Şuşa erməni hərbi məktəbi

Şuşa erməni hərbi məktəbi

Zahid Oruc

Düşmən də olsa,hansı məntiqə dayandığını təyin etməyə çalışırsan.Hətta Hitler kimi paranoyanın belə söykəndiyi fəlsəfəni və çıxardığı qərarları Stalin kimi tiran bir neçə gediş əvvəldən hesablaya bilirdi.

Qarabağda ermənilərin qurduğu gələcək hamının diqqət mərkəzindədir.Bütün dünyada açıq cəmiyyətə və qarşılıqlı mədəni-iqtisadi mübadiləyə can atıldığı,rifah dövləti formalaşdığı bir dövrdə ermənilər Şuşada hərbi məktəb tikintisinə qərar veriblər.Bizi təkcə mədəniyyət paytaxtımızın dəyişən statusu narahat eləmir.Müharibədən çıxmış bir nəslin erməni uşağına və gəncliyinə göstərdiyi yol hamını düşündürür.Tökülən qanlar və ələ keçirilmiş ərazilər növbəti yüzilliyin böyük iştahasına töhfələr verib. 1890-cı ildə Daşnaksütyun yaradılarkən də məhz oxşar taktikadan,hərbi-siyasi elementlərin birliyindən istifadə olunmuşdu.

Tarixdə qılıncla yazılan saxta qəhrəmanlıqların üzərində özünü bədbəxt edən yeni bir toplum meydana çıxıb.Qarabağ siyasi rejimi vətəndaşına ayrı nə təklif edə bilərdi? Onların mülki cəmiyyət quruculuğu,qanunçuluq və ədalət meyarları bizim milli müqavimət gücümüzü xeyli sarsıda bilərdi.Lakin onlar sübut etdilər ki,quldarlıq dövrünün istinktləri ilə yaşayırlar.Universitetlər yaratmaq, beynəlxalq elmi mübadilələr həyata keçirmək əvəzinə Şuşada istehkamlar qazılır.Fransanın və Rusiyanın hərbi təcrübəsini öyrənəcəklər.Bizim hər qarış Vətən torpağını qalib komandirlərin diliylə döyüş xəritələrinə və əməliyyat sənədlərinə daşıyaraq hərb elminin sirləri mənimsəyəcəklər.

Budur onların şərti düşməndən sonra hər buraxılış imtahanlarının canlı hədəfləri-azərbaycanlılar üzərində əla qiymətlər qazanmağa yönələn məktəb standartları.Qəhrəmana ehtiyac duyan millətlər natamamlıq sindromundan həmişə əziyyət çəkmişlər.Diasporanın çiyinlərinə yüklənmiş bu hərbi məktəb sabahkı döyüşlərin zabitlərini hazırlamaq üçün Suvorovun adının kölgəsinə sığınıb.Hansı məntiqdən hərəkət etdikləri bu yerdə başa düşülür.Rus sərkərdələrinin Şuşanın keçmişində qalan əməllərini və yaddaşlardakı izini qaytarmaq üçün bu ən yaxşı üsuldur.Onlar tarixən ruslarla çiyin-çiyinə vuruşmuşlar.Azərbaycan bu iki milləti bir-birindən ayıra bilmədi.

Onların milli varlığını qoruyan xeyli mifik və gerçək simaları var.Tiqrandan Baqramyana qədər böyük bir ölüm eskadrilyasının şücaəti üzərində müasir gəncin mübarizə və savaş ideologiyasını qurmaq zaman məsələsidir..Bu dərslər və təlimləri keçən uşaqların ataları birinci Qarabağ savaşının iştirakçılarıdır.Arxalarını söykəməyə görün nə qədər “rəşadət səlnamələri” mövcuddur!

Lakin tarixin başqa dərsləri də var.Ən güclü məktəblər belə yad torpaqlarda uduzurlar.Peşəkar ordu real Vətən anlayışına söykənmədən güclü ola bilməz.Yeni nəsil ermənisi Qarabağa özününkü baxmır. Onlar hər zaman mənəvi dünyalarında azərbaycanlıların üstünlüyünün qorxusu altında yaşayırlar.Bizə döyüş meydanından öncə beyin cəbhəsində erməniləri məğlub etmək gərəkdir! Zəka gücü müharibəni qazanmağın açarıdır!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az