”Suriyada davam edən olayların regional hədəfi isə İrandır”

”Suriyada davam edən olayların regional hədəfi isə İrandır”

Son vaxtlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdən biri də ərəb dünyasında baş verən olaylardır. Tunisdən başlayan və müxtəlif ərəb ölkələrini bürüyən inqilabların davamı özünü daha qanlı şəkildə Suriyada göstəməkdədir.

Bu sözləri “Vətəninfo.az”a Azərbaycan parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Suriyada cərəyan edən hadisələri şərh edərkən bildirib.

“Məsələyə daxili faktorlar kontekstindən baxdıqda Suriya inqilabının əsas məqsədi 44 illik diktatura rejiminə son qoymaqdır. Xalqın üsyan etməsinə əsas səbəb səmərəsiz və ədalətsiz idarəçilik sistemi və həm də ədalətsiz münasibətdir. Məhz bu səbəbdən insanlar hakimiyyətə üsyan etdilər. Ölkədə inkişaf ləngiyir.Xalqın xeyli hissəsi pis yaşayır. Xalq baş alıb gedən ədalətsizliklərdən bezib. Mülki vətəndaşlar arasında ölüm halları günbəgün artır. Bununla belə beynəlxalq dəstək getdikcə üsyançıların müqavimət gücünü artırır”,-deyə Əli Məsimli qeyd edib.

Millət vəkili onu da bildirib ki, məsələyə region kontekstindən yanaşdıqda ərəb dünyasında başladılan və hazırda Suriyada davam edən olayların regional hədəfi isə İrandır.

“Məsələyə qlobal səpgidən qiymət versək, ərəb dünyasında, həmçinin Suriyada başladılan hadisələrin qlobal hədəfi isə diktatura və avtoritar rejimlərdir. Hadisələrin hansı ssenarı və miqyasda getməsindən asılı olaraq proseslərin geniş miqyaslı müharibə müstəvisinə keçməsi ehtimalı getdikcə artır. Amma bütün variantlarda ərəb dünyasında baş verən olaylar Hüsnü Mübarəkin, Qəddafinin ardınca Əsədin də, sonra isə hazırkı İran rejiminin və əksər diktatura rejimlərinin süqutu ilə sonunclanacaq. Azərbaycan bu olayların baş verdiyi regionda yerləşdiyindən, birbaşa olmasa da, dolayı yolla bizə də təsirsiz ötüşməyəcək.Bu özünü hələlik Suriya ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi cəhdləri şəklində göstərməkdədir. Azərbaycanın bu proseslərdən hifz olunmasının mağistral yolu cəmiyyət həyatının bütün sahələrində demokratik islahatların dərinləşdirilməsindən, inhisarçılığa, korrupsiyaya, məmur özbaşınalıqlarına, ədalətsizliklərə qarşı mübarizənin və sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılmasından keçir”,-deyə millət vəkili vurğulayıb.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az