Şərqi Almaniyada sosializm həsrəti - Araşdırma

Şərqi Almaniyada sosializm  həsrəti -  Araşdırma

Almaniyanın bir sıra elmi araşdırma təşkilatları və məbuat mərkəzləri postsosialist ölkəsi olan  Almaniya Demokratik Respublikasında  mövcud olmuş  "sosial prinsiplər  və standartlar” haqqında  sorğu keçiriblər.

Aparılan sorğuların nəticəsi birmənalı deyil.  Sorğuya görə,  Şərqi Almaniyada  gənclərin böyük əksəriyyətinin Almaniya Demokratik Respublikasına münasbəti mənfidir və bu postsosialist  ölkəsini qeyri-qanuni hesab edirlər. Halbuki, şərqi almanların  yaşlı nəsli arasında sosialist rejimi barədə müsbət fikirlər artmaqdadır.

Alman şolçu yazar Yuliya Berneşteyn  yazdığı  "Şərqi  almanlar Kommunist rejim altında daha yaxşı həyata nail olmuşlar” məqaləsində bir sıra faktlara toxunub. Alman yazar bu məqaləsində postsosialist ölkəsində və müasir Almaniyada həyat standartlarını aparılan sorğu ilə fərqləndirib.  Sorğu göstərir ki,  şərqi almanların 57 %-i Almaniya Demokratik Respublikasını dəstəkləyirlər. Onlar bəyan edirlər ki, "sosialist rejimin daha çox müsbət tərəfləri olub, nəinki mənfi tərəfləri”.  Şərqi Almanların  49 %-i post-sosialist ölkədə bəzi problemlərin olmasına baxmayaraq , sosial həyatın əlverişli olmasını hesab edirlər.  8%-i isə Almaniya Demokratik Respublikasını müasir Almaniyadan üstun tuturlar.

Yuliya Berneşteyn  məqalədə bəzi vətəndaşların müsahibəsini qeyd edib. Almaniya Demokratik Respublikası haqqında bir gəncin və bir yaşlı vətəndaşın fikirləri daha maraqlı gözə çarpır.

Şərqi Almaniyanın Maklenburq vilayətindən olan Birger Klaude Almaniya Demokratik Respublikasına qarşı  aparılan tənqidlərlə razılaşmır. Birger Klaudenin özü Hamburq Universitetində iqtisadiyyat üzrə təhsil alıb və hal-hazırda Qərbi Almaniyanın Diyusburq şəhərində şirkətlərin birində çalışır. Gənc alman maraqlı fikir irəli sürüb: "Almaniya Demokratik Respublikası ilə bağlı müzakirələrdə tənqid əvəzinə, müasir Almaniya arasında müqayisələr ortaya qoymaq daha məntiqli olardı. Məsələn, sosialist rejimi altında vətəndaşlar sərfəli sosial həyata sahib olublar. Amma mənfi tərəfləri nəzərə alınca isə, ADR-nin  vətəndaşlarının Qərbi Avropa ölkələrinə səfər etmək hüququ yox idi.  Şərqi Almanlar yalnız  SSRİ-nin paytaxtı Moskvaya və digər sosialist ölkələrə səfərə çıxırdılar”.  

Birger Klaude həmçinin  bildirib: "Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası arasında çox fərq yoxdur. Qərbi Almaniyada vətəndaşların əksəriyyəti hesab edir ki,  ADR-də daxili təhlükəsizlik təşkilatı - ŞTAZİ vətəndaşları nəzarətdə saxlayırdı.  Halbuki, Almaniya Federativ Respublikasında da Daxili İşlər Nazirliyi vətəndaşlara nəzarət edir”.

Şərqi Almaniyanın Straslund şəhərində usta kimi çalışan Horsten Şöen  isə ADR-də keçirdiyi günlərini tez-tez yada salır.  Horsrten Şöen deyir: "Qərbi almanlar ADR-ni çox yalnış təsvir edirlər. ADR-də vətəndaşlar arasında sınmaz yoldaşlıq və həmrəylik var idi. Sosialist rejimi altında kim ciddi çalışırdırsa,  o, daha çox nailiyyətlər əldə edirdi”.

Həmçinin Şöen indiki Almaniyada bərabər əmək  və pensiyaların olmamasından şikayətlənir.

Almaniya Demokratik Respublikası ilə bağlı məlumatları təkcə Alman mətbuat mərkəzləri yox,  həmçinin bəzi xarici mətbuat agentlikləri də araşdırırlar.  ABŞ-ın mətbuat orqanı  "Chicago Tribune”  Şərqi Almaniyanın Leypsiq şəhərində 4 vətəndaşdan götürdüyü müsahibələr Yuliya Berneşteynin məqaləsi ilə üst-üstə düşür.  Vətəndaşlar - Dieter Reynhard,  Anya Rixter,  Rita Borman və  Kerstin Hirx müasir Almaniyanın sosial standartları və şərtləri ilə faydalana bilmirlər.Onlar sosialist rejimin müsbət tərəflərinin aradan qalxmasına təəssüflənirlər.ADR-də həkim işləmiş Dieter Reynhard  aldığı təqaüd ilə razılaşmır. O bildirir ki, ayda aldığı 1200 avronun 800-nü ev kirayəsinə ödəyir.

 Anya Rixter ADR-də idman xidmətlərinin yüksək olduğunu deyir: "İdman gənclərə ümid verirdi,  vətəndaşları bir araya gətirirdi.”

AFR-də ailə vəziyyətindən şikayətlənən  80 yaşlı Rita Borman  isə hesab edir ki,ADR-də ailələr bir-biri ilə yaxın olurdular, valideynlər uşaqlarına qayğı göstərirdilər: "Ancaq  təəssüflər olsun ki,  indiki dövrdə valideynlər övladlarının qayğısına qalmaq üçün vaxt təyin edə bilmirlər. Valideynlər maraqlanmırlar ki, uşaqları gecə vaxtı haradadırlar”.

Berlin Azad Universitetində postkommunist dövlətlərin tədqiqatları ilə məşğul olan  Klaus Şöreder  ADR haqqında müsbət fikirləri rədd edir.  O qeyd edir ki, gənclərinin çoxusu ADR  barəsində məlumatları ailə söhbətlərindən əldə edir və məktəblərdə bu postsosialist dövlətlə bağlı dərslər tədris olunmur.

"Şərqi almanlar Almaniya Federativ Respublikasının iqtisadi və sosial şərtlərinə uyğunlaşa bilmir” fikrini dilə gətirən Klaus Şöreder hər ay 4000-dən çox məktub qəbul edir.  Məktublar şok təəssürat yaradır.  Çünki  bəzi vətəndaşlar Almaniya Federativ Respublikasının demokratik olmadığını,  varlılar və kasıblar arasında dərin uçurumun olduğunu və ölkədə kapitalizimin diktəsindən yazır.

Dünyanın  tanınmış mətbuat agentliyi  BBC  də Polşa sərhədinə yaxın ola Aysenhutenşdat şəhərində  sosial vəziyyətlə  bağlı araşdırmalar aparıb və məruzələr hazırlayıb. BBC-nin araşdırmasına görə, Aysenhutenşdat 1950- ci ildə tikilib və Almaniya Demokratik Respublikasının əhəmiyyətli sənaye şəhəri hesab edilirdi.  Şəhərin inkişafını böyük polad zavodu təmin edirdi. 1989-cu ilə qədər polad zavodunda 1200  fəhlə işləyirdi. Ancaq Berlin divarı yıxıldıqdan sonra,  zavod özəlləşdirildi.  Polad zavodunda indi cəmi 250 işçi çalışır.  Şəhərdə işsizlik yüksək səviyyədədir. 1989 ci ildən sonra Aysenhutenşdat şəhərində işçi qüvvəsi sürətlə azalmağa başladı. Şəhərin 1 milyon sakini Qərbi Almaniyaya mühacirət etdilər.

BBC-yə müsahibə verən Almaniyanın maliyyə naziri və iki Almaniyanın birləşməsində mühüm fəaliyyəti olmuş Volfanq  Şöyble bildirir: "Bəzi səhvlər edildi, lakin əgər iki Almaniyanın birləşməsi  həyata keçməsəydi, daha da böyük səhv olardı.  Qərbi Almaniya höküməti Şərqi Almaniyanın bazar iqtisadiyyatına inteqrasiyası üçün trilyonlarca investisiya ayırdı”.  

Şərqi Almaniyanın bəzi şəhərləri sürətlə və bəziləri də yavaş inkişaf edir. AFR-in mərkəzi bankı və bir sıra böyük biznes şirkətləri bu şəhərlərdə böyük layihələr həyata keçirirlər. Layihələr bazar iqtisadiyyatına xidmət edir. Layihələrə banklar,  xəstəxanalar, məktəblər, metrolar və digər sahələr daxildir.

Strateq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az