"Veteninfo.az"ın verdiyi xəbərə görə, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yaradılmasının beş illiyi tamam olur. 2007-ci ilin noyabr ayının 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə ölkənin sosial-siyasi və iqtisadi inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların aparılması, ali hakimiyyət orqanlarının proqnoz və təhlil xarakterli materiallarla təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi fəaliyyətə başlamışdır.
Yeni elmi-tədqiqat qurumunun yaradılması Azərbaycanın daxili, xarici və iqtisadi siyasəti, ölkədəki sosial proseslərlə əlaqəli məsələlərin təhlili, regional və beynəlxalq münasibətlərə dair strateji araşdırmaların, proqnozlaşdırmaların, sosioloji sorğuların aparılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması və s. istiqamətlərdə fəaliyyətin gücləndirilməsi zərurətindən irəli gəlmişdir. Mərkəz üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışmış, ölkə daxilində, regionda və beynəlxalq aləmdə cərəyan edən mühüm ictimai-siyasi, iqtisadi proseslərin, geosiyasi maraqların, müxtəlif zəminlərdə münaqişələrin, Azərbaycan dövlətçiliyinə, ölkənin hüquqlarına, sabitliyə, milli təhlükəsizlik mənafelərinə qarşı yönəldilmiş təhdidlərin proqnozlaşdırılmasında uğurlar əldə etmiş, qabaqlayıcı təkliflər və fəaliyyət proqramları hazırlamışdır.
Strateji Araşdırmalar Mərkəzi daxili və xarici siyasət, iqtisadi məsələlər və qloballaşma problemləri ilə bağlı məsələlərin tədqiqi ilə yanaşı analitik-informasiya, elmi-təşkilatçılıq, elmi-tədris və elmi-nəşriyyat sahələrində geniş fəaliyyət göstərməkdədir. SAM bir sıra mötəbər beynəlxalq tədbirlərə, o cümlədən bu ilin aprel ayında keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumuna ev sahibliyi etmiş, onun əməkdaşları xarici ölkələrdəki konfrans və müzakirələrin fəal iştirakçısı olmuş, dünyanın müxtəlif ölkələrindəki tərəfdaşları ilə iqtisadi-siyasi və sosial məsələlərə dair birgə layihələr həyata keçirmişlər. Dünyanın tanınmış siyasətçiləri, beyin mərkəzlərinin rəhbərləri, təhlilçi və ekspertlərindən ABŞ Kolumbiya Universitetinin nəzdindəki Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzinin direktoru Albert Bressand, Fransa Senatının üzvü Natali Qule, «Stratfor» İnformasiya-Analitik Agentliyinin prezidenti Corc Fridman, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənt Araz, İsrailin Hayfa Universitetinin siyasi elmlər fakültəsinin doktoru Brenda Şaffer, ABŞ-ın Jeymstaun Fondunun prezidenti Qlen Hovard və başqaları Strateji Araşdırmalar Mərkəzinin qonağı olmuş, azərbaycanlı həmkarları ilə səmərəli fikir mübadiləsi aparmışlar.
Ötən beş il ərzində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müasir siyasi, sosial-iqtisadi, sivilizasiya problemləri, eləcə də beynəlxalq münasibətlər, xarici siyasət, qlobal və regional təhlükəsizlik və s. sahələr üzrə qarşılıqlı faydalı təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılması, birgə tədqiqat layihələrinin icrası istiqamətində də uğurlar əldə olunmuşdur. Dünyanın 17 nüfuzlu beyin mərkəzi o cümlədən, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Rusiya Strateji Araşdırmalar İnstitutu, Varşava Universiteti Siyasi Təhlillər Mərkəzi, Argentina Beynəlxalq Münasibətlər Şurası, Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi, İslamabad Siyasi Tədqiqatlar İnstitutu, Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransa Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Milli Strateji Araşdırmalar İnstitutu, Beynəlxalq Soyqırım və Kütləvi Qırğınları Araşdırma Fondu və başqaları ilə elmi əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Yaxın gələcəkdə bu əlaqələrin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Strateji Araşdırmalar Mərkəzi xarici ölkələrdəki tərəfdaşları ilə birlikdə Rusiyada, Böyük Britaniyada, ABŞ-da, Almaniyada, Yunanıstanda, Ukraynada və Qazaxıstanda regional və beynəlxalq problemlərə dair doqquz elmi konfrans və dəyirmi masa keçirilmişdir.
Qısa müddət ərzində Azərbaycanda və bir sıra xarici ölkələrdə SAM əməkdaşlarının Azərbaycanın beynəlxalq ədaqələrinə, enerji təhlükəsizliyinə, iqtisadi məsələlərə, regional problemlərə, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 10-dək kitabı, onlarca elmi məqalələri müxtəlif dillərdə dərc olunmuşdur. Bu gün dünyanın aparıcı beyin mərkəzləri və siyasətçilərinin Strateji Araşdırmalar Mərkəzinin nəşrlərinə və onun dəstəyi ilə çıxan elmi əsərlərə, eləcə də «Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə. Uğurlar və imkanlar», «Resursların lənətinin fövqündə», «Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət», «Azərbaycan – Avropa iddialı ölkə», «20 il ərzində Rusiya-Azərbaycan münasibətləri: tarix və perspektivlər» kitablarına, «Azerbaijan Focus», «Caucasus International», «Strateji təhlil», «SAM-ın şərhləri», «SAM Review» jurnalların marağı artmaqdadır.
Elnur Eltürk