Tovuz nümayəndə heyətinin səfəri haqqında və yaxud Qəhqəhə doğuran "ittihamlar"

Tovuz nümayəndə heyətinin səfəri haqqında və yaxud Qəhqəhə doğuran
Humanizmdən yararlanan jurnalistlərin xamlığına subyektiv münasibət!

Bəri başdan bildirim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "jurnalistlərlə humanist davranın" göstərişinə maksimum əməl edildiyinə son on ildə dəfələrlə şahid olmuşam və bu humanizmin müsbət tərəfləri ilə yanaşı, bir çox hallarda sui-istifadəyə də imkan yaratdığını da görmüşəm. Daha çox reket və işbaz jurnalistlərin "bulanıq suda balıq tutub quru çıxması" ümumilikdə jurnalistikanı və mətbuatı gözdən salmağa gətirib çıxarıb. Professionallıq prinsiplərini əldə tutub Mətbuat Şurasından bu qaragüruh dəstəsinə qarşı əməlli-başlı qalxmağı tələb etmək də andıra qalmış demokratiyanın ziddinədir. Bir tərəfdən humanizm, bir tərəfdən də... möhtəkirlik. üstəlik də arada-sırada həqiqi demokratlara olan təzyiqlər vəziyyəti "qızıl qızdırma" həddinə çatdırır. O ana qədər susmaq olur ki, day dillənməli olursan.

Ölkədəki demokratik şərait indi kimə gəldi sayt, qəzet, holdinq açmaq şansı verir və bundan da əsasən daha çox maraqlı qüvvələr yararlanır - istər müxalifət, istərsə də bəzi iqtidar nümayəndələri tərəfindən "qara gün üçün" bir xeyli adı "müstəqil" olub missionerliklə məşğul olan sayt fəaliyyət göstərir ki, "tyomnaya loşadka" tipində orbiti bəzəyirlər. İstənilən halda uduzan və gözdən düşən jurnalistikadır.

"Zatına-südünə" bələd olduğumuz saytları izləməmək şansımızdan kullanmaqla bacardığımız qədər "belə"lərini görməzlikdən gəlsək də, bəzən dillənməli oluruq - tanıdıqlarımız və tanımadıqlarımız haqda "ittihamlar" qəhqəhə doğurur. Adı çəkilənlərdən tam tanıdığımız olanda, haqlarında deyilən haqsızlıqlara münasibət bildiririk. Vətəndaşlıq və peşə borcu olaraq. Digər tərəfdən, "ay dövlət malına qəsd edildi, ay korrupsiya fontan vurdu, ay dağıtdılar" yazanların növbəti buraxılışlarda vətənşüvənliklərindən əsər-əlamət qalmır və bu... təəssüf doğurur! Çünki bu vətənşüvənlərin "patriotluğu"nun qədərinin hansı məbləğlə ölçüldüyünü də sonda biz bilirik. Və o faktlarla ki, haray-həşir salırlar, həmin faktlar daha o "cahanşümul vətənpərvər yazarları" maraqlandırmır, narahat etmir... 

Bir neçə gün öncə "AzMedia.info" saytında "Tovuzun Konyak qardaşı və icra hakimiyyətinin Paris keyfi" yazısını oxudum. İcra başçısı da, şəhərin icra nümayəndəsi də tanıdığım adamlardır. Və ittihamlara doğrudan da qəhqəhə çəkdim. İlk növbədə, əgər iki şəhər qardaşlaşıbsa, bundan ölkə rəhbərinin xəbəri varsa, gediş-gəliş bu şəhərə olmalı deyilmi? Bəlkə qardaşlaşdığı şəhəri - Konyak əvəzinə Florensiyaya getməlidilər? Neçə dəfə gedilibsə, deməli, bundan ölkə rəhbərliyi xəbərdar olub! İkincisi də, icra başçısı elə bir vəzifədir ki, hətta başçı rayonun kəndinə gedirsə, məlumat verilir ki, o hansı kənddədir və bunun adı daxili ezamiyyətdir - bunu anlamayan adamların ittihamı absurddur. İkinci tərəfdən, adama deyərlər ki, bütün ezamiyyət xərcləri müvafiq təşkilatlarla, ilk növbədə maliyyə nairliyi ilə razılaşdırılır, Tofiq Zeynalov, Yaşar İbrahimov bankdan necə istədikləri qədər pul götürə bilərlər ki, Parisdə keyf eləsinlər? Əgər adam bilmirsə ki, xaricə gedən dövlət təmsilçilərinin nümayəndə heyətini səfirlikdə aidiyyatı adamlar qarşılayır və yola salır, səfər planı anbaan təsdiqlənir, onda hansı jurnalistlikdən danışmaq olar? Parisdə səfərdə olan nümayəndə heyətinin üzvləri hər gün nahar və şam yeməklərini qayıdıb Tovuzda icra hakimiyyətinin yeməkxanasında yeməlidirlər ki? Bəlkə özləriylə evdən sosiska-kolbasa, şor-dürmək götürməlidilər? Bu boyda ciddi ittihama qoşulan - Tofiq Zeynalovun qohum-əqrəbasını və yaxın adamları daxil olmaqla otuza qədər adamı Fransaya yazan jurnalistin əgər bu faktı dəqiqləşdirməyə bacarığı yoxdursa, hansı haqla ittiham edir? Nə çətin məsələ imiş ki, öyrənmək Konyak şəhərinə Tovuzdan 30 yox, 3 nəfər, başçı, şəhər meri, 1 bələdiyyə üzvü və Mədəniyyət Nazirliyindən də 3 nəfər - tarçalan, kamançaçaln və 1 müğənni gedib? Qalanı 24 nəfərin "pripiskası" yazının ciddiliyini puça çıxarmırmı? Dövlətin pullarının talanıb Konyakda ev alınmasına gəlincə, doğrudan da müəllif bilmir ki, bu ölkədə manatın yox, qəpiyin də hesabı aparılır? Onda araşdırmağa dəyməzmi o qədər pulu Tofiq Zeynalova və Yaşar İbrahimova kim rəva görüb ki, aparsın qohumları adına Konyakda ev alsın - bəlkə maliyyə naziri Samir Şərifov, ya milli bankın sədri Elman Rüstəmov, bəlkə...
Adam bu qədər xamlıq eləməz, cənablar. Hesablama Palatası ildə iki dəfə maliyyə yoxlaması aparır və hələ bir beş il əvvəl yoxlamasını apardığını da təzədən yoxlayıb, sonra arxivə verir!

O ki qaldı Tovuzun Bayraq meydanının və Heydər Əliyev adına parkın abadlaşdırmasına pul tapılmamasına, mən Tofiq Zeynalovun və Yaşar İbrahimovun bir neçə il əvvəl məhz buraları abadlaşdırdıqlarına görə ittiham olunmağına aid yazını da təqdim edə bilərəm - onda da iddia eyniydi: dövlətin pulu dağıdılır...

Görüşlərdən yayımlanan məclis şəkillərinə gəlincə, sadəcə, sual vermək bəs edər: Konyaka hüzr məclisinə getmişdilər, ya işgüzar münasibət qurmağa?
ƏN SONDA: Yaşar İbrahimovu Tovuzda hamı Tofiq Zeynalovun sağ əli və "kassası” kimi tanımasına, yəni Tovuzun "korrupsiya bossu” kimi hər gün dövlətin hesabına daha çox varlandırdığı icra başçısının "maliyyə işləri”nə nəzarəti həyata keçirməsinə, həm də özünü varlandırmasına gəldikdə isə, Yaşar İbrahimovu tanıdığım adam kimi yazıram: Yaşar İbrahimov durar gələr Bakıya, adamı öz maşınında apapar Tovuza, gördüyü işləri də göstərər, qazandığı pulun mənbəyini də, dəqiq bilmədiyin faktların əvəzinə gözlərinlə gördüyün dəqiq faktları da verər qoltuğuna, qaytarar Bakıya... Ki, kişisən, dur get, indi də həqiqəti yaz! Bax onda, "Tovuzdakı mənbə"ni tapmaqda İnterpol da aciz qalar!!!
Yaraşmaz, dostlar, həmkarlar, yazarlar, vətənpərvərlər, həqiqətpərəstlər, araşdırmaçılar, daha nələr, nələr!
Olmaz!
Ayıbdı!
İttiham qarşı tərəfi susdurmalı və problemi həll etdirməlidir, qəhqəhə doğurmamalıdır!

Aydın Məmmədoğlu
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az