Britaniyanın "The Guardian” qəzetinə müsahibəsində Karakulovun həm də yüksək rütbəli Rusiya rəsmilərinin mesajlarını şifrələyən Prezident Kommunikasiyaları Direktorluğunun "sahə komandası”nın üzvü olduğu bildirilir. 36 yaşlı keçmiş kəşfiyyatçının yüksək vəzifəli məmurlarla 180-dən çox səfər etdiyi güman edilir. O, həm də Ukraynanın işğalından sonra ölkədən qaçan ən yüksək rütbəli kəşfiyyatçı kimi tanınır.
Zabitlərə müraciət edərək Rusiya ictimaiyyətinə gizli məlumatları açıqlamalı olduqlarını söyləyən Karakulov, Putinin psixologiyasının da pozulduğunu söyləyib:
"Putin sanki dünya ilə əlaqəsini kəsib. Son bir neçə ildə özünə qapanmış vəziyyətd yaşayır və vaxtının çox hissəsini medianın "sığınacaq" adlandırdığı iqamətgahında keçirir. Patoloji olaraq həyatından narahatdır. Özünü keçilməz bir karantin maneəsi və məlumat boşluğu ilə əhatə edir. Yalnız özünün, ailəsinin və dostlarının həyatına əhəmiyyət verir”.
Karakulov, Putinin dövlət daxilində virtual bir dövlət yaratdığını iddia edib:
"Rusiya prezidentinin paranoyasının səviyyəsini necə başa düşmək olar? Ona "boss" deyirlər, hər cəhətdən ona pərəstiş edirlər və yalnız bu terminlərlə çağırırlar".
Karakulov, Putinin Sankt-Peterburq, Soçi və Novo-Ogarevoda eyni ofislərdən istifadə etdiyini və gizli xidmətlərin ayrıldıqlarını iddia etmək üçün saxta konvoylardan və saxta təyyarələrdən istifadə etdiyini bildirib:
"Bu, birincisi, xarici kəşfiyyatı çaşdırmaq, ikincisi, onun həyatına hər hansı bir sui-qəsd cəhdinin qarşısını almaq üçün hiylədir”.
Rusiya liderinin davranışının koronavirusun ortaya çıxması ilə dəyişdiyini söyləyən keçmiş kəşfiyyatçı, Putinin səfərlərdən və ictimai çıxışlardan çəkindiyini də söyləyib.