Rikkardo Milyori və Joao Soareşin Azərbaycana səfərləri gözlənilir

Rikkardo Milyori və  Joao Soareşin Azərbaycana səfərləri gözlənilir

“ATƏT Parlament Assambleyasının sonuncu payız sessiyasında Milli Məclisin sədri Oqtay Əsədovun  sözügedən qurumun İtaliyadan olan  sədri Rikkardo Milyoriyə göndərdiyi  rəsmi dəvət məktubunu onun özünə təqdim etmişəm və bu dəvət həmin şəxs tərəfindən müsbət qarşılanıb”. “Vətəninfo.az”-ın xəbərinə görə, bunu  jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova dilə gətirib. B. Muradovanın  dediyinə görə, həmin vaxt səfərin haçan reallaşacağı ilə bağlı R. Milyori tərəfindən konkret fikir söylənməsə də, amma  yaxın zamanlarda onun səfəri başa tuta bilər:  “Yəni, o, özü müəyyənləşdirəcək  ki, konkret nə vaxt gələcək”.
Adıçəkilən sessiya çərçivəsində ATƏT PA sədrinin səlahiyyətli  nümayəndəsi və Qarabağ məsələsi üzrə məruzəçisi Joao  Soareşlə də  görüşdüyünü deyən vitse-spiker həmin şəxsin özünün Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib:  “O özü də Daimi Komitənin iclasında  bildirdi  ki, bölgəyə səfər etmək istəyir. Çünki  il yarımdan çoxdur ki, o, məruzəçi seçilib ,ancaq onun bölgəyə səfəri alınmır, daha doğrusu, bu müddət ərzində bir dəfə olsun belə Azərbaycana səfər etməyib”.  Amma buna baxmayaraq məruzəçiyə  böyük hörməti olduğunu gizlətməyən B. Muradovanın sözlərinə görə,  bu şəxs bir neçə il öncə ATƏT PA sədri vəzifəsində çalışıb və Qarabağ  məsələsi ilə  əlaqədar dəfələrlə elə ATƏT PA sədri kimi Azərbaycana səfərlər edib:
 “Soareş Qarabağ məsələsinin mahiyyətini çox gözəl bilir. O da necə deyərlər, mövcud vəziyyətinə girovuna çevrilib. Yəni, danışıqlar prosesində heç bir irəliləyişin baş verməməsi , həm də ATƏT PA Katibliyinin özünün iş qrafikinin çox gərgin olması səbəbindən o, Azərbaycana səfərini reallaşdıra bilmir.
Eyni zamanda, bildiyiniz kimi, həm ötən il, həm də bu il ATƏT məkanında çoxsaylı seçkilər keçirilib və demək olar ki, bütün Katiblik bu seçkilərdə müvafiq  müşahidə missiyalarının tərkibində müşahidə aparıblar. Ona görə ATƏT PA Katibliyinin iş qrafiki gərgindir. Bu baxımdan, məruzəçinin  özünün də  çıxışında səsləndirilən fikir bu idi ki, Katiblik iş qrafikinə müəyyən dəyişiklik edəndən sonra o Azərbaycana səfər edəcək. Əslində  o özü də bunu çox istəyir. Sadəcə, gələndə tək gəlməli deyil, Katiblik də onu müşayiət etməlidir. O nöqteyi-nəzərdən də  səfər gecikir. Ancaq bununla belə bir məqamı da qeyd edim ki,  onun özünün məsələyə obyektiv mövqeyinin formalaşdığını bilirəm”.
KAMİL
“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az