"Belə uşaqlar dövlətin himayəsində böyüdülməlidir" - Fazil Mustafadan ÇAĞIRIŞ
"Son vaxtlar eşitdiyimiz hallarda məzarlıqda və ya yararsız ərazilərdə uşaqların tapılması, valideynlərin onlardan imtina etməsi cəmiyyət üçün ciddi siqnaldır. Hansı valideyn uşağından imtina edirsə, istər cahillikdən, istər imkansızlıqdan, istərsə də psixoloji sarsıntı səbəbindən, dövlət həmin uşağa sahib çıxmalıdır".
Miq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.
Onun sözlərinə görə, xarici ölkələrin təcrübəsində də bu yanaşma mövcuddur: valideyn nəzarətində olan, lakin lazımi qayğı görməyən uşaqlar belə dərhal dövlət müdafiəsinə götürülür:
"Bu baxımdan dövlət uşaq müəssisələrinin sayının və infrastrukturunun artırılması zəruridir. Belə uşaqlar operativ şəkildə götürülərək dövlətin himayəsində böyüdülməlidir. Çünki sağlam vətəndaşın formalaşması hər bir cəmiyyət üçün ən vacib amillərdən biridir. Prezidentin Milli Fəaliyyət Planı ilə bağlı sərəncamında bu problemlərin çoxşaxəli şəkildə əhatə olunduğu görünür və bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir. Ümid edilir ki, aidiyyəti qurumlar yalnız məşğulluq proqramları çərçivəsində minlərlə insanın sertifikatlaşdırılması ilə kifayətlənməyəcək, eyni zamanda onların real işlə təmin olunmasını da təmin edəcəklər ki, sosial problemlər daha da azalsın".