Bibiheybət məscidi ziyarətgahına həsr olunmuş yeni elmi əsərin təqdimatı keçirilib
Oxumaq və öyrənmək insanın mənəvi və intellektual inkişafında mühüm rol oynayır. Tarix boyu kitablar ən etibarlı informasiya mənbələrindən biri kimi çıxış etmiş, cəmiyyətimizdə daim təşviq olunmuşdur. Bu baxımdan yeni nəşr olunan elmi əsərlərin oxunması xüsusi əhəmiyyət daşıyır.
Bu gün ilahiyyatçı Əkrəm Həsənoğlunun müəllifi olduğu "Həkimə xanım – Bibiheybət imamətin nuru ilə” adlı yeni kitab barədə məlumat təqdim edirik.
Qeyd edək ki, kitab üç əsas fəsildən ibarətdir. Birinci fəsildə Həkimə xanımın həyatı və nəsil şəcərəsi geniş şəkildə təqdim olunur. İkinci fəsildə onun həyatı müxtəlif etibarlı tarixi mənbələr əsasında təhlil edilir. Üçüncü fəsildə isə ziyarət ədəbi sistemli şəkildə araşdırılır.
Kitabın təqdimat mərasimi 2 may 2026-cı il tarixində Bibiheybət məscidində keçirilib.
Tədbirdə çıxış edən QMİ Qazılar Şurasının üzvləri – Rahib Babayev, Rauf Sərdarov, İlham Səlimov, Surxay Məmmədli, Rəfael Abasov, QMİ Fətva şöbəsinin səlahiyyətlisi, ilahiyyatçı-alim Samid Quliyev, eləcə də Aİİ-nin müəllimləri İbrahim Quliyev, Hilal Ağamoğlanov və Hacı Cavad məscidinin imamı Ramil Aslanlı çıxış ediblər. Natiqlər çıxışlarında vurğulayıblar ki, bu cür elmi əsərlər dini maarifçiliyin inkişafına, eyni zamanda cəmiyyətin xurafatdan uzaq, elmi əsaslara söykənən dini düşüncə ilə formalaşmasına mühüm töhfə verir.
Müəllif Əkrəm Həsənoğlu çıxışında əsərin yazılma məqsədi və tədqiqat prosesi barədə məlumat verərək bildirib ki, Bibiheybət ziyarətgahı Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yerə malik müqəddəs ocaqlardandır. O qeyd edib ki, kitabda təqdim olunan məlumatlar əsasən etibarlı tarixi mənbələrə əsaslanır və ziyarət mədəniyyətinin düzgün anlaşılmasına xidmət edir.
Təqdimat mərasimi iştirakçıların sualları, fikir mübadiləsi və müəlliflə görüşlə yekunlaşıb.