Tanınmış dilçi alim Akif Məmmədov VƏFAT ETDİ

Tanınmış dilçi alim Akif Məmmədov VƏFAT ETDİ
Azərbaycan elminə itki üz verib

Bu gün, iyunun 11-də Bakı Slavyan Universitetinin (BSU) Müasir Azərbaycan dili kafedrasının dosenti, tanınmış dilçi alim Akif Məmmədov qəflətən vəfat edib. 

Miq.Az-ın məlumatına görə, Akif Güləli oğlu Məmmədov 17 may 1953-cü ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. 1970-ci ildə orta təhsilini başa vurub, 1971-1975-ci illər arasında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirib. 

1975-1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləyib. 1981-1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990-1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçi olub. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri vəzifəsində çalışıb. 

1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında "Orfoqrafiya təlimində etimoloji təhlildən istifadə (V-VIII siniflərin materialları əsasında)” adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 

1993-1995-ci illərdə "Futuroloq” Fasiləsiz Təhsil Kompleksində, 1993-2001-ci illərdə M.F.Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirib. 1991-1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olub. 

1996-1998-ci illərdə "Mütərcim” jurnalında məsul katib və redaktor, 1995-ci ildən indiyə kimi "Turan” humanitar liseyində (indi BSU-nun Məktəb-Lisey Kompleksi) bir müddət direktor müavini, sonralar Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri, həmin kompleksdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib. 
 
Allah rəhmət eləsin!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az