Torpaq uğurunda öləni sevir

                             Torpaq uğurunda öləni sevir
                                                                                       
İrаdəlik çоx еcаzkаr şеydir. Оnun vаsitəsi ilə dаğlаrı yеrindən оynаtmаq mümkündür.                                                            
                                                                                                               Cеk London
                                                                                  …Ayakta durmayın,oturun,    
                                                                                  ben sizi ölmüş zannediyordum,
                                                                                  hücreme pencereden girdiniz.
                                                                                  Yüzünüzde yıldızların aydınlığı
                                                                                   hoş gelip,sefalar getirdiniz...
                                                                                                       Nazim Hikmət
 Doğrudan da belədir: Torpaq uğrunda öləni sevir. Sevmək və ölmək qorxusu olan xalq heç vaxt azad ola bilməz. Mübariz bizə sevmək və ölmək dərsi keçdi. Böyük dərs aldıq. Mübariz bizə Qarabağda mübarizə yolunu da göstərdi...

Vətən uğrunda ölənlərə öldü deməyin, onlar hər zaman diridilər.Ölümləri ilə ölümsüzlük qazanan igid oğullarımızın timsalında bunun bir daha şahidi olduq. Mübariz İbrahimov kimi. Az yaşadı,ancaq bir dünyaya dəyəcək həyat yolu keçdi. Bir qəhrəmanlıq tarixi yazdı, igidlik məktəbi yaratdı. Hələ orta məktəbdə oxuyarkən qəlbindəki səs, könlündəki duyğu onu çox uzaqlara soraqladı. Yağı tapdağında qalan yurd yerlərinin təəssübünü çəkməyə səslədi. Səsinə səs verdi qəlbindəkilərin. Seçimini etdi. Hərbi məktəbin tələbəsi olmaq şərəfinə nail oldu. Bu şərəf hələ onu çox uzaqlara aparacaqdı, apardı da… 

Daxili Qoşunların "N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə xidmət etdi və 2007-ci ildə çavuş rütbəsi ilə xidmətini başa vurdu. Və bununla da onun hərbi həyatının yeni səhifəsi açıldı. 2009-cu ildə gizir rütbəsində hərbi xidmətdə çalışan Mübariz İbrahimov öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə getdi. Gedişi ilə ömür səhifəsinə daha bir qəhrəmanlıq hekayəsi yazdı. Qaynar və qızğın döyüşlərin ön sıralarına tələsdi, yağıya göz dağı verən döyüş nümunələri göstərdi. Odla oynadı, ölümlə baş-başa gəldi. Qorxmadı, qorxmazlıq məktəbinin müdavimi olduğunu cəsarəti ilə sübut etdi. Ölümə arxa yox, sinə çevirdi. Düşmənin ordusuyla tək canıyla döyüşdü. 

2010-cu ilin iyunun 18-də gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Yağılar qorxudan ölüsünə belə yaxın durmaq cəsarəti tapmadılar bir neçə gün. Dirisini deyil, ölüsünü əsir almaqla öyündülər. Hətta  cəsədi verməməklə də hədələdilər. 5 ay duruş gətirmək imkanları oldu. Əlləri ilə sərhədə qədər gətirdilər. Vətən onu oğul, xalq onu igid, dövlətimizsə qəhrəman kimi qarşıladı. Ölkəsinin fəxrinə çevrilən Mübariz dövlətinin bayrağına sarılıb müqəddəs məkanda-Vətən torpağında dəfn olundu.

Ana Uca Tanrı ilə müqayisə olunur. "Ana haqqı-Tanrı haqqı” deyib müdriklər. Biz "Ana Vətən” deyib ananı havasını udduğumuz,çörəyini yediyimiz,üstündə gəzdiyimiz Vətənə,"Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Ana xeyir-duasını, ata öyüdünü unudmadı son yazdığı məktubunda: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam-ağlamayın. Əksinə, sevinin ki,o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasıda müstəsna xidmətinə və göstərdiyi igidliyə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Sərəncama əsasən, bu gün Biləsuvar rayonunun orta məktəblərindən biri Mübariz İbrahimovun adını daşıyır. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adınadır.

Bu adı əbədiləşdirmək üçün "İstiqlal” snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz” adlandırılıb. Türkiyədə yaşayan azərbaycanlı iş adamı,"Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun tərəfindən 2011-ci ildə "Palmali” şirkətinin Türkiyədə hazırladığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov” adlandırılıb.

Uğrunda vuruşduğu, canından keçdiyi, qəlbi, duyğusu və qanıyla bağlı olduğu vətəninin şəhidləri sırasında uca bir yerə sahibləndi. Könüllərdə taxt qurdu, beyinlərdə heykəl yaratdı. Ölümüylə ölümsüzlük qazanmanın çətin, amma mümkün yolunu göstərdi. Dedi ki,dar gündə, kədərli anda haraya oğulu gedən torpaqlar həmişə yaşar olurlar, ölməzlik qazanırlar. Uyduğu torpağın oğullarına ölümüylə mesaj da verdi. Bayraqları bayraq yapan üstündəki qandı, torpaq əgər uğrunda ölən varsa, vətəndir. Vətəni vətən edən, düşmənə qan utduran oğullar olduqca, düşmən həmişə səksəkədə olacaq, yuxusu ərşə çəkiləcək, obalarına huzur gəlməyəcək… 

Dünyaya anlatdığı məktəb və böyük məqamlar da oldu Mübarizin. İgid qanı ilə suvarılan torpaqların qəhrəman yetirməsi təbii və gözlənəndi. Davamı olacaq. Əyani sübutu Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının və ordusunun şanlı tarixi qələbəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin əmrini gözləyirlər ki, düşmənə layiq olduqları cəzanı versinlər. Azərbaycanın bu gün döyüş hazırlığı,maddi-texniki təchizatı, kifayət qədər silah-sursatı, peşəkar ordusu,ruh yüksəkliyi də qələbənin təminatına əminlik yaradır. 
Bu torpaqların çox MÜBARİZLƏRİ var, onlar fürsət və imkan gözləməkdədirlər.
                                 ...Fakat artık ümit yetmiyor bana,
                                    Ben artık şarkı dinlemek değil,
                                    Şarkı söylemek istiyorum...
Fürsətin və ümidin  gözündə qalmasın,VƏTƏN!
                       
Elşən ALARBƏYLİ


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az