Siyavuş Novruzov: ““Ana müxalifət” adını bunlara kim verib? Dədə Qorqud verib, ya Nuh Peyğəmbər?”
""Ana müxalifət” adını bunlara kim verib? Dədə Qorqud verib, ya Nuh Peyğəmbər? Özləri özlərinə ad seçiblər. Mənasız bir şeydir. Heç 5 min imza toplayıb qeydiyyatdan keçə bilmirdilər. Keçmişdə tələbələr olurdu, birinci göndərişi alırdılar, imtahandan kəsilirdilər, ikinci göndəriş alırdılar, yenə kəsilirdilər... Üçünücü göndəriş isə artıq rektorun olurdu. Ona da "3” yazırdılar ki, heç olmasa bu tələbə qovulmasın. Bunlar da eyni vəziyyətdə imza toplayıb partiyalarını güclə qeydiyyatdan keçiriblər. Bu adamları qorxudan 60 dairədən 40 min imzanı toplamaqdır. Toplaya bilməyəcəkdilər, biabır olacaqdılar. Lap toplasayadılar belə, səsvermədə 0% səslə xalq onlara yerlərini göstərəcəkdi. Bunu başa düşdülər. 30 ildir ki, Azərbaycan müstəqildir. "Azərbaycanda demokratik seçki mühiti yoxdur” sözünü deyənlərin hansı prezident seçkilərində iştirak ediblər?”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanda azad, ədalətli və demokratik seçki keçirilməsi üçün mühit var: "Azərbaycan Respublikasının Konstitutusiyasında, eyni zamanda Seçki Məcəlləsində göstərilir ki, seçki keçirmək hüququna malik olan ali təhsilli, 10 ildən artıq Azərbaycan ərazisində yaşayan, başqa ölkələr qarşısında öhdəliyi, ağır cinayətə görə məhkumluğu olmayan şəxslər namizədliklərini irəli sürə bilərlər. Azərbaycan istənilən vətəndaşı seçkilərdə iştirak edib, öz gücünü sınaya bilər. Siyasi partiya blokunun, qeyri-hökumət təşkilatlarının, fərdi vətəndaşın da hüququ var ki, namizədliyini irəli sürsün. Siyasi partiyanın da bir nömrəli vəzifəsi seçkidə iştirak etməkdir. Hər bir seçkidə siyasi partiya iştirak edərək tədqiqat aparır ki, hansı dairələr güclüdür, hansı zəif. Ümumiyyətlə, dünyada belədir - bir seçki bitdikdən sonra növbəti seçkiyə hazırlıq işləri gedir. Bizdə isə siyasi partiyaların bəziləri əvvəlcə bir bəhanə gətirdilər ki, seçki niyə elan olundu? Guya bunlarla məsləhətləşmə aparılmalı idi ki, seçki elan edək, ya yox? Yenə də deyirəm, siyasi partiya hər gün seçkiyə hazır olmalıdır. Siyasi partiyanın əsas funksiyalarından biri budur. Partiya rəhbərləri öz güclərini seçkidə sınayırlar”.
S.Novruzov seçkilərdə namizədliyini irəli sürənlərin görüntü yaratdıqları barədə iddialar isə belə cavab verib: "Qəti şəkildə belə bir şey yoxdur. Parlamentdə təmsil olunan müxalifətçilərin hüququdur, namizədliklərini irəli sürüblər ki, seçkilərdə iştirak etsinlər. Hər biri siyasi partiyadır və bu sözü deyənlərlə eyni "şinel”dən çıxıblar. Vaxtilə hamısı eyni partiyada olublar. Namizədliyini irəli sürən hər bir insana hörmətlə yanaşılmalıdır”.