Toğrul İsmayıl:”Lavrovdan başqa cür açıqlama gözləməyə dəyməzdi”

Toğrul İsmayıl:”Lavrovdan başqa cür açıqlama gözləməyə dəyməzdi”

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıllın “Vətəninfo.az”a müsahibəsi

- Toğrul bəy, Rusiya xarici işlər nazirinin Azərbaycan səfərinin necə dəyərləndirirsiniz? Xüsusilə, səfərin pərdəarxası məqamları haqqında nə deyə bilərsiniz?

-Bilindiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfərini başa vurduqdan sonra Bakıda təmaslarını davam etdirib. Rəsmi məlumatlara görə, onun Azərbaycan və Ermənistana səfəri Moskvanın bu ölkələrlə diplomatik münasibətlərinin 20 illiyi ilə bağlıdır. Lakin istər Ermənistanda, istərsə də Azərbaycanda Rusiya xarici siyasət idarəsi rəhbərinin kifayət qədər kritik əhəmiyyət kəsb edən mövzular ətrafında danışıqlar aparacağı əvvəldən bilinirdi. Bakıya gəlişindən əvvəl Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla apardığı danışıqlardan sonra mətbuat qarşısında Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın qoşulmağa hazırlaşdığı “Transxəzər” qaz kəməri layihəsinə dair bəyanatlar verib. 

Aprelin 3-də Bakıda aparılan danışıqlarında Azərbaycan və Rusiya XİN rəhbərləri - Elmar Məmmədyarov və Sergey Lavrovun Dağlıq Qarabağ məsələsinin nizamlanması yenə müzakirə mövzularından biri olub. Lavrovun fikrincə, “status-kvo” “nə Azərbaycanın, nə də xarici aləmə çıxış əldə etmək istəyən Ermənistanın maraqlarına cavab vermir”. Lavrov həmçinin BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi fikri ilə də razılaşmayıb.  Bu zaman o, qeyri-dəqiq faktlar göstərib. Ümumiyyətlə, Lavrov problemin güc yolu ilə həllinə qarşı çıxıb. 

Lavrovun sözlərindən də anlaşılan odur ki, Rusiya Qarabağın işğalına dair BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini dəstəkləmir. Təsadüfi deyil ki, məhz bu fikirlərdən sonra Məmmədyarov Rusiyalı həmkarına etiraz edib. O bildirib ki, qətnamələrinin “qüvvədə olma müddəti” yoxdur, onlar yerinə yetirilməlidirlər. 

Əslində, S.Lavrovdan başqa cür açıqlama gözləməyə dəyməzdi. Çünki bu diplomat ilk növbədə Rusiyanın maraqlarını müdafiə edən açıqlama ilə çıxış etməliydi. Hazırda Rusiyanın başlıca məqsədinin yenidən Azərbaycan və Gürcüstanı tam təsir dairəsinə qaytarmaqdır. Bu minvalla Moskva yenidən regionu tam nəzarəti altına almağa çalışır. Məhz bu səbəbdən Sergey Lavrov Xəzər hövzəsindən istifadə məsələlərinə xarici oyunçuların müdaxiləsini yolverilməz adlandırıb. Lavrov xarici oyunçuların, bu halda Avropa İttifaqının Xəzəryanı dövlətlərə hörmətlə yanaşmalı olduğu qənaətini vurğulayıb. Rusiya XİN başçısı ölkəmizi “Transxəzər” kəmərindən uzaq durmağa çağırmaqla səfərinin əsl məqsədinə üzə çıxardı. Demək ki, Kreml bölgədəki vəziyyətdən ciddi şəkildə narahatdır. Bir sözlə, Rusiya regiondan çəkilmək istəmir, buraları hələ də öz “arxa bağçası” olaraq görməyə davam edir. əfsuslar olsun ki, bu militarist yanaşma Rusiyanı Ermənistanı və onun ərazisini bir hərbi baza kimi istifadə etməyə məcbur edir və bu hələlik Ermənistanda iqtidarda olan güclərin işinə yarayır. Lavrov bu tip açıqlama verərək Rusiyanın regiona iddialı olduğunu göstərir. Lakin vəziyyət dəyişməkdədir, daha öncə də qeyd etdiyim kimi, bu ölkə istəsə də, istəməsə də dünyada gedən prosesləri və geopolitik dəyişmələri qəbul etməlidir. 

Qeyd edək ki, xarici işlər nazirlərinin görüşündə Qəbələ RLS-in Rusiya tərəfindən icarəsi haqqında sazişin müddətinin uzadılması üzrə danışıqları prosesinin sürətləndirilməsi məsələsinə toxunulub. Həmçinin görüşdə Xəzərin hüquqi statusu ilə bağlı məsələlər, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması məsələsini də nəzərdən keçiriblər.

- Ümumiyyətlə, bəzi ekspertlər bu səfəri İranla bağlı əlaqələndirirlər. Siz necə düşünürsünüz Rusiyanın İran məsələsində Azərbaycana hansısa təzyiqlərin etməsi mümkündürmü? 

- Azərbaycan coğrafi mövqeyi səbəbindən Rusiya Federasiyası, Ermənistan və İranın geopolitik əhatəsi altındadır. Rusiya və İran, mənfəətləri istiqamətində Xəzər dənizində özlərindən başqa neft istehsalçılarını və Qərb şirkətlər vasitəsilə Qərb ölkələrinin buradakı neft üzərində söz sahibi olmalarını istəmirlər. Buna görə də 1991-ci ildə Azərbaycanın müstəqilliyinə qovuşaraq Xəzər nefti üzərində pay sahibi ölkələrdən biri olması həm Rusiyanı, həm də İranı narahat etmişdir. Rusiya XİN başçısının ölkəmizi “Transxəzər” kəmərindən uzaq durmağa çağırışı bunu bir daha təsdiqləyir. Bundan başqa Azərbaycanın Israildən 1,6 milyardlıq silah alma sövdələşməsi həm Rusiyanı, həm də Iranı qıcıqlandırıb. Çünki Rusiya Azərbaycanı silah bazarı kimi itirmək istəmir. Iran isə Israili özünə düşmən görür. Daha sonra İran islam Respublikası ilə əlaqəli olduğu iddia edilən bəzi şəxslər İsrail rejiminə qarşı hücum planlaşdırma ittihamı ilə Bakıda həbs olunub. İslam Respublikası, torpaqlarını “Mossad” agentlərinə istifadə etdirdiyini söyləyərək, Azərbaycana sərt reaksiya verib. Xüsusilə dünya mətbuatında Azərbaycanın hərbi hava bazalarına İsrail rejiminin girişinə icazə verildiyini xəbərləri, ikili əlaqələri ciddi şəkildə zədələyəcək məsələlərdir. Hərçənd ABŞ səlahiyyətliləri ortada «yazılı bir şey» olduğuna inanmadıqlarını, ancaq İsrail rejiminin qırıcılarının bir hücumdan sonra Azərbaycana eniş icazəsini istəməsi və bu icazəni alacağı istiqamətində şübhələrinin olmadığını söyləyirlər. Digər tərəfdən xəbərin dərc olunmasından dərhal sonra rəsmi Bakı bu iddiaları təkzib etdi və Azərbaycanın öz torpaqlarından İran, Türkiyə, Rusiya və Gürcüstana istiqamətlənmiş hər hansı bir hərəkətə icazə verməyəcəyini bəyan etdi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın Türkiyə və Qərb yönümlü bir siyasət izləməsi, İran ilə əlaqələri hər zaman gərgin tutur. Azərbaycan, Türkiyənin də dəstəyi ilə Qərbə yaxınlaşaraq bölgədəki Qərb nüfuzunun artmasına səbəb olmuşdur. Bu da anti-qərb və anti amerikan politika izləyən İranın Rusiya ilə bölgədə maraqlarını daha da yaxınlaşdırmışdır. Rusiya və İran Avropa İttifaqı və NATO-nun Cənubi Qafqazda rolunun artmasını bütün vasitələrlə əngəlləməyə çalışırlar. Ona görə də Rusiyanın İran məsələsində Azərbaycana hər zaman təzyiq etmə ehtimalının mümkünlüyünü gözardı edə bilmərik. Əslində, bu cür şəraitin yaranmasının səbəblərindən biri bəzi Qərb ölkələrinin Rusiyanın addımlarına zəif reaksiya verməsidir. Rusiya bu cür siyasətinə qarşılıq görmədiyi üçün təzyiqlərini daha da artırmaqdadır.

- Bəs,  Vladimir Putin dönəmində Azərbaycan-Rusiya əlaqələri yeni müstəviyə keçə bilərmi?

- Unutmamaq lazımdır ki, Rusiyanın bölgəmizdə silahlı güc göstərisi Qərb tərəfindən daha liberal olaraq dəyərləndirilən Medvedevin prezidentliyi zamanı gerçəkləşmişdir. Prezident kürsüsünə daha qətiyyətli Vladimir Putin qayıdışı, problemlərə yanaşma tərzini daha da dəyişdirəcək. Qeyd etmək lazımdır ki, bölgədəki problemləri hazırkı vəziyyətdə saxlamaq artıq mümkünsüz görülür. Əgər Putin sərt daxili politikasını xarici siyasətinə də yansıdarsa, o zaman Rusiya keçmiş SSRİ ərazisində mövcud olan bütün münaqişələrin donunun açılmasında candan maraqlı olacaq. Lakin Rusiyanın Cənubi Qafqazda belə bir militarist konsepsiya ilə iştirakı üçün artıq çox az əsas var. Əgər Rusiya bölgədə bir güc olaraq qalmaq istəyirsə, xüsusilə də yenə regional faktorların da rolunu doğru dəyərləndirərək, konseptual yanaşmasını regional rəqabətdən daha ziyadə, regional əməkdaşlığa yönəltməlidir. Bünün üçün də Rusiya hələ əski zamanlardan qalma bölgədəki separatist gücləri dəstəkləməkdən vaz keçərək, yerli mərkəzi hakimiyyətlərlə daha səmimi əməkdaşliq yaratmalı, Cənubi Qafqazdakı dövlətlərin ərazi bütünlüyünə hörmətlə yanaşmalıdır. Konkret olaraq Vladimir Putin dönəmində Azərbaycan-Rusiya əlaqələrinə gəlincə, bir sıra məsələlərdə ölkələrin maraqlarının zid olmasına baxmayaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə inanıram. Çünki bu ölkələr hələlik qonıudurlar və hər iki ölkənin geopolitik olaraq bir-birinə ehtiyaci vardır.

 - Bu il Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa fəallığı gözlənilirmi?

- Sergey Lavrovun səfərindən Qarabağ münaqişəsinin həllində Rusiyanin mövgeyinin dəyişmədiyini hiss etmək mümkündür və bunun da Azərbaycana yalnız mənfi istiqamətdə təsir göstərəcəyini qeyd edə bilərəm. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirməsində maraqlıdır. Bu yolla o özünün bölgədəki mövqeyini qorumağa davam edir. Münaqişə tərəflərinin keçirdikləri görüşlərdən sonra səslənən bəyanatlara baxmayaraq, Qarabağ məsələsinin nizamlanması üzrə vəziyyət son illər daha da pisləşib. Birgə bəyanatlarda nəzərdə tutulan bir sıra müsbət anları istisna etməklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması formatında heç bir dəyişiklik yoxdur. Bununla yanaşı, danışıqlarda irəliləyişin olmaması diplomatik danışıqlarla deyil, böyük regional siyasətlə bağlıdır. Mən danışıqlar prosesində əvvəllər təklif olunmayan hər hansı yeni fikirin ortaya atılacağını və bu fikrin də irəliləyişə səbəb olacağını düşünmürəm. Rusiyanın Dağlıq Qarabağ məsələsinə yanaşması bəllidir. Hələ zamanında Gürcüstandan çıxarılan hərbi hissələrin Ermənistanda Türkiyə sərhədinə yerləşdirilməsi, Ermənistana edilən milyardlarla dollarla ifadə edilən silah yardımı bilinən həqiqətlərdir. Ona görə də Rusiyanın yaxın gələcəkdə Qafqazdakı siyasətini dəyişdirəcəyindən bəhs etmək imkansızdır. Hətta Rusiyanın Qafqazdakı ağırlığını artırmaq üçün, bölgəyə daha çox müdaxilə etmə ehtəmalı olduqca yüksəkdir.

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az