Bayandurlu Məzahir əmi...

Bayandurlu Məzahir əmi...
 Aydın Canıyev
 
Azərbaycan:
İngilis üçün neft,
fransız üçün gül-çiçək,
fars-rus(erməni) üçün torpağını işğal etməyə müstəmləkə,
yapon üçün bu boyda və belə gözəl torpaqların məhv edilməsini görüb nə inkişaflar yapacaqlarına həsrət,
axır vaxtlar ərəb üçün "Tarqovı”da və Qəbələdə-Kürdəmirdə quş və "quş” ovlamaq  
anlamında cazibədar, sevimli, arzulanandır!
Azərbaycana gələn, gəzən ancaq nəf-xeyir arzusuyla gələr, nadir hallarda ola bilər, əgər o da olsa, ingilis, fransız, rus, fars, ərəb... ADAM görmək, SÖZ eşitmək istəyər!
Adam! İnsan! Dahi!
Bəlkə də ilin 300 günün fırfıra kimi başına fırlandığım bölgələrimiz mənim üçün... yarpaqdır, havadır, sudur, kələ-kötür, əyri-üyrü yoldur, baxmayaraq ki, Bakı-Qazax yolu gedəndə maşın sürmək gözdən düşür, Lənkəran-Astara yolu gedəndə uçmağa qanad da bəs eləmir, amma İranın havası adamı vurur, Quba-Xaçmaz rusun soyuğuyla üzünü qarsır, Şəki-Zaqatala bir az uzaq olmağıyla böyüklük (ərazi anlamında) zövqü yaşadır, istənilən halda hər yer SÖZDÜR, İNSANDIR mənim üçün, mən dəqiq, dəpdəqiq bilirəm ki, hər yerdə, hər bölgədə insanımız, sözümüz var və təəssüf edirəm ki, mən İnsanımızı və Sözümüzü ancaq və ancaq elə özümüzünkülərə təqdim edirəm – dünyaya təqdim etmək lazımdır amma! Bilirəm, yazmağın zövqünü dünyaya təqdim edə bilməməyimin acısı təəssüfə çevirir!  
İldə bir dəfə Ağstafaya-Tovuza-Qazaxa elə çayxanada oturub "öölöm” eşitmək üçün, Bəxtiyar Hidayəti, Gülağa Ağazadəni (başqa adları çəkmirəm ki, "persona non-qrata”lığım əleyhlərinə olar) görməyə, Quba-Xaçmaza Ramiz Qusarçaylını, Zakir Məmmədi, Cəmil Məmmədlini ziyarətə, Gəncəyə "qaddan alım” eşitməyə, Cümhüriyyət paytaxtını görməyə, Lənkəran-Astara day məlum, Şəki-Zaqatala Azərbaycan və azərbaycanlı sədaqətinin Fərhad Musayevin, Vəli Əkbərin timsalında təcəssümünə ehtizaza gəlməyə, Aşağı və Aran Qarabağ barıt iyini almağa, güllə mənzilində çörək kəsməyə, döyüş qəhrəmanlığına şahidlik etməyə nə gözəl "turizm məkanı”...
Hər dəfə "eşq olsun” yazanda elə bilirlər "bölgələrə təftişə” gedirəm, onçun da belə ətraflı və gendən-uzaqdan başladım: mən hər yerə Azərbaycan Sözünün və Azərbaycan İnsanının ardınca gedirəm!
Gedirəm və arzularıma qovuşuram – İlahinin və İlahi adamların lütfündən həm də!
Bu dəfə Qəhrəman Tərtərdə o xəzinəyə rast gəldim, daha doğrusu, həmkarımız İradə İsakın təqdimatıyla: Bayandurlu kəndində!
Həmişə düşünmüşəm və qəbul etmişəm ki, bütün ingilislər, almanlar, fransızlar dahi deyil, onların da qız zorlayanı, oğurluq edəni, korrupsioneri, dələduzu var, onçun da azərbaycanlıların hər birinin Nizami Gəncəvi olmasını tələb etmək, ummaq yersizdir, sadəcə, potensialdan doğru istifadə və yöntəmi düzgün istiqamətləndirmə xilasa apara bilər! Xilas da elə budur: rus, fars, ərəb və başqa qəsbkarlar nə qədər güclü olsa da, yeniləcək!
... Bir neçə dəfə Telli Pənahqızının bir bənd şeirini paylaşmışam, bir dəfə isə bir səhifə yazı yazmışam:

Sizə qurban olum, ay kənd adamı
O toya getməyin, getməyin nolar!
Bəy üzüdönmüşün xəyanətinə
Şahidlik etməyin, etməyin nolar!

Hər kənddə bircə dəfə bir qızın ürəyini ələ alıb aldadan oğlanın toyuna getməsəydi bu xalq... indi kəndlərində orta məktəbdə oxuyan qızları hamilə qalmazdı, özünü öldürməzdi, zorlanmazdı!
21-ci əsrdən, qloballaşmadan danışırıq, inteqrasiya iddiasındayıq, nə avropalı, nə skandinavlı, nə pribaltlı kimi BİRCƏ KƏNDDƏ nümunə yarada bilmişik, karbonlu pafosumuzun dəm qazından hər gün ölməkdəyik! 
İndi dediklərinin hamısını yox, bir istiqamətini çatdıracağım Məzahir əmiyə qulaq assaq, nə mutlu bizə!
Asarıqmı? Mənim işim tapmaq,  təqdim etmək idi!
Əslində, niyə Məzahir əmi? – aşıq ədəbiyyatını, elmin müxtəlif sahələrini, ezoterikanı, fəlsəfəni, musiqini yaxşı bildiyinə görəmi? Başda Ramiz Mehdiyevi, İsa Həbibbəylisi AMEA-lı, Ədəbiyyat, Tarix, Fəlsəfə İnstitutlu heç biri... Bayandurluda oturan Məzahir əmi qədər produktiv düşüncə sahibi deyil tumuyla birgə xalq və dövlət üçün! Hərçənd biz – sadə-sıravi, öləri nümayəndələr olaraq, məhz dövlət himayəsində olan o boyda institutlardan, təşkilatlardan almalıydıq o bilgiləri, o istiqamətlərdə aparılan araşdırmaların bəhrəsini: buğda... yoncalıqda alaqdır, yonca buğdalıqda alaq!
Bəri başdan deyim ki, bu yazıda Məzahir əmiylə söhbətin mənim təqdir etdiyim tərəfi yer alır, halbuki adamı danışdırmaq lazımdır... saatlarla... günlərlə... Ki, dinləyəsən, dinləyəsən yol gedə-gedə, yemək yeyə-yeyə, yəni... qulaq lazımdır dinləməyə, eşitməyə təkrar-təkrar: anlamaq, addım atmaq üçün! Yazı oxumaq məhdudiyyət yaradır, vaxt itkisidir, dinləmək isə heç diqqəti də yayındırmır, boşuna gedən vaxtdan beynin yaddaşı, ruhun sarı simi, təfəkkürün təkamülü üçün qazanc kimi istifadə etmək, yararlanmaq olar!
Nə isə...

Danışır Bayandurlu kənd sakini Məzahir əmi:

- Xalqın dünyaya gələn hər bir övladına ilk növbədə milli xüsusiyyətləri təlqin olunmalıdır! Bizdə təəssüf ki, xalqda və dövlətdə peyvəndə-calağa meyllilik var, böyük və dahi Bəxtiyar Vahabzadə bunu "mədəni nadanlıq” adlandırırdı! Biz ayrı millətlərin xüsusiyyətlərini bilirik, öz milli xüsusiyyətlərimizə isə laqeydik! Özünü tanıyan xalqı dünya tanıyacaq! Öz mənəviyyatını biləndən sonra, iddialarını ortaya qoya bilərsən! İlk növbədə, insan öz kökünü bilməlidir – yeddi arxa dönəninəcən: "səcdə əzasının yeri yeddidir”! Aşıq Ələsgərin qıfılbəndini Aşıq Bəhmən, Aşıq Nəriman belə açıblar! Xalqın dilini bilmək lazımdır – kitab oxumaqla, qrammatik qaydaları əzbərləməklə yox! Alman dili dava dili, fransız dili sevgi dili, italyan dili səmimi dildi, Şərqə gələndə... şərq dilləri dünyəvi dillərdi, fars dili poeziya dilidi, hamısı da birtərəfli dildi, amma Azərbaycan dili bərabərdir musiqi üstəgəl poeziya! Səs vasitəsiylə ifadə olunan mənəviyyat Azərbaycan dilində möhtəşəm alınır! Qanına hopsa bu musiqi-mənəviyyat, təbiəti gördüyün kimi, musiqini də görəcəksən!
Məzahir əmi səs xəzinəmizin muğam boxçasını açır:
- "Rast” muğamın atası,
- "Şur” anası,
- "Segah” qızı,
- "Çahargah” oğlu,
- "Bayatı-şiraz" gəlini,
- "Mahur" yeraltı-yerüstü sərvəti,
- "Humayun" babası,
- "Şüştər" nənəsidir!
"Rast”ı bilməyən tarixi bilməz, oxuyar, əzbərləyər, amma görə bilməz, xronikanı bilər, tarixi görmək lazımdır!
Ana-qaynana "Şur” muğamını bilsə, evdə münaqişə baş verməz!
Seyid Şuşinski deyirdi ki, xanəndə oxuduğu muğamı görməlidir, oxuyanda özünə qulaq asa-asa oxumalıdır!
SÖZARASI: İranda Seyiddən soruşurlar ki, sənə bərabər xanəndə varmı? Deyir, Məşədi Məhəmməd Fərzəliyevin güclü səsi və savadı var, zil səsi yoxdur, ikincisi, "Zabul Qasım”ın zil səsi var, musiqi savadı yoxdur!
Köhnə kişilər, böyük xanəndələr deyiblər ki, toyu yazda-yayda "Simayi-şəms”lə, qışda-payızda "Şahnaz”la başlayarlar, ŞAH naz la, nökər nazla yox!
Səsi görmək lazımdır ki, rəngini təyin edəsən! Bunu da bacarmaq üçün təsəvvürünə gətirməlisən, bu da xalqın milli xüsusiyyətlərini biləndən sonra mümkündür! "Qurani-kərim” belə yeddi kök üstə oxunur – mollaların  dediyinə görə! Azan "Hicaz” üstə oxunur!
Xoşbəxt o adamdır ki, səsinin rəngi adının rəngini tamamlayır!
Məzahir əmiylə söhbətə davam etdikcə mənim səsimin və adımın rəngi ona AYDINlaşırdı, onun səsinin və adının rəngi mənə! "İşığın havada rəngi yoxdur” deyən işıq rəngində olan Məzahir əminin Yerdə ruhunun dinc yeri... ustad aşıq Cahangir Quliyevin Aşıq Cumadan oxuduğudur: "tərpənməyən adam mənəviyyatlı adamdır!”
Könlünü-ruhunu tutan isə: ululardan üzübəri mütləq və müqəddəs olan... təkcə azdan başqa, əzələ, dosta, gözəl olana, salam verən əllər olan düzə salaməleykümdür!
Dolayısıyla anladığım müqəddəs ünvanı isə belə təyin etdim ki, Miskin Abdaldan adına bağlama istəyən Sultan Səlimin "Ayaq divani”yə hirslənməsinə Ustad aşığın cavabı: "Baş Təbrizdə qaldı... sən ayaqsan!”
Məzahir əmi dedikcə... beynimdə bir daha oturuşdu bu fikir: bütün savadlı adamlar ateizmə yuvarlanır, bütün bilgə adamlar irfan yoluna!
Bir neçə saat davam edən söhbətdə... 1978-ci ildə SSRİ-nin dağılmağını onda qəbul olunan konstitusiyaya görə proqozlaşdıran Məzahir əminin hələ 2006-cı ildə "torpaq alan torpaq verməz, torpaq istəyən qulağının dibini görər”, - deyən hərbçiyə "insan istəyəndə qulağının dibini də, boynunun ardını da görə bilər” deməkləri...  gerçəkləşmiş proqnozlardır, odur ki, üstündən keçirik! Adamın bu yönünü öz istəyinə buraxıram!
Deyir Məzahir əmi, dinləyirəm: "Yadına bizi” mükəmməl, "Yada səni” də həmçinin – möhtəşəm, "Diyarbədiyar”ı elə gözəl ki, sevgi və səcdəni haqq edir! Şeirləridir!
Məzahir əmiylə söhbət davam etdikcə çinədanıma bütün gözəl fikirləri yığdıqca... ürəyimdən bir sual keçdi və qəfil Rafiq müəllimdən – özündən geri qalmayan, hələ bir boy da artıq qardaşından soruşdum:
- Min başıdolunun bir başıboşun ixtiyarına verildiyi ölkədə səlahiyyət səndə olsaydı, Məzahir əminin yerini harda müəyyən edərdin?
Və... məlum oldu ki, heç Rafiq müəllim də düz-əməlli yer seçə bilmir, hara təyin edəcək, necə edəcək, bilmir!
Biz nə boyda dahinin evimizdə olduğunu bilməyən qövmük! 
Buna baxmayaraq, Məzahir əmiylə ayrılanda... kefim saz idi!
Bu "kefin saz olması” ifadəsinin də açmasını Məzahir əmi açdı: bizdən niyə soruşmurlar ki, kefin gitaradımı, kamandımı, tardımı?
Əslində, yazını buracan fövqəladə axtarış həvəsiylə oxuyan hər kəsin üzündəki ifadəyə deyirəm: biz təkcə muğamlarımızın hər şöbəsinə əruzun hansı bəhri tam uyğundur sualı üstündə işləsək, sadəcə, şöbə-şöbə təhlil etməyə vaxt çatdırmarıq deyirəm və əlavə edirəm – o ki Məzahir əmi deyir e, milli xüsusiyyətlərimizi bilməliyik, milli xüsusiyyətlərimizin genetik daşıyıcısı olmalıyıq, ölkəmizin və xalqımızın dilimizə və musiqimizə bərabər olduğunu anlamalıyıq ki, səsimizin və adımızın rəngini təyin edə bilək... əməl etsək, onda bizə zaval yoxdur!
16 il qabaqdan Telli Pənahqızının bir bəndinə əməl etdirə bilmirəm, halbuki nə böyük savad, nə böyük istedad lazım deyil, zalım balası, səcdə yeri yeddi olan dünyada hələ birinci addımı at, yeddi arxa dönəninin adını dəqiqləşdir, sonra növbəti levelə keçərik!
İrəlidə bizim adımızın və səsimizin rəngini seçmək imtahanı durur!
Həzrəti-Əli deyirdi ki, insanla allah arasında cəmi bircə pillə var: nəfs! Amma bu əziz orucluq günlərində oruc tutan hər kəs yaxşı bilir ki, nəfs pilləsini adlamağacan minlərlə pilləkən var!
Eləcə də Məzahir əminin bu xalq üçün bugünkü durumuyla qələbəyə çatmasına müəyyən etdiyi taktika və strategiya da bir pillədən ibarətdir... qalan pilləkənləri özümüz qalxmalıyıq ki, o mərhələyə çataq!
Bizə qələbə yaraşır, bu qələbənin müjdəçisi də Məzahir əmidir – neçə beləsiylə sevindirib!
Onsuz da indiki dönəmdə əməlli-başlı maya qoyduğumuz muğam müsabiqələridir: oxuyanlar özlərinə qulaq asa-asa oxusa, oxuduqlarının rəngini görsələr, işimiz xeyli asanlaşar!
Məzahir əmidən demək idi, məndən çatdırmaq, qalanı sizlikdir!
SON SÖZ ƏVƏZİ: tərcümeyi-hal hissəsini yaşadığı yerin və öz adını yazmaqla kifayətlənirəm: nə Azərbaycanda, nə də dünyada ikinci belə Məzahir əmi yoxdur!
Bir sualımı isə lap axıra saxladım: Məzahir əmi, gecələr sizi yuxuda boğub eləmirlər?
Əslində, bu sual onun üçün idi ki, Yaradanın bu qədər potensiallı mükafat-adamından ölkə və hətta dünya da yararlanmalıydı indiyəcən! Fəqət...
Allah və mələkləri Məzahir əmini ona görə dinc buraxıblar ki, gecələr onu yuxuda boğmurlar ki, bilirlər də bizə söz heç hardan çatmayan qövmük!
Rafiq müəllimlə söhbət gələn dəfəyə qaldı – bir doğru sözün dalınca, min kilometr yolu min dəfə getməyə də hazıram... ömür imkan verdikcə!

Bakı-Tərtər (Bayandurlu)-Bakı
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az