“Təəssüflər olsun ki, bu, hadisə baş verdi"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov bir müddət əvvəl Mingəçevirdə polis bölməsində bir
gəncin ölümü ilə insanlar arasında yaranan narahatlığa aydınlıq
gətirib.
Vətəninfo.az-ın ANS TV-yə istinadən məlumatına görə, Əli Həsənov səbəbindən asılı olmayaraq belə
bir hadisənin baş verməsini pisləyib. O, həmin hadisənin Dövlət
Başçısının nəzarəti altında olduğunu və araşdırıldığını deyib.
"Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi
bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak
olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa olsun, yaxşı hal
deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin
vətəndaşın özü olubdu, istər ehtiyatsızlıqdan olub, istər
məsuliyyətsizlikdən olub, istərsə də ortada cinayət faktı var və yaxud
yoxdur”, - deyə Əli Həsənov bildirib.
Dövlət rəsmisi insanların narahatlığını anladığını, lakin bunun ictimai asayişi pozmaq üçün səbəb olmadığını deyib.
"Təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da
oldu. O cümlədən Mingəçevir şəhər ictimaiyyətinin, mərhumun qohumlarının
narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki,
əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı
şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdı. Digər insanların
təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq
üçün başqa hadisələrə zəmin yaratmamlıdır”, - deyə prezident
administrasiyasının İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
əlavə edib.