Ekspertlərə görə, bu layihə Azərbaycan hökumətinin sevdiyi ritorikadır
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşması yolunda Azərbaycan hökumətinin atdığı addımlar ekspertlər tərəfindən müsbət dəyərləndirilir. İqtisadçı ekspertlər bu layihəni Azərbaycan üçün çox mühüm hesab edirlər.
Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 milyard ABŞ dollarına başa gələcək. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, TANAP-ın böyük üstünlüyü ondan ibarətdir ki, Azərbaycan qazını Türkiyə üzərindən Avropa bazarına özü çıxaracaq: “Digər konsorsium iştirakçıları ilə deyil, digər şirkətlərdən asılı vəziyyətdə deyil, özü bunu həyata keçirəcək. Qazın qiymətini özünün bazarlaması məsələsi də ortalığa çıxır. Bu, Avropa bazarında Azərbaycanın öz qazını satması ilə söz sahibi olacağından xəbər verir. Hökumətin bu illərdə atdığı ən düzgün addımlardan biridir. Çünki TANAP layihəsi Türkiyə ərazisindən keçir, digər ölkələrin burada iştirakı o qədər də əhəmiyyət kəsb etmir. İkincisi, TANAP ”Bakı-Ərzurum" kimi artıq çəkilmiş layihənin davamı olacaq. Türkiyə ilə hər hansı tarif anlaşmalarına getdikdən sonra qazın böyük hissəsinin Avropa bazarlarında bazarlamasını Azərbaycan özü həyata keçirəcək və qiymət anlaşmalarını da özü müəyyən edəcək".
Ekspertin sözlərinə görə, bununla belə, TANAP həcm olaraq o qədər böyük deyil ki, Avropanın enerji təhlükəsizliyinə ciddi təsir göstərsin: “Bu, Azərbaycan hökumətinin çox sevdiyi bir ritorikadır. Onu nəzərə almalıyıq ki, Avropanın qaz istehlakı 700 milyard kubmetrdən yuxarıdır. Amma Azərbaycan cəmi 7-8 milyard kubmetr qaz satacaq. Ancaq çoxşaxəlilik nöqteyi-nəzərindən və burada da Avropa bazarına digər oyunçular kimi birbaşa daxil olması, orada da Rusiyanın hegemonluğunun bir az azaldılması nisbətində həm Azərbaycan, həm Avropa baxımından çox mühüm layihədir”.
N.Cəfərlinin sözlərinə görə, Rusiya əsas Transxəzər qaz kəmərinin və Nabucco layihəsinin həyata keçirilməməsinə çalışırdı: “Artıq bu layihənin reallaşmayacağı hamıya bəllidir. Nabucco daha iri bir layihə idi. 32-35 milyard kubmetrlik qazın Avropa bazarına çıxarılmasını nəzərdə tuturdu. Bu layihədə həm Türkmənistanın, həm İranın, həm İraqın iştirakı nəzərdə tutulurdu. Rusiyanın əsas prioriteti bunun həyata keçirilməsinə mane olmaq idi, buna da nail oldu. Ona görə TANAP layihəsinə daha az kəskin reaksiya bildirdi. Əksinə, ciddi şəkildə mane olmağa çalışmadı”.
“Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban isə qeyd edir ki, TANAP layihəsinin Azərbaycan üçün əhəmiyyəti odur ki, əgər bu, həyata keçməsə, faktiki olaraq Azərbaycanın nəzərdə tutulan qaz layihələrinin heç biri həyata keçməyəcək. Ona görə ki, həm “Abşeron” yatağının işlənməsi, “Azəri-Çıraq-Günəşli”nin dərin qatlarında olan qaz laylarının işlənməsi, o cümlədən “Babək”in işlənməsi və ondan sonra açılacaq qaz yataqları əhəmiyyətini itirəcək. Çünki qazın ixracı üçün faktiki olaraq heç bir marşrut yoxdur. Hətta Rusiya üzərindən belə indiki olan “Hacıqabul-Mozdok” qaz kəmərinin reallıqda buraxıcılıq gücü maksimum 4 milyard yarımdan yuxarı deyil. Bununla da iş hasil olmur. O baxımdan TANAP layihəsinin ilkin etapı ilkin 16 milyard kubmetrdir. O da bütün bu layihələrə start verilməsi üçün əsasdır. Onun etap-etap genişləndirilməsi bu layihələrin də işlənməsinə səbəb olacaq".
İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80 faiz, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir. ARDNŞ ona məxsus olan səhmlərin 29 %-ni “Şahdəniz” Konsorsiumundakı tərəfdaşlarına - BP, “Statoil” və “Total” şirkətlərinə təklif edib. Artıq məlum olub ki, BP və “Statoil” bu layihədə hərəyə 12%, “Total” şirkəti isə 5% pay əldə etmək niyyətindədir.
Müsavat