Separatçılıq ayrı, həqiqət ayrı

Separatçılıq ayrı, həqiqət ayrı

Elnur Eltürk

Təəssüflər olsun ki, məndən yaşca böyük olan bir insan öz yalanlarını davam etdirərək, ictimaiyyəti çaşdırmağa çalışır. O insan yazdığı cızma-qaralarında mənim adımı çəkəndə hər dəfə deyirəm ki, bu şəxsə cavab verməyəcəm. Amma bu dəfə fikrimi dəyəşərək, bu insana cavab verməyə məcbur oldum. Səhv etmirəmsə, mənim bu şəxslə ilk mətbuatda ciddi müzakirəm üç il bundan qabaq “Separatçıların nakam arzusu” adlı məqaləmdən sonra başlayıb.

Bir neçə il bundan qabaq separatçı və təxribatçılıq mahiyyətini özündə daşıyan xəritəni yayanları sərt tənqid edərək, bunları edənlərin düzgün yolda olmadığını göstərmişdim. Onu da əlavə edim ki, bu yazımda talış insanı haqda heç nə yazmamışam və onların əleyhinə bir söz deyilməyib. Yazdığım məqalələrin arxivləri durur, istənilən səviyyədə müzakirəyə hazıram. Mən sadəcə olaraq ölkəmizdə bölücülük işləri həyata keçirməyə çalışan və buna cəhd edənləri tənqid etmişəm.

Deməli, Mətləb Dadaşov adında bir “yazar”, hətta özünü Azərbaycan Jurnalistlər İttifaqının üzvü kimi təqdim edən bu şəxs, yalandan yazır ki, guya mən talışlara qarşı çıxış edən məqalələr yazmışam və irqçiliyi və s. məsələləri təbliğ edirəm. (http://www.talish.org/news/h_qiq_t_m_hk_m_varmi/2013-01-16-1485)

Xatırlayıram ki, onun mənə bir zamanlar facebook sosial şəbəkəsində yazdığı yorumlarda görürdüm ki, bu insan məni açıq-aşkar təxribata çəkməyə və əsassız fikirlərlə məni ittiham etməyə çalışır. Amma mən hər dəfə ondan uzaq dururdum və sonda bərk bir mübahisəmizdən sonra məni dostluqdan kənarlaşdırdı.

Artıq bir ilə yaxındır ki, onun fəaliyyəti haqda heç bir məlumata malik deyiləm. Açığını deyim ki, indi o, məni də maraqlandırmır. Sadəcə olaraq, bu günlərdə qələmə aldığı cızma-qarasında yenidən adımı çəkdiyi üçün cavab verməyə qərara aldım. İstəmirəm ki, insanların fikir və düşüncələrindən mənim haqqımda səhv fikir formalaşsın.

Amma bu gün görürəm ki, bu şəxs mənə qarşı düşmənçiliyini yenə də davam etdirməkdədir. Bu insana cavab vermədikcə, elə bilir ki, bundan nəsə çəkinirik, onun sözünun qarşısında heç nə demək mümkün deyil. Guya “yazar” tutarlı və faktlara söykənən fikirlər ortaya qoyur. Əslində, yazdıqları mənasız, əsassız söz yığanığıdır. Bu günə qədər Azərbaycanda talışlara heç kim separatçı və ya vətən xaini damğası vurmayıb, bunu demək qaranı ağ kimi təqdim etməkdən başqa bir şey deyil. Bizim ölkədə heç bir etnik problem yoxdur. Hərbi xidmət dövrümdə avar, talış, ləzgi dostlarım da olub və onlarla birgə vətənin keşiyində durmuşam.

Əminliklə onu deyə bilərəm ki, mən heç bir zaman talış və s. milli azlıqlar haqda tənqidedici məqalə yazmamışam. İrqçilik deyilən şeyi və qatı millətçiliyi qəbul etmirəm, bunun düzgün yol olmadığını yaxşı başa düşürəm.

Mətləb Dadaşovun yazısında sosial şəbəkədən gətirdiyi sitata cavab olaraq demək istəyirəm ki, Azərbaycanda hər düşüncəyə sahib olan insanlar var. Amma talış-erməni qardaşlığını bərabər tutan şəxsə və şəxslərə qısa olaraq demək istəyirəm ki, bunu yayanların ermənidən bir fərqi yoxdur. Hamımız yaxşı bilirik ki, talışlar Qarabağ savaşında ermənilərə qarşı necə vuruşublar. Lənkəran batalyonunun xidmətləri danılmazdı. Amma bunu yayan və təbliğ edənlər fərari kimi gizlənirdilər və boş-boş şüarçılıqla insanların başını qatırdılar. Bu gün bu sözü demək Azərbaycanın azadlığı uğrunda şəhid olmuş talış insanlarımızın ruhuna təhqirdən başqa bir şey deyil.

Hələ bilmək olmaz ki, o statusu yazan nikin arxasında kim durur və o hara, hansı qüvvələrə xidmət edir. Yüzlərlə belə profillər yaradıb, ölkədə istənilən şəxsi və ya toplumu söymək olar. Bunu etmək elə də çətin məsələ deyil. Hüquq-mühafizə orqanları işə qarışdıqdan sonra belə şəxsləri cəzalandırmaq mümkündür və bu niklərin arxasında kimlərin durduğunu öyrənmək çətin deyil.

Mənim bir neçə il bundan öncə toxunduğum məqamlar və tənqid etdiyim məsələlər əsasən bizi qarşı-qarşıya qoymağa çalışan qüvvələrin ifşası olub. Bu qüvvələr ölkəmizdə etnik separatçılığın vüsət almasına çalışıblar və bu gün də bu siyasətin nökəri olaraq ağalarına xidmət edirlər.

Əgər fikir verirsinizsə, Ermənistan xüsusi xidmət orqanları da Azərbaycana qarşı separatçılıq kartından istifadə etməyə çalışırlar. Fəxrəddin Abbaszadə kimi özünü təqdim edən “qəhrəmançığazın” əməlləri hamıya məlumdur. Bu şəxs erməni sayt və mətbu orqanlarında Azərbaycanın əleyhinə yazılar yazır. Talış-erməni birliyinin yaranması və s. saçma-sapan fikirlər səsləndirir. Əsl düşmənçilik toxumunu səpənlər belə şəxslərdir. Bu kimi vəziyyətdən Ermənistan istifadə etməyə bilməz.

Bu qüvvələri Ermənistanla bir çox məqamlar birləşdirir. Bu siyasət bizə çox tanışdır. Hələ Rusiya 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətini zəiflətmək üçün yaratdığı qondarma “Sovet-Muğan Respublikası”na bənzər hadisəni 1993-cü ildə də yaratdı. Nəticədə hər şey aydın oldu. Uduzan biz, udan isə bunu gerçəkləşdirən qüvvələr oldu.

Bu gündə bu qüvvələr ölkəmizdə etnik separatçılığı yaratmaqla, Azərbaycanı dağıtmağa çalışırlar. Mənim də yazılarımın əsas xətti ondan ibarətdir ki, xaricdə bəzi üzdən iraq separatçılar var ki, onlar özlərini qəhrəman kimi qələmə verməyə çalışırlar.

Onların bəd və separatçı əməllərinə cavab vermişəm, bundan sonra ölkəmin əleyhinə hansısa fəaliyyətlərdə olarlarsa, yenə eyni səviyyədə və sərt şəkildə cavab verəcəm.

O, cızma-qarasında rəhmətlik Ə.Elçibəyi tənqid edir. Ədalət naminə deyilmədi ki, Əbülfəz Elçibəy nə qədər çox türkçü idisə, bir o qədər də çox demokrat və insan haqlarına hörmət edən siyasi lider idi. Bunu bütün dünya qəbul edirdi. Böyük Britaniyanın sabiq baş naziri Marqeret Tetçerin sözləri ilə desək, “böyük demokrat” insan idi. Bircə faktı deyə bilərəm ki, onun prezident kimi fəaliyyətə başladığı ilk gün imzaladığı sərəncam milli azlıqların hüquqları ilə bağlı oldu. Bu onun insan haqlarına hörmətinin göstəricisi idi.

M.Dadaşov Şeyx Şamil hərəkatına toxunarkən, Şeyx Şamilin türklərin yolunu neçə illər gözlədiyini qeyd edir. Hamımız yaxşı bilir ki, Şeyx Şamil hərəkatına qədər Osmanlı imperiyası çar Rusiyası ilə müharibədə bir neçə dəfə məğlub olmuşdu. Üstəlik, Avropa dövlətləri Osmanlı dövlətini parçalamaq üçün geniş fəaliyyətə keçmişdilər. Daxildə erməni və s. problemlərin rüşeymləri hazırlanırdı. Belə olan halda Osmanlı imperiyasına əlavə problemlərin çıxması, dövlətin çökməsinə səbəb ola bilərdi. Onsuz da Rusiya İstanbulu fəht etmək üçün əlavə fürsətlər axtarırdı. Bunu isə Rusiyaya vermək olmazdı.

P.S. Həqiqətləri görmək üçün gərək ilk növbədə həqiqət tərəfdarı olasan.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az