SOCAR-ın qayığında partlayan BOMBA- "Partlayiş səsi" niyə indi eşidildi?

SOCAR-ın qayığında partlayan BOMBA-

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus geoloji kəşfiyyat qayığında baş verən partlayışla bağlı bir nəfər həbs edilib.

Demokrat.az saytının özəl xəbəri olan "SOCAR-ın işçisi HƏBS EDİLDİ" başlıqlı yazıda  adıçəkilən qurumda baş vermiş partlayışla bağlı məhkəmə prosesinə aydınlıq gətirilib.
Belə ki saytın əldə etdiyi məlumata görə, qayığa məhsul şəxs Məhbub Əli oğlu Əliyev həbs edilib:                                

"İttihama görə, 29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub.

Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb.

İstintaq araşdırması zamanı Məhbub Əliyev təqsirli bilinib.

Onun barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhbub Əliyevin barəsində olan cinayət işi baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 19-na təyin olunub."


                            SOCAR-ın qayığında partlayan BOMBA

Maraqlıdır, görəsən, 29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində SOCAR-ın qayığında partlayışın səsi "indi niyə eşidilir"?

Miq.Az-ın əldə etdiyi məlumata görə, ölümlə nəticələnən  partlayışla bağlı Azərbaycan mətbuatında heç bir xəbərə rast gəlinmədi. Lakin SOCAR rəhbərliyinin "MAMMAD AMİN RASULZADEH” gəmisinin batırılmasını mətbuatda tirajladığı vaxtda, 30 Oktyabr 2019  "Palmali” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva özünün şəxsi feysbuk səhifəsində bu mövzu ilə bağlı belə bir status paylaşmışdı:

""Palmali”nin "MAMMAD AMİN RASULZADEH” gəmisindən və Xəzər dənizində partlayan Socarın "N” adlı gəmidən bir necə söz demək istəyirəm ki, siz də biləsiniz. Niyə "N” adlı? Çünki, 1 nəfərin ölümünə, 2 neftçinin yaralanmasına səbəb olan partlayışın baş verdiyi qayığın adı heç bir yerdə yazılmayıb. İlk növbədə, həlak olmuş neftçinin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hazırda xəstəxanada olanlara isə səbr və tez bir zamanda sağalaraq ayağa qalxmalarını arzu edirəm.
 
"MAMMAD AMİN RASULZADEH” gəmisi və ətrafında olan qalmaqalı yəqin ki, unutmamısınız. Gecənin yarısı birdən-birə mediaya "Palmali”nin gəmisi batdı, "MAMMAD AMİN RASULZADEH” gəmisi köhnə olduğu üçün batdı və s. kimi başlıqlar sızdıran, elə həmin an hadisə yerindən çəkilmiş şəkillə birgə sevincək paylaşılan xəbərləri unutmadıq. Hərçənd gəmimiz nə batırdı, nə də batmağa hazırlaşırdı. O şəkilləri görəndə şoka düşdük. Necə oldu ki, gəmi vurulan zaman anında şəkillər çəkilib paylaşıldı. Sanki bu anı çəkmək ücün xüsusi təlimat verilmişdi. İndi isə, qayıdaq ötən gün partlayan "Socar”ın qayığına... 

Mediada paylaşılan şəkillərdə qayıq yoxdur. Faciəyə heç aidiyyəti olmayan yanan tanker şəkilləridir. Nə isə... Gəmidə 1 neftçi dünyasını dəyişib, ikisi isə yaralıdır. Bəs "N” adlı qayıqda partlayış hansı səbəbdən baş verib? Nəyə görə SOCAR tərəfindən növbəti açıqlama verilmir? O qayıqda ümumilikdə neçə nəfər olub? Onlar neçə təxliyə olunublar? Faciəyə səbəb texniki problem, yoxsa ehtiyyatsızlıq səbəb olub? Mən anlamıram, "Palmali” özəl şirkət olsa da, hər dəqiqə bizim "MAMMAD AMİN RASULZADEH” gəmisilə bağlı xəbərlər yenilənirdi. Yazılmayan uydurmalar qalmadı və bunların əsassız olduğunu bir-bir açıqlamalarımızla sübuta etdik. Bəs nəyə görə rəsmi qurum hələ də açıqlama yaymır? 1 adam çıxıb aydınlıq vermir ki, neftçı niyə bomba daşıyır? 1 nəfər dünyasını dəyişib. Bu, çox ciddi məsələdir. Vəfat edən neftçinin ailəsinə baş cəkən oldumu? Təkrar edirəm, ortada ölüm faktı var. Ölən də kiminsə atası, qardaşı, ən nəhayət, Azərbaycanın vətəndaşıdır."

Redaksiya olaraq, baş vermiş partlayışda həlak olan insanın ailəsinə başsağlığı veririk, yaralananlara isə tezliklə sağalıb şəfa tapmasını arzulayırıq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az