Soyuq məzarı isidən 32 yaşlı ÜRƏK

Soyuq məzarı isidən 32 yaşlı ÜRƏK

(Təzəcə həyatdan vaxtsız-vədəsiz köçmüş  Əmrəliyev Emil  Xanəli oğlunun  əziz xatirəsinə)

Kiçik ürəyimlə ürəkləri qızdırdım,
Bu odlu ürəyim qış oldu nədən.
Yaxşını yaşatdım, pisi azdırdım,
Bu kövrək ürəyim daş oldu nədən.

Başdaşınla üz-üzə qalmışam! Şəklinlə danışıram, əziz  Qardaşım! Sənin səssiz-səmirsiz qalmağına dözə bilmirəm. Həmişə həyata nikbin baxan  üzünün çöhrəsi nədənsə solubdu. Bəlkə də, ürəyindəkiləri açıb demək istəyirsən, amma deyə bilmirsən. Nə qədər arzuların o kiçik ürəyində yatıb, səninlə birlikdə əbədiyyətə qovuşub?! 

 Apreldə anadan olub, apreldə vəfat edən qardaşım! İyirmi gün olardı ki, 31 yaşını qeyd etmişdin, 32 yaşa qədəm qoymuşdun. 6 aprel 1986-ci ildə dünyaya göz açdın, kiçik ürəyinlə ürəkləri qızdırdın, 26 aprel 2017-ci ildə gözlərini əbədi yumdun, ürəkləri yandırdın.
 
Torpağın üzü soyuq olur. Günlər nə tez keçir, 40-ın yaxınlaşır, amma heç kəs sənin yoxluğuna inanmir. Toy mağarın, bəy stolun, ata-anan, qardaş-bacıların, dost-tanışların səni gözləyir. Qardaşın Arifin məzarın üstündə: "Emil, gəl! Başına dönüm gəl! Nə olar gəl!” söyləməsi insanları vahimələndirir, daşürəkliləri belə ağladırdı.

Ən gözəl və mərd xüsusiyyətlər səndə cəm olmuş, canına,qanına hopmuşdu. O xüsusiyyətlər hansıydı? Qorxmazlıq, əyilməzlik, mərdlik, düzlük, ürəyigenişlik,  ürəyiyananlıq... 

Ürəyitəmiz, ürəyiyanan Qardaşım! Uşaqlıq, məktəb illərin  bir lent kimi gözümün önündən keçir. 

Sən  məktəbdə əla qiymətlərlə oxuyar, istedad və bacarığınla yoldaşlardan seçilərdin. Bu xüsusiyyətlərinə görə bir sinif qabağa da atılmışdın. Şirin dilin, düzlüyün, mərdliyin, istedadın səni yoldaşlarına və müəllimlərinə sevdirmişdi.

2003-ci ildə orta məktəbi müvəffəqiyətlə başa vurdun, həmin ildə ali məktəbə qəbul oldun. Universitetə qəbul olduğun günü çox sevinclə qarşılamışdın.
2006-cı ildə Azərbaycan Dövlət İncəsənət Universiteti bitirdin,  əsgəri xidmətini başa vuraraq vətənə olan borcunu layiqincə yerinə yetirdin . İdmana daha çox maraq göstərdin. Bir parça çörək qazanmaq dalıyca 2011-ci ildə Rusiyanın Orsk şəhərinə üz tutdun. Orda qazandığın az məvaciblə yaşayırdın. Şirin dilin, mərdliyin, comərdliyinlə çoxlu dost- tanış qazandın. Qısa zaman kəsiyində Rusiya kimi böyük bir dövlətin ərazisində  tanındın, sözünü deyə biləcək insanlarla yoldaşlıq etdin. Orada yaşayan başqa millətlər arasında haqqı-ədaləti deməkdən çəkinmədin. 2012-ci ildən bəri doğma yurda gələ bilmirdin. Yurd, vətən həsrəti ilə alışıb yanırdın. Dost-tanışla tez-tez əlaqə yaradar, onların vəziyəti ilə maraqlanardın. Deyərdin: "Vətən üçün çox darixmişam, burada qərib qalmışam. Kaş ki, bu  qərib vilayyətə heç gəlməyəydim, vətənimdə işləyib orda yaşayaydım. Qəribçilik çox pis şeydir.”

Tale səni gör haralara apardı. Qəfil ölümün səni sevənləri qəlbən sarsıtdı. İgid və cəsurları, ölümün gözünə dik baxanları həyatda çox zaman belə görmüşük. Onlar sadəcə bir təsadüfün qurbanı olurlar...
Kəndimizin "Şotalata” qəbiristanlığında, yüz illərə şahidlik edən "Nil” ağaclarının altında bir yeni məzar qərar tutub. O məzar ki, onu öz əllərimizlə qazmışıq. Qazdıqca da inanmamışıq. İnanmamışıq ki, sən orda yatacaqsan, əbədiyyətə qovuşacaqsan. 
Yerişi, duruşu, baxışı, danışığı, boy-buxunu gözəl olan Qardaşım! Sənin məzarın yaşıl otlar, ağaclar, qızılgüllər arasında bəy taxt-tacını xatırladır. Böyük ürəyin yatan məzarın üstündəki şəklindən bu sözlər səslənir:

Ana, mənə az ağla!
Qış sızılda, yaz ağla!
Nə vaxt yadına düşsəm,
Ağ kağıza yaz, ağla!

Əzizim meşə mənsiz,
Dağ mənsiz, meşə mənsiz.
Qorxuram xiffət çəkə,
Yar dərdə düşə mənsiz.

Mən öldüm, yaram qaldı,
Oduma yanan qaldı.
Nə dünyadan kam aldım,
Nə də nişanam qaldı…

















Əfran Sucayev
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az