Ənvər BÖRÜSOY
Dağıstanda prezident kürsüsü uğrunda savaş bu yöndə ilk addım oldu
1998-ci ilə qədər, yəni Boris Yeltsin erası dönəmində Rusiyada və possovet məkanında demokratik proseslərə böyük ümidlər var idisə, qatı mühafizəkar qüvvələrin yeni lideri qismində irəli çıxan Yevgeni Primakovun baş nazir təyin olunması məhz keçmiş KQB siyasəti erasının başlanmasına səbəb oldu. Beləliklə stalinizm məktəbinin yetirməsi olan Primakovun təmsil etdiyi “fəxri təqaüdçülər” ordusu siyasi avantüraları məharətlə icra edə biləcək və FSB polkovniki mundirini daşıyan gəncləri müdafiə etdilər. Faktiki olaraq, dövlət və özəl sektorda FSB-ni təmsil edən nümayəndələrin yerləşdirilməsi proseslərinə başlanıldı. Bu qüvvə tədricən demokratik proseslərin inkişafının qarşısını alaraq bunun hüquqi əsaslarını da rəsmiləşdirmək siyasətini ortaya qoydular. Onlar gücləri çatmadığı məqamda isə bu hədəfləri zorakı metodlarlarla həyata keçirmişlər.
“Milli ideya” adı altında sosial-iqtisadi həyatın siyasi çaları
Rusiyanın Balkan yarımadasında (Yunanıstan, İtaliya, Albaniya, Serbiya, Çernoqoriya, Sloveniya, Xorvatiya, Kosovo, Bosniya-Hersoqovina, Makedoniya), Qara dəniz hövzəsi (Rumıniya, Bolqarıstan, Moldova), Orta Şərq (Misir, Əlcəzair, Tunis, Liviya, Livan, İraq, Yəmən, Suriya, İordaniya) və Latın Amerikası boyunca qlobal miqyasda təsir dairəsinin itməsi prosesini son iyirmi ilin reallıqlarından biri kimi qəbul etmək lazımdır. Çünki, öz təsir dairəsi altında saxladığı dövlətlərdə müasir standartlara uyğun inkişaf etməkdə olan cəmiyyət və texnoloji tərəqqi strategiyasını önəmli hesab etməmişdi. Rusiyanın tək güvənc yeri və önəm verdiyi anlam sərt şəkildə totalitar rejimlərin yaşadılması siyasəti olmuşdur. 2003-cü ildən sonra, Kremlin təsir dairəsinin digər regionlarda da tamamilə itirilməsi prosesləri müşahidə olunmaqdadır. Belə bir siyasətin onun sərhədlərinə doğru yaxınlaşması isə, Moskvanı ciddi şəkildə narahat etməyə başlamışdır. Bu yöndə son on ildə Rusiyanın mühafizəkar çevrələri KİV-lərdə, sosial və siyasi mühitdə tənzimləyici baxışlar adı altında həyəcan təbili çalaraq, ölkənin dağılması prosesinin başlanılması kimi xarakterizə etmişlər. Yaranmış vəziyyətdən çıxış yolu kimi indiki şəraitdə Rusiyanın sərhəd bölgələrində qonşu dövlətlər əleyhində hətta bölücü siyasətə önəm verən yerli siyasi hakimiyyətlərin formalaşdırılması taktikasına üz tutulmuşdur. Vladimir Putinin dəstək verdiyi bu doktrina əslində Primakov tərəfindən hazırlanan “Rusiyanın yeni milli siyasət ideyası” platformasına söykənir. Həmin doktrinada bütün demokratik təsisatların qarşısının alınması, bölgələrdə avtoritar lider və onun hakim komandası, zahirən liberal və reallıqda isə iqtisadi və sosial həyat tərzinin siyasi hakimiyyətin təsir dairəsi altında saxlanılması tipli taktika indi Rusiyada dövlət siyasətinin tərkib hissəsi olaraq görülür. Ölkə boyunca “Qafqazlılar əleyhində” hərəkatı bu doktrinanın tərkib hissəsi deməkdir. Belə bir siyasətin ardında duran hədəf isə, Rusiyadakı demokratik institutların tamamilə sıradan çıxarılmasına yönəldilmişdir. İnsan Haqları təşkilatlarını, çoxsaylı QHT sektoru və digər demokratik institutların “xarici dövlətlərin kəşfiyyat orqanlarına işləməkdə” suçlu elan edilməsi və bu yöndə qanunun qəbul edilməsi son ayların qalmaqallı olaylarından biri hesab olunur. Beləliklə “putinizm” siyasəti hərbi inzibati idarəetmədə FSB-nin daha sərt şəkildə rolunun artmasına və gücləndirilməsinə səbəb olmuşdur.
Dağıstan örnəyi və Qafqaz siyasəti
Primakovun doktrinasında belə bir məqama xüsusilə önəm verilir: “Zahiri görünüşcə neoliberalizm siyasəti modeli Rusiyada avtoritarizmin addım-addım həyat normasına çevrilməlidir. Bu siyasət sosial və iqtisadi mənada reallığa çevirdikcə milli siyasət də cəmiyyətin yaşam tərzi olaraq qəbul ediləcəkdir. Bürokratizm və korrupsiyaya qarşı mübarizə taktikasını cəmiyyətdə mövcud olan problemlər görümündə təqdim etməklə kütləvi təsir metodologiyası neoliberalizm doktrinasının əsas strateji hədəfi kimi başa düşülməlidir”.
“Neoliberalizm” adı altında Primakov doktrinasının tətbiqi istiqamətində həm də onun komandasına daxil olan kadrların hakimiyyətdə yerləşdirilməsi prosesi də Rusiyada müşahidə olunan əsas faktorlardan biridir. Dağıstanda modenləşmə adı altında liberal iqtisadi siyasət və demokratik təsisatların inkişafını önəmli hesab edən gənc və savadlı bir şəxs kimi tanınan prezident Məhəmmədsalam Məhəmmədovun məcbur olaraq istefa ərizəsini yazması, onun yerinə Ramazan Abdulatipiovun təyin olunması bölgədə 2015-ci ilə qədər hansı siyasətin dominantlıq təşkil edəcəyinə bir örnəkdir. Dağıstanda bölgənin idarə olunmasında “Bermud uçbucağı” adlanan “avar, dargin və kumuk” siyasətinin tamamilə dəyişməsi, daha çox hərbi inzibati təfəkkürə malik olan siyasətin sosial xarakter daşıması üçün Abdulatipovun rəhbərliyi altında “neoliberalizm” taktikasını tətbiq etməyə böyük ümidlər bəslənilir. Bunun üçün ilk addım olaraq hərbi-kriminal stukturların idarəetmə siyasətində mövqelərinin güclənməsi, ideoloji baxımdan vaxtilə avar şairi Rəsul Həmzətov tərəfindən yazılmış “Mənim Dağıstanım” ideyası bir siyasət kimi Kreml üçün çox vacib olan şərtlərdən biridir. Bu ideyanın rəsmi status qazanması üçün, hərbi təfəkkürlü və kriminal iqtisadi siyasətin sayəsində zənginləşmiş milli oliqaraxiyanın uzlaşdırılmış taktika ilə hərəkət etməsi əsas hədəflərdən biri olaraq görülür. İndi faktiki olaraq Kreml Dağıstanı inzibati idarəetmə və olirqaxların nəzarəti altında “neoliberalizm” taktikasını tətbiq etmək üçün hərəkətə keçmişdir. Ramazan Abdulatipovun prezident kürsüsündə oturması və onun Mahaçqalada bir sıra təmaslara qatılması da bu siyasətin əsas konturlarını ortaya qoymuşdur.
Avar lobbisi və ləzgi qruplaşması
Dağıstanda əhalinin sayına görə avarların öndə olması səbəbindən “avar faktoru”na hər zaman xüsusi diqqət olmuşdur. İndiki məqamda avarlardan ibarət Muxu Əliyev, Səid Murtazəliyev, Hacı Maxaçev, Ziyauvdin Məhəmmədov, Səidpaşa Umaxanov, eləcə də ləzgi qruplaşmasına daxil olan Süleyman Kərimov, İmam Yarəliyev, Ruslan Hacıyev, Asanbuba Nüdürbəyov və digərləri 2010-cu ildə prezident kürsüsünə təyin olunmuş və milliyyətcə dargin Məhəmmədsalam Məhəmmədovun qanunla 2015-ci ilə qədər bu vəzifəni daşımasına imkan vermədilər. Məhəmmədov bölgənin inkişafını modernləşmə siyasətinin tərkib hissəsi kimi daxili resursların və xarici investorların sayəsində ilk dəfə olaraq iqtisadi inkişaf taktikasının modellərini tətbiqinə başlamışdı. Əlində silah dağlarda və ormanlarda terror yolu ilə mübarizə aparan radikalları əfv etməklə onların normal həyata geri dönmələri üçün komissiya yaratmışdı. Qonşu regionlar və dövlətlərlə liberal siyasi kursun təkmilləşdirilməsi üçün xeyli təşəbbüslər irəli sürmüşdü. Avar və ləzgi oliqarxları isə bölgənin belə bir axarda inkişaf etməsinə daim mane olmağa çalışdılar. Çünki, Dağıstanda yatırım siyasəti həm də bölgədə bir tərəfdən aqrar sektorun, digər yandan isə ilk dəfə olaraq istehsal və emal sahəsinin inkişafı üçün yeni perspektivlər açmışdı. Avar, ləzgi, lak, dargin və digər etnoklanlar adı altında çirkli biznesi təmsil edən qruplar modernləşmə kursuna mümkün qədər sarsıdıcı zərbə vurmaq taktikasını seçdilər. Buna görə də Məhəmmədov və onun islahatçı komandası hakimiyyətdən devrildi.
“Təhkimçilik” həyatına qayıdış
18-19-cü yüzilliklərdə Çarlıq Rusiyası nəinki ölkə boyunca, işğal etdiyi bölgələrdə də təhkimçilik siyasətini dövlətin idarə olunması hədəflərinin başlıca tərkib hissəsi hesab edirdi. 1998-cu ildə Rusiyada demokratik dalğanın hakimiyyətdən sıxışdırılması, bunun ardınca ölkədə idarə etmənin sərt şəkildə inzibati resursların nəzarətinə keçməsi indiki məqamda “təhkimçilik” dönəminin qayıdışına bənzəməkdədir. Dağıstanda bunun ilkin işartılarının qanuni xarakter daşıması üçün yaşanılan siyasətin dəstəklənməsi də zatən bunu təsdiq edir. Bölgənin inzibati regionlara deyil, oliqarxların nüfuz dairəsinə keçməsi, bunun ardınca onlara məxsus maliyyə resursları əsasında idarə edilməsi, investisiyalrın da bu maraqlar əsasında təmin edilməsi proseslərinə başlanılması üçün ilk addım kimi modernləşmə və liberallaşma kursunu müdafiə edən hakimiyyətin devrilməsinə nail olunmuşdur. Beləliklə dargin, avar və ləzgilərdən ibarət etnoklanların rəhbərliyində yeni oliqaraxların peyda olması Kremli idarə edən hakim komandanın siyasi prioriteti kimi qəbul etmək daha məntiqlidir. Öncələr hakimiyyət səlahiyyətləri daxilində və etnomafiya idarəetmə taktikası önəmli hesab olunurdusa, indi neoliberalizm siyasi kursu tədricən dəbə çevrilməkdədir. Bu dəfə “milli oliqarxlar”ın inzibati əraziləri nəzarətə götürməsi sayəsində regionun idarə edilməsi strateji hədəflərə çevriləcəkdir. Çünki, belə bir taktika həm də bölgə əhalisini tamamilə onlardan asılı duruma salmaqla təhkimçilik siyasətinin gücləndirilməsi kimi başa düşülür.
“Smolnıy qruplaşması” və Abdulatipov
67 yaşlı Ramzan Abdulatipov Dağıstan və bölgə əhalisinin ruslaşdırılması, Rusiyanın Qafqaz siyasətində etnik bölücülük sahəsi üzrə elmi, siyasi və idarəetmə sahəsində ixtisaslaşmış ən ciddi fiqurlardan biri hesab olunur. Bu gün faktiki olaraq Rusiyanı idarə edən “Smolnıy qruplaşması” üçün Abdulatipovun timsalında “Primakov doktrinası”nın icra edilməsi üçün ən böyük imkanlardan biri hesab olunur. Çünki, Dağıstanın Rusiyaya məxsus 80 minlik hərbi qüvvələr tərəfindən nəzarətə götürülməsi, digər yandan kriminal oliqarxiyanın yerli əhalini təhkimçilik siyasəti əsasında idarə etmə imkanının artırılması bu siyasi kursun prioritetidir. İndi bölgədə mövcud sosial-iqtisadi problemlərin həlli və terrrorizmin qarşısının alınması üçün həmin oliqarxlar bir sıra effektiv addımları atmaqla strateji hədəfləri icra etməyə başlamışlar. 2015-ci ildə Dağıstanda keçiriləcək prezident seçkilərinə qədər bu tandemin davam etməsinə çalışılacaqdır. Zahiri görünüşdə bazar iqtisadiyyatının inkişafı kimi görünən bu siyasət həm də bölgədə bütün maraqların balanslaşdırılması kimi təqdim olunacaq. Dövlət və oliqarxiyanın effektiv təsir dairəsinin uzlaşdırılmış inkişaf yolu kimi də adlandırılacaq. Çünki, böyük özəlləşdirmə siyasətində yerli xalqlara məxsus iri torpaqların və mülkiyyətin oliqraxların tam nəzarətinə keçməsi Dağıstanın Kreml tərəfindən asanlıqla idarə olunması hədəfləri olaraq görülür. Primakov doktrinası məhz bu amilin strateji hədəflərini ortaya qoymuşdur.