Süleyman Mikayılov: “Prezident deyir ki, iş adamları ilə icra strukturları bir yerdə işləməlidir”

Süleyman Mikayılov: “Prezident deyir ki, iş adamları ilə icra strukturları bir yerdə işləməlidir”

Süleyman Mikayılov: “Prezident deyir ki, iş adamları ilə icra strukturları bir yerdə işləməlidir”

“Vətəninfo.az” “Gündəlik Teleqraf” qəzetinə istinadən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müsahibəsini təqdim edir:

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüş məsələsi gündəmə gələndə maraqlı həmsöhbət imkanı əldə etmiş olduq. Çünki o neçə illərdir bir sıra qəzetdə ən çox tənqid hədəfinə çevrilən, haqqında müxtəlif məlumatlar gedən  məmurlardan biridir. Mikayılovun indiyədək haqqında yazılanlara özünün münasibətini öyrənmək baxımından da bu görüşə getmək maraqlı idi. Təbii ki, əvvəlcə Qaradağın indiki icra başçısının tərcümeyi halı ilə tanış olmaq ehtiyacı yarandı. Məlum oldu ki, keçmiş boksçu  Süleyman Mikayılov icra strukturlarında işə keçməzdən qabaq gömrükçü olub. Maraqlıdır, deyilmi? Ona görə söhbətə əvvəlcə gömrük məmurundan icra hakimiyyəti başçısı kürsüsünə keçidlə bağlı sualdan başladıq.  Onu da qeyd edək ki, S.Mikayılov əvvəlcə sualları təqdim edib cavabları yazılı şəkildə bir gün sonra götürməyi təklif etsə də, üzbəüz söhbətin daha maraqlı alınacağına razılaşdı. 

- Süleyman müəllim 2001-ci ilədək Bakı Baş Gömrük İdarəsində, sonra Dövlət Gömrük Komitəsində işləmisiniz. Gömrük işçisi sonra Yardımlıya, oradan Lənkərana icra başçısı göndərilib. Maraqlıdır, gömrük işçisi icra hakimiyyətinin başçısı vəzifəsində özünü necə hiss etdi?

- İcra başçısı işləmək o qədər də çətin deyil. Sadəcə, bütün sahələrdə olduğu kimi bu vəzifəyə təyin olunan adamın da ilk növbədə idarəçilik qabiliyyəti olmalıdır. Çətinliyə gəldikdə, mənim belə problemim olmayıb. 

- Siz hələ Lənkəranda işlədiyiniz vaxt Bakı şəhər icra hakimiyyətinin başçısı gətiriləcəyiniz haqda məlumatlar verilirdi. Sonra Qaradağa, belə deyək, paytaxtın bir addımlığına yeriniz dəyişdirildi. Yenə məlumatlar yayıldı ki, bu, Süleyman Mikayılovun Bakının icra hakimiyyətinin başçısı gətirilməsi üçün növbəti addım atılıb. Belə məsəl var, deyirlər, od olmasa tüstü çıxmaz.

 Bu məlumatlarda  həqiqətəuyğunluq varmı?

- Mənim Bakının icra hakimiyyəti başçısı yerinə iddialı olmağımla bağlı yayılanlar hamısı  söz-söhbətlərdir, tamamilə yalandır. Bizi vəzifəyə prezident İlham Əliyev təyin edir. İndiyədək mənə etimad göstərərək bir neçə rayona başçı göndərib. Bundan sonra da cənab prezident harada işləməyimi məqbul hesab edəcəksə, ora göndərəcək. Bu, mənim istəyimdən asılı olan məsələ deyil ki...

- Biz bu məsələyə qayıdacağıq...

- Bir daha deyirəm ki, heç bir əsası olmayan söhbətlərdir. O qədər buna bənzər məlumatlar yazırlar ki...

- Əvvəlcə Yardımlı, sonra Lənkəran. İndi də Qaradağdasınız. Təbii ki, nə qədər təcrübəniz olsa belə, cənub bölgəsindəki rayonlarla Qaradağda yaşayan əhali arasında müəyyən fərqlər var. Üstəlik, hər rayonun özünəməxsusluqları olur, həm iqtisadi-siyasi baxımdan, həm də əhalisinin xarakterinə görə. Yeriniz dəyişdiriləndə hansı problemlərlə, yaxud özəlliklərlə üzləşirsiniz, nələri ilk növbədə həll etməli olursunuz?

- Heç bir çətinliklə üzləşməmişəm. Əgər cənab prezident məni bu vəzifəyə təyin edirlirsə, deməli qabiliyyətimə də bələddir. Bəli, hər rayonun öz xüsusiyyətləri var. Əlbəttə, birində çətindir, birində asandır, insanların dünyagörüşləri bir-birindən fərqlənir, rayon yeri ilə şəhərin özünəməxsus fərqlilikləri var. Amma buna baxmayaraq, heç bir çətinlik olmur. Gündəlik işinlə məşğul olursan. İlk növbədə cənab prezidentin tapşırığıdır, əhalinin bütün problemlərini həll eləməliyik, infrastrukturu yaratmalıyıq, camaatı narazı salmamalıyıq. 

- Qaradağı paytaxtın giriş qapılarından biri hesab etmək olar. Son illər rayonda xeyli abadlıq, yenidənqurma işlərinin aparıldığı hiss olunur. Burada daha hansı iri layihələr nəzərdə tutulur?

- Prezident İlham Əliyevin sərəncamı ilə Sahil qəsəbəsində böyük gəmiqayırma zavodu, Ələt qəsəbəsində beynəlxalq dəniz limanı, yeni sement zavodu tikilir. Ümumiyyətlə, böyük layihələr çoxdur. Bundan başqa, bildiyiniz kimi cənab prezidentimiz “2011-2013-cü illərdə Bakı və onun ətraf kənd və qəsəbələrinin iqtisadi inkişafı dövlət proqramı” ilə bağlı sərəncamı vas. Həmin proqrama əsasən məktəblər, bağçalar tikilib, yollar asfaltlanıb. Qeyd edim ki, keçən il rayon ərazisində 200 min kvadratdan artıq yol asfaltlaşdırılıb. Bundan başqa, bu il Sahil qəsəbəsində dənizkənarı bulvarın tikintisi nəzərdə tutulur, ümumiyyətlə proqramdakılarə sadalasam xeyli vaxt lazım olar. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də su-kanalizasiya sisteminin yaxşılaşdırılması, məktəblərin, bağçaların, mədəniyyət evlərinin təmiri, yenidən qurulmasıdır.

- Yeni sement zavodunun tikiləcəyini qeyd etdiniz. Sahil qəsəbəsində belə bir zavod var. Mütəxəssislərin fikrincə, yeni zavodun tikintisi Qaradağda daha bir ekoloji problem mənbəyinə çevriləcək...

- Əgər sovet dövründə tikilən sement zavodları ekologiyaya təxminən 40 faiz zərər vururdusa, yeni tikiləcək zavodun zərəri 1-1,5 faiz nəzərdə tutulur. Çünki indi belə zavodlar yeni texnologiyalarla tikilir, bütün zərərli tozlar su vasitəsilə havaya buraxılır, nəticədə tozlar suda palçıq şəklində olur, havaya ancaq buğ çıxır. 

- Vəzifəli şəxsdən təbii ki, hamı razı qala bilməz. Sizcə, bu rayonda sizdən nəyə görə narazı qala bilərlər?

-Söhbətin nədən getdiyini dərhal hiss edən Süleyman Mikayılov onunla bağlı məhkəməyə müraciət edənləri misal çəkir: 

- Narazılar belələridir. Amma məhkəmənin də həm udan, həm də uduzan tərəfi var. Qaradağda məndən narazı olan adamlar qeyri-qanuni evlər, obyektlər tikənlərdir. Belə tikililərin sökülməsinə görə həmin adamlar məndən narazı qala bilərlər. Başqa elə bir narazılıq yoxdur. Bütün qəsəbələri gəzin. Son iki ildə bütün qəsəbələrdə işlər gedib, əlimizdən gələni edirik. Dünyada elə bir insan yoxdur ki, ondan hamı razı qalsın. Təbii ki, məndən də hamının razı qalması mümkün deyil.

- Sualı təsadüfən vermədim. Çünki 2011-ci ilin əvvəllərində mətbuatda sizin məhkəməyə verildiyiniz haqda məlumatlar gedirdi...

- Müxalifət qəzetləri silsilə xəbərlər təşkil edirdi. Məndən məhkəməyə şikayət ərizəsi verən bir-iki nəfərdir...

- Hətta mətbuatda yazırdılar ki, bununla da Süleyman Mikayılovun qara günləri başlayıb...

- Mənim qara günlərim niyə başlamalıdır? Sakitcə işimi görürəm. Sizin haqqında bəhs etdiyiniz həmin şəxslərin narazılıq etməyə haqları yoxdur. 

- Süleyman müəllim,  hətta bəzi məlumatlarda iddia olunurdu ki, siz bu rayona başçı gələndən sonra sahibkarlara sərt münasibətinizlə fərqlənirsiniz...

- Qəzetlərdə adı çəkilən sahibkardan başqa siz gedin hər bir sahibkarın qapısını döyün, görün məndən narazı bir nəfər tapa biləcəksinizmi? 

- Məlumatlardan biri beləydi: ”Binə” və “Sədərək” ticarət mərkəzlərinin rəhbərləri yuxarı instansiyalara müraciət edərək sizin onların işlərinə mane olduğunuzu çatdırıblar...

- Mən bu haqda məlumatı oxumamışam. Həm “Binə”, həm də “Sədərək” özəl müəssisələrdir. Onlarin işinə aidiyyati orqanlardan başqa heç bir kəsin müdaxilə etməyə haqqı yoxdur. Cənab prezident də son vaxtlar  tez-tez deyir ki, iş adamları ilə icra strukturları bir yerdə işləməli və onlara maksimum kömək etməlidirlər.  Mən də köməkdən başqa bir şey etmirəm. 

- Lənkəranda işləyəndə demişdiniz ki, “Məktəb direktorlarının çoxu dövlət himnini və dövlət bayrağının hansı rəngdə olduğunu bilmir”. Qaradağda necə, belə problem varmı?

- Şükürlər ki, o bir neçə il qabaq olub. Getdikcə insanlarımızda vətənpərvərlik artır. Qaradağda elə şeylərə rast gəlməmişəm.

- Qaradağda da müəyyən  sosial problemlər olmamış deyil. Ən aktual problem nədir? Bu, əhalinin məşğulluğu ilə bağlıdır, yaxud digər məsələlərdir.

- Əhalinin məşğulluğu ilə bağlı Qaradağ rayonunda heç bir problem yoxdur. Bu gün məşğulluq mərkəzimizdə 300-ə yaxın boş iş yeri var. Ən aşağı maaş da 130-140 manatdır. Əgər kimsə  istəsə gedib işləyə bilər. Bilirsiniz, hər kəs yüksək maaşlı işdə işləmək istəyər. Amma işləmək də lazımdır axı. Bir var bekar durasan, bir də var gedib işləyib evə 100 manat pul aparasan. Ona görə Qaradağ rayonunda işsizlik problemi insanların özündən asılıdır. Gələcəkdə də sadaladığım böyük layihələr həyata keçəndən sonra Qaradağ rayonunda heç bir problem olmayacaq. 

- İcra hakimiyyətləri ilə bələdiyyələr arasında fəaliyyət necə qurulub? Bəzən belə iddialar irəli sürülür ki, icra hakimiyyətləri bələdiyyələrin sərbəst fəaliyyətinə mane olur, müdaxilə edir...

- Bu problemdən söhbət gedə bilməz. Bələdiyyələr sərbəst bir qurumdur, özləri işlərini görürlər. Əlbəttə, icra hakimiyyəti nəzarət edir. Bəzi bələdiyyə sədri yerində olmaya bilər. İstədiyi torpağı, istədiyi adama, istədiyi qiymətə sata bilərlər. Bilirsiniz ki, bizdə bələdiyyələr hələ o dərəcədə təkmilləşməyib, gəlirləri o qədər də yüksək deyil. Ona görə icra hakimiyyəti onların işinə müdaxilə yox, bəzi hallarda nəzarət edə bilir. 

- Söhbətimizin əvvəlinə qayıtmaq istərdim.  Bu sualı da təsadüfi vermirəm. Çünki siz Lənkərana icra başçısı təyin olunanda, Qaradağa yeriniz dəyişdiriləndən də bəri icra hakimiyyətləri arasında haqqında ən çox müxalifət mətbuatında yazılanlardan biri sizsiniz. Ümumiyyətlə, özünüz üçün heç götür-qoy etmisinizmi ki,  həqiqətəuyğun olmasa belə, niyə bu qədər çox yazılır?

- Məsəl var: “soğan yeməmisənsə, için niyə göynəyir”. Mən də soğan yeməmişəm ki, içim göynəsin. Yazırlarsa,  cavab vermirəmsə, istənilən qəzet təkrarən yazacaq ki, mən onlara da cavab verim. 

- Bunun əks tərəfi də var. Bəzən fikirləşirlər ki, əgər cavab vermirsə, bizim yazdıqlarımız doğrudur...

- Əgər qəzet normaldırsa, o hər kəsdən yazır. Yaxşı işləyən adamlar haqda həmişə yazıblar. 

- Amma bəzən müəyyən vəzifədə olan adamlar haqqında yazılanların həqiqət olmadığını iddia edib məhkəməyə müraciət edirlər. Hansısa belə məlumat olubmu ki, həmin mətbuat orqanını məhkəməyə vermək barədə düşünəsiniz?

- Yox, belə hərəkət mənim xarakterimə uyğun deyil. 

- Bəs hər hansı məlumatı dərc edən qəzet sonradan bununla bağlı sizin münasibətinizi öyrənməyə cəhd edibmi?

- Bəlkə də olub. Amma bu cəhdlərin sorağı bizə gəlib çatmayıb. 

- Qaradağda sizin siyasi müxalifətiniz necə, varmı?

- Qaradağda müxalifət adına heç nə yoxdur. Ümumiyyətlə, heç bir hüquqi dövlətdə belə müxalifət ola bilməz. Bu müxalifət artıq qocalıb, ömrünü başa vurub. Bunlar haray-həşir salıb özlərini sığortalamaqla məşğuldurlar. Son mitinqdə də müxalifətin nə qədər zəif olduğu bir daha təsdiqləndi. Ora 10 mindən çox adamın yığışdığını iddia edirlər. Sanki uşaq başı aldadırlar. Həmin meydanın ərazisi elədir ki, hətta adamlar bir-biri ilə qucaqlaşıb dayansa belə, cəmisi 1200-1300 adam sığışar. Bunlar üçün ideal lider məfhumu yoxdur. Əgər uzun illər bir yerdə olduqları adamlar artıq üz çevirib gedirlərsə, bundan ilk növbədə özləri nəticə çıxarmalıdırlar. Belə adamlar cəmiyyətdə hansı nüfuzu qazana bilərlər? Xalq hərəkatı başlayan dövrdə mən Naxçıvanda yaşayırdım və bir çox proseslərin müşahidəçisi olmuşam. Atın qabağına gətirib ət, itin qabağına ot qoyurdular. 

- Siz Azərbaycan Boks Federasiyasının vitse-prezidentisiniz. Sizcə, boksçularımız London Olimpiadasında hansı uğurları qazanacaqlar?

- Mən həm də dünya boks federasiyasi və Azərbaycan boks federasiyası icraiyyə komitələrinin də üzvüyəm. Olimpiadaya gəldikdə, ümid edirik ki, Azərbaycanın boks tarixində təkrarlanmayan bir uğura imza atmalıyıq. Bizim boksçularımız London Olimpiadasına beş lisenziya qazanıb. Aprelin 15-dən 21-nə qədər də Trabzonda son Avropa lisenziya turniri keçiriləcək, ora da beş boksçumuz gedir. İnşallah, orada da bir neçə lisenziya əldə edəcəyik.

- Rinqdə uğurlarınız olubmu?

- Çox. SSRİ idman ustasıyam.

- Sizin tərcümeyi-halınızla maraqlananda məlum oldu ki, aprelin 27-də 50 yaşınız tamam olur. Tez olmasına baxmayaraq, imkandan istifadə edib sizi yubileyiniz münasibətilə təbrik edirik. Eyni zamanda bilmək istərdik: arxada qalan həyatınızı ğzünüz necə dəyərləndirəsiniz?

- Təbrik, həm də ilk təbrik üçün minnətdaram. Xoşbəxtəm ki, xalqıma xidmət edirəm. Mən harada çalışmışamsa, bu niyyətimə həmişə sadiq qalmışam.  İlk dəfə əmək fəaliyyətinə isə məşqçiliklə başlamışam. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az