kimi aldiğin tipoqrafiyada apardığı fəaliyyətindən əldə etdiyi gəliri gizlədərək vergi cinayətinə görə barəsində məhkəmə hökmü ilə təyin edilmiş cəzadan xilas etmək üçün hansı büyük dövlət məmurunun ayağına düşdüyün yadından çıxmayıb ki? Oxu atanda yayı gizlətmə!

Aslan İsmayılovun digər arqumenti budur ki, hansı ölkədə tənqid olunmayan şəxs varsa, o ölkə bədbəxtdir. Kimi nəzərdə tutub, məlumdur. Gecə- gündüz ölkə rəhbərliyi beş- altı nəfər Aslan kimi adamlar tərəfindən tənqid olunur. Kim onlara gözün üstdə qaşın var deyib? Heç kim? Xalqın gözü tərəzidir. Əgər çoxluq hakimiyyətin gördüyü işləri təqdir edirsə, bir ovuc azlıq niyə bunu qəbul etməməlidir? Niyə həmin çoxluğu öz havasına oynatmaq üçün qaşınmayan yerdən qan çıxartmalıdır?

Bu günkü iqtidar 2003-2012-ci illər ərzində gördüyü işlər göz qarşısındadır və sənin kimilərin bəbəyini dağıdır. Bu layihiyələr üzrə göz bəbəyinizi dağıdan işlər bir vaxtlar qulluq etdiyin və müsahibəndə gizlətməyə çalışdığın ölkə Prezidentinin Fərman və Sərəncamları əsasında və onun bilavasitə rəhbərliyi altında həyata keçirilir, bu fərman və sərəncamların icrası üzərində gündəlik nəzarəti isə yenə də bəyənmədiyin, iştirakçısı olduğun dövlət çevrilişinə hazırlığın  füqurantlarının sifarişi əsasında istefasını tələb etdiyin (etdiyiniz) Prezident Administrasiyasının  rəhbəri Ramiz Mehdiyev həyata keçirir. Bir məsələni də yaddaşında saxlamağı sənə məsləhət bilərdim. Bu layihələr üzrə 12 il ərzində görülən işlərin həcmi tarixmizin son 50-60 ilində görülən işlərdən həcmcə bir neçə dəfə böyükdür. Bu quruculuq işi istək və arzundan asılı olmayaraq hələ uzun müddət davam edəcəkdir. “Azdlıq"  qəzetində nə vaxtsa dərc etdirdiyin məqalələrdən birində anadan doğulduğun kəndə gedən maşın yolunun bərbad vəziyyətdə olduğunu və bunun günahını nəqliyyat naziri, uzun illər boyu hədəflərdən biri kimi seçdiyin Ziya Məmmədovda olduğunu bildirirdin. Ancaq çox böyük "ustalıqla" oxucuları aldatmaq ücün doğulduğun kəndin və ora aparan yolun Gürcüstanın yurisdiksiyasında olduğunu gizlətməkdə məqsədinin nədən ibarət olduğu məlumdur-gündəmdə qalmaq!


Görünür, yenə də deputat seçkilərinə hazirlaşırsan. Məqalələrinin digərində isə fiaskoya uğradığın əvvəlki deputat seçkisindəki məğlubiyyətini Amerikanın prezident seçkisinə bənzətməyin isə ümumiyyətlə, ağlasiğmaz bir məsələdir. Axi, sən bu xalqın qarşısında hansı xidmətlər yiyəsisən ki, seçicilər sənə görə məqaləndə güstərdiyin hərəkətlərə yol versin? Aslan İsmayılov, iddia edirsən ki, Gürcüstanda Elşad Abdullayevin videosuna bənzər hadisə baş verəndə Saakaşvili televizora çıxıb xalqdan üzr istədi. Niyə bizim ölkə başçısı belə bir addım atmır?


Aslan,  Gürcüstanda baş verən hadisənin mahiyyəti aydın idi. Orada həqiqətən də belə bir hadisə baş vermişdi. Əvvəla, Azərbaycanda video-material yayan Elşad Abdullayevin kimliyi yuxarıda qeyd etdiyim kimi xalqa yaxşı məlumdur. Haradan qazanıb o, bu milyonları? O, təmiz adamdırmi? Təmiz olmayan adam qardaşını özü öldürdüyü halda ölkə başçısının yaxın qohumlarının adını qəsdən guya onun qardaşının  oğurlanmasında bu və ya digər formada iştirakı barədə yalan məlumatlar yaymaqla onu təhdid edir. O, bu yolla cinayətin açıması üçün guya prezidenin iradəsinin tələb olundugunu bəyan etməklə, eyni zamanda, onunla Fransada olan  MTN-nin sabiq müstəntiqi Ramin Nagıyevin yaydığı məlumata görə Azərbaycan hökumətindən 500.000.000 manat korrupsiya və rüşvət yuvası olmuş universitetinin baglanması ilə əlaqədar iddia tələbi irəli sürür.


Harada, hansı ölkədə görünüb ki, qardaş qatili olan, təhsil sistemində korrupsiya piramidası yaradaraq milyonlarla pul əldə edən və ifşa edilərək, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ölkədə çevriliş hazırlayan ünsürlərlə cinayət əlaqəsinə girir? Sonra isə onların dəstəyi ilə ölkəni tərk edib saxta yolla, özünün qardaş qatili olduğunu gizlətmək üçün gizli çəkilişlər apararaq özündən alibi yaradan və bu faktlarla əlaqədar barəsində bir neçə cinayət işi ilə əlaqədar istintaq aparılan şəxs olan Elşad Abdullayev iqtidara müxalif olan partiya və onlara məxsus olan qəzet və saytlarda yerləşdirilən yazı və cəkilişləri yaymaqla müdafiəsini təmin edir?


Aslan İsmayılov, bu cinayət işi ilə əlaqədar nə Elşad Abdullayevi, nə də təqsirləndirilən və həbs olunan, nə də ki, iş üzrə zərərcəkənlərin müdafiəsi ona həvalə edilmədiyi halda, bu və ya  digər ona aid olmayan işlər barədə də mətbu orqanlarda çıxış edir. Burada məqsəd özünü təbliğ etməklə yanaşı, həm pula və gündəmdə qalmaqla bağlı olan ehtirası, ən əsası isə hazırlanan dövlət çevrilişindən faydalanmaq, əgər bu baş tutarsa, vəzifəyə gəlməkdən ibarətdir.


Bu isə mümkün olmayan məsələdir. Prezident yerində olan şəxsdir  və heç kim, heç bir qüvvə onun hakimiyyətinə hər hansı formada planlaşdırılmasından asılı olmayaraq qəsd edə bilməz. Ona görə bu işdə hər hansı formada iştirakı olan şəxslərə, o cümlədən hörmət bəsləmədiyim Aslan İsmayılova da məsləhətim budur ki, fəaliyyətləri barədə müvafiq orqanlara məlumat verməklə, bu işdən çəkinsinlər.


Hüquq elmindən başı çıxmayanlara aydın olsun deyə, göstərirəm ki, dövlət çevrilişi ilə əlaqədar cinayət məsuliyyəti ona hazırlıq mərhələsindən əmələ gəlir. Ona görə də bu barədə rnüvafiq orqana məlumat verməklə cinayət məsuliyyətindən  hər bir kəs, o cümlədən Aslan İsmayılov da azad oluna bilər.



Sonda onu demək istəyirəm ki, ölkədə baş verən neqativ hallar həqiqətən var və onların aradan qaldırılması uğrunda mübarizə aparmaq zəruridir və bu mübarizəni təmiz adamlar təmiz üsulla aparmalıdırlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az