Türkiyənin ağır yükü, yoxsa gələcəyə sərmayəsi?

Türkiyənin ağır yükü, yoxsa gələcəyə sərmayəsi?

Hazırda Türkiyədə rəsmi rəqəmlərə görə, 1,8 milyon suriyalı qaçqın var. Lakin qeyri-rəsmi olaraq Türkiyədə daha çox qaçqının olduğu iddia edilir. Onlar hər yerdə var. Türkiyənin ən uzaq vilayətlərində belə hər yerdə suriyalı ilə rastlaşmaq mümkündür. Xüsusən də İstanbulda və cənub-şərq vilayətlərində suriyalılar daha da çoxdur.

Türkiyə dövləti 2011-ci ilin yayından başlayaraq savaşdan qaçan suriyalılara qucaq açıb. Cənub-şərq vilayətlərində əvvəlcə qaçqın düşərgələri təşkil olundu, ancaq tezliklə məlum oldu ki, qaçqınlar üçün düşərgələr yetməyəcək. Həm də qaçqın sayı o qədər oldu ki, hökumət bu axını nizamlaya bilmədi. Nəticədə indi Türkiyənin artıq hər bölgəsində suriyalı qaçqınlar var.

Türkiyə hökuməti bu qədər böyük qaçqın ordusu üçün nəhəng miqdarda maliyyə xərcləyir. Bir sıra ərəb dövlətləri, BMT və Avropa ölkələri dəstək versə də, bütün ağırlıq Türkiyənin üzərindədir. Suriyalı qaçqınlar üçün Türkiyə hökuməti pulsuz tibbi sığorta təmin edib, o cümlədən bir sıra güzəştlər müəyyən olunub. Bir sıra dövlət universitetlərində suriyalı gənclər ödənişsiz təhsil almaq imkanına sahibdirlər.

Türkiyə hakimiyyətinin suriyalılarla bağlı fəaliyyəti yüksək humanizm nümunəsi olmaqla yanaşı, eyni zamanda uzaq gedən strateji Orta Şərq planına hesablanıb. Ankara yaxın dönəm üçün olmasa da, uzaq dövr üçün Suriya planının təməllərini atır. Türkiyədə nə qədər ağır olsa da, yeni suriyalı gənc nəsil ordusu yetişir. Bu gənclər Türkiyədə dövlətin himayəsi altında təhsil alır, təminat altındadırlar. Bu insanların böyük bir qismi (2 milyon az rəqəm deyil, Suriya əhalisinin 10 faizi deməkdir – K.R.) gələcək Suriyada önəmli qüvvəyə çevriləcəklər. Yalnız Suriyada deyil, etnik və dil baxımından bütün ərəb regionunda.

Bu gənclər Türkiyə dövlətinin gələcək Yaxın Şərqə böyük açılım planının əsas avanqard qüvvəsi olacaqlar. Bu həm də bir növ daha əvvəl mövcud olan dil və etnik baryerin aşılması demək olacaq. Bu mənada, Türkiyənin suriyalı qaçqınlarla bağlı yükün altına girməsinin arxasında ağıllı və uzaqgörən siyasi planın dayandığını söyləmək olar.

Lakin suriyalı qaçqınlar həm də Türkiyənin daxilindəki vəziyyət üçün Ankaranın maraqlarına cavab verir. İndi müşahidələr onu göstərir ki, suriyalı qaçqınlar artıq Türkiyə küçələrində kürdləri sıxışdırırlar. Məlum olduğu kimi bir neçə il əvvələ qədər, elə indi də qismən də olsa Türkiyənin iri şəhərlərində "küçə gücü” kürdlərdə olub. Küçədə qara işlərdən, səyyar ticarətə, xuliqanlara qədər böyük əksəriyyət kürdlərdən ibarət idi. Bu isə Türkiyə dövləti üçün ciddi təhdid idi. Onsuz da küçəyə sahib olan kürdlər istənilən zaman PKK və onun yan təşkilatları vasitəsilə hökumətə qarşı səfərbər olunmuş qüvvəyə çevrilirdilər. Və böyük təhlükə olmuşdular.. Ancaq indi küçədə kürdlər yalnız deyillər. Onlarla birlikdə, bir çox şəhərlərdə əvvəllər kürd gənclərin nəzarət etdiyi küçələrdə indi Türkiyə hökumətinə simpatiya bəsləyən, ən azı az iddiası olan, hər an deportasiya qorxusu başı üzərində olan suriyalılar var. Artıq suriyalılar sayəsində kürdlər küçənin əsas gücü olmaqdan çıxıblar. Bu isə indiki mərhələdə Türkiyə dövləti üçün uyğundur. Suriyalı qaçqınlar küçələrdə daha çoxdular və daha əvvəl kürdlərin olduğu yerlərdə indi onlar var. Hətta gələcəkdə nə zamansa Türkiyə küçələrində suriyalı və kürd toqquşmaları baş verərsə, buna təəccüblənmək lazım deyil. Kürdlər artıq Türkiyədə küçə "hakimiyyətini” tədricən itirməkdədirlər.

Bu mənada suriyalı qaçqın mövzusu Türkiyə üçün ağır yük olsa da, bir tərəfdən də Türkiyənin marağına cavab verir. Daha doğrusu, Ankara qaçqın yükünün əvəzini digər mövzular vasitəsilə yüngülləşdirməyə çalışır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az