Vətəninfo.az - Prezident yanında Gənclər Fondunun dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Tariximizə Muzeylərin Gözü ilə Baxış" adlı layihənin bağlanış tədbiri keçirilmişdir. Layihənin bağlanışında Gənclər Fondunun əməkdaşı və layihə iştirakçıları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Hüseynova bildirib ki, əsas məqsəd gənclərin muzeylərə olan marağının artırılması, tariximiz və milli-mənəvi dəyərlərimizlə daha yaxından tanışlığının təmin edilməsidir. Layihə çərçivəsində Heydər Əliyev mərkəzinə, oradakı "Azərbaycan inciləri” sərgi zalına, AMEA Milli Azərbaycan Tarix Muzeyinə, eyni zamanda Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiyalar təşkil olunmuşdur.
Heydər Əliyev Muzeyində gənclər Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında müasir eksponatlar vasitəsilə maraqlı məlumatlar əldə etmişlər. "Azərbaycan inciləri” sərgi zalında tariximizi və milli-mədəni irsimizi əks etdirən nümunələr layihə iştirakçılarının geniş marağına səbəb olmuşdur.
AMEA Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya zamanı layihə iştirakçıları Azərbaycanın eramızdan əvvəldən indiyədək olan tarixi dövrü, eləcə də, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə əyani şəkildə eksponatlar əsasında tanış olmuşlar.
"Tariximizə Muzeylərin Gözü ilə Baxış" layihəsinin icrası zamanı gənclərin aktiv iştirakı müşahidə olunmuşdur. Bu layihə bilavasitə onların muzeylərə olan marağınının artırılmasında rol oynamışdır.