“Qaraqalpaqların Özbəkistandan ayrılmaq istəməyi barədə yayılmış xəbərlər cəfəngiyyatdır”
Məlum olduğu kimi Özbəkistanda hazırda özbək türkçəsi ilə yanaşı rus dili də dövlətin rəsmi dilidir. Lakin Özbəkistan dövləti rus dilindən bu statusu götürəcək. Belə ki, 2013-cü ildən Özbəkistanda yalnız özbək dilinin rəsmi dövlət dili statusunda qalması barədə qanun qəbul edilib.
Bunun ardınca isə məhz bu səbəbdən Özbəkistanda yaşayan Qaraqalpaq türklərinin etiraz aksiyası keçirməsi və iqtisadi böhranı da əsas gətirərək Özbəkistanın tərkibindən ayrılaraq, müstəqil dövlət qurmaqla bağlı tələblər irəli sürmələri barədə xəbərlər yayıldı.
Türk Hərəkatı İctimai Birliyinin Özbəkistan Təmsilçiliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda Özbəkistanda türk boyları arasında heç bir münaqişənin olmadığı və bu cür xəbərlərin yalnız təxribat xarakterli dezinformasiyalar olduğu bildirilir.
“Özbəkistanda rus dilinin rəsmi statusunun ləğvi Rusiyanın müstəmləkəçi və imperialist siyasətinə zərbə olduğundan Rusiya bunun qarşısını almaq üçün hərəkətə keçib. Postsovet məkanının hər yerində olduğu kimi Özbəkistanda da imperiya qulları var və onlar verilən tapşırıqları can-başla yerinə yetirirlər.
Bu baxımdan kimlərincə cəhd etdiyi hər hansı bir təxribatı Qaraqalpaqların milli iradəsi kimi təqdim etmək yanlışdır. Milli yöndə qəbul olunmuş bu qərara Qaraqalpaqlar nədən etiraz etsinlər ki?!
Bu cür xəbərlər də dezinformasiyadan başqa bir şey deyil. Özbəkistan dövləti artıq qanunu qəbul edib və 2013-cü ildən dövlətin rəsmi dili yalnız özbək dili olacaq” deyə bəyanatda bildirilir.