Şeyxin toxunulmazlığı, millətin TƏNQİDİNKAR etmək HAQQI

Şeyxin toxunulmazlığı, millətin TƏNQİD və İNKAR etmək HAQQI
Və yaxud hər şey əndazəsində olmalıdır!

SANCAQproduction kifayət qədər narazı təbəqəni öz əhatə dairəsinə almış və həm də populyarlıq qazanmış bir sitə olmaqla bərabər, həm də informasiya məkanıdır. Belə bir resursdan millətin və dövlətini inkişafı naminə yararlanmaq əlbəttə ki, sitənin rəhbərlərinin, idarəedicilərinin amalına çevrilməlidi. Təəssüf ki, təqdirəlayiq informasiyalarla, foto-video materiallarla cəmiyyətin "zəif təbəqə"sinin prioritetinə çevrilən bu internet resursda bəzən bütün hədlər tapdanır. Bir jurnalist və oxucu kimi mən informasiyanı rəsmi və qeyri-rəsmi, özəl və müstəqil mənbələrdən dəqiqləşdirəndən sonra yaddaş arxivimə atıram - millətin tarixi, ictimai-siyasi inkişafı, elmi-mədəni həyatındakı olaylara biganə qalmamaq üçün.

Amma bu dəfə gəlin görək SANCAQprodakşn-da nə məğlətə qaldırıblar: şeyx Allahşükür Paşazadə haqqındakı materialda və materialdakı şərhlərdə birbaşa və abırsızcasına Azərbaycanlı əxlaqına sığmayan, dini və siyasi tolerantlığı gözləmədən, ailə tabusu, namus kriteriyaları, cəmiyyətin birgəyaşayış qaydaları ayaqlar altına atılmış, dövləti və dini özgürlüklərdən tam uzaq bir "cəngavərlik" nümayiş etdirilmişdir.

Sitə rəhbərliyi və admin qısa və konkret olaraq deyə bilərdi ki, belə olmaz! Bu ölkədə tənqiddən kənar qalan bircə nəfər də yoxdur! Doğrudan da, ölkənin demokratik mühiti hər cür söz azadlığına imkan verir və bundan maksimum yararlanmaq lazımdı, nəinki bu tip əxlaqsızcasına yayımlarla basqılara, təpkilərə və həbslərə meydan açmaq. Kəmfürsətlik və sui-istifadəçilik onlarca insanı məhbəsə aparıb, düşünmək lazımdı ki, düşmən saydıqlarımızla mübarizədə necə edək ki, sıralarımız seyrəlməsin, itkilərimiz daha az olsun.

SANCAQproduction-un rəhbərlərindən kimsə demokratik ölkələrdən mənə bir nümunə göstərsin ki, hansısa onlayn və print media ölkə başçısı və dini rəhbəri haqqında bu qədər şərəfsizcəsinə təhqiramiz ifadələr dolu yazı paylaşıb. Nümunə üçün Bill Klintonun qızı Çelsinin, Corc Buşun qızının bar sərgüzəştlərinin xarici mətbuatda ifadəsini nəzərə çatdırıram - sadəcə onunla kifayətləndilər ki, ictimaiyyətə onların barda olduqlarını çatdırdılar. 
Daha hansı statusda, hansı formada, bu şərəf və ləyaqət prizmasından açıqlanmadı. Əgər bu demokratik "dəyərləri" Amerikadan, digər Avropa ölkələrindən öyrənmisinizsə, sizin demokratikliyiniz və özgürlüyünüz üçün belə materiallar tələb olunursa, onda buyurun, Amerikadan və Avropa ölkələrindən reportajlara başlayın. Dünyanın demokratiyanı dəstəvauz edən ölkələrində "paparatsi" problemi qalıb bircə. Əksər tanınmışlar da bu tip "jurnalistləri" məhkəmə yolu ilə cəzalandırırlar.

Təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın şeyxi olan Allahşükür Paşazadənin ailəsi, xüsusilə də qızları haqqında yazılan təhqiramiz ifadələri nə qədər məqbul saymaq olar? "Şeyxin ən kəskin söyüş və vulqar ifadələrlə təhqir olunması, ölkənin və xalqın dini rəhbərinin müxtəlif yarlıqlarla damğalanması nəyi dəyişir?" sualını verdinizmi özünüzə? Nəzərə alındımı ki, hər zaman monitorinqi keçirilən Azərbaycan mediasının, o cümlədən sosial şəbəkə resurslarının götürdüyü xətt haqqımızda hansı rəyi yaradacaq?

Biz şeyx həzrətləri ilə düşmənçilik edə bilərik, onu tənqid edə bilərik, bunu tutarlı faktlarla etsək, nəyəsə nail olarıq. Amma və lakin SANCAQproduction-ın yayımladığı materialla öz xalqımızın rəzalətli düşüncəyə və sıfırdan aşağı intellektə sahibliyimizi nümayiş etdirmiş oluruq!
Buna görə nəinki adama adam münasibəti göstərilir, hətta heyvandan aşağı sayılır.

Bir vətəndaş, bir oxucu, bir jurnalist kimi mənə şeyxin qızları haqqında təhqiramiz ifdələri oxumaq heç də xoş deyil. Mən şeyxi ən kəskin şəkildə adı-ünvanı bəlli mətbu orqanda tənqid etmişəm. Üz-üzə tənqid etdiklərimlə qalmışam. Yəni, ittihamlarımda israrlı olmuşam. Elə buna görə də şeyxin  ən yaxın ətrafı tərəfindən məhkəmə yoluyla həbsə alınmışam.
 
Amma mən SANCAQproduction-un yaydığı materialı və şərhləri görəndə sadəcə səslənmişəm: bu, əxlaqsızlıqdır. Ən azından o təhqirləri yazan adamlar şeyx və haqqında yazdıqları ailə üzvləri ilə üz-üzə qalacaqları təqdirdə ana-bacılarının ünvanına haqlı olaraq səslənəcək cavabları həzm edə bilməzlər. Adam həzm etdiklərinə və edə bildiklərinə imza atar.
Söz ağızdan çıxır. Sözü ayrı yollarla ayrı kanallardan səsləndirmək sözə də xəyanətdir, xalqa xidmətə də.
Tərbiyəsizliklə nə Allahın sevgisini qazanmaq olar, nə xalqın!   

Aydin Caniyev

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az