RUSİYA VƏ TÜRKİYƏYƏ DƏ QATARLA GEDƏ BİLƏCƏYİK? - Ekspertdən quru sərhədləri ilə bağlı mühüm AÇIQLAMA

RUSİYA VƏ TÜRKİYƏYƏ DƏ QATARLA GEDƏ BİLƏCƏYİK? - Ekspertdən quru sərhədləri ilə bağlı mühüm AÇIQLAMA

Məlum olduğu kim, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə apardığı müzakirələrdən sonra mayın 26-dan etibarən Gürcüstan istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpa olunmasına dair qərar verildi. 

Beləliklə, təxminən 6 il 2 aydır dayandırılmış dəmir yolu ilə sərnişindaşıma yenidən bərpa edilir. Yeri gəlmişkən, artıq Bakı-Tbilisi istiqamətində hərəkət edəcək sərnişin qatarının cədvəli, eləcə də bilet qiyməti də məlumdur. Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq. Biletin qiyməti isə minim 81 manatdan başlayır.

Gürcüstanla qatar əlaqəsinin bərpası digər beynəlxalq istiqamətlərlə bağlı da müzakirələri artırıb. Xüsusilə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri gələcəkdə Rusiya və İran istiqamətində də sərnişin qatarlarının fəaliyyətinin yenidən bərpa olunub-olunmayacağıdır. Hazırda bu ölkələrə dəmir yolu infrastrukturu mövcud olsa da, uzun müddətdir sərnişin daşımaları həyata keçirilmir.

Maraqlıdır, Gürcüstandan sonra bu ölkələrlə də dəmir yolu əlaqələri bərpa edilə bilərmi?

Bu barədə hələlik rəsmi hansısa açıqlama yoxdur. Ekspertlər isə daha ciddi addımların atılacağını gözləyir.  

İqtisadçı ekspert Natiq Cəfərli "AzPolitika”ya açıqlamasında Gürcüstanla dəmir yolu əlaqəsinin bərpasını müsbət addım kimi qiymətləndirib. 

Onun sözlərinə görə, bu qərar uzun müddətdir gözlənilən xəbər idi və quru sərhədlərinin açılması istiqamətində ilkin addım hesab oluna bilər.

"Gürcüstanla dəmir yollarının açılması doğrudan da çox xoş bir xəbərdir. Çoxdan gözlənilən bir xəbərdir və mən bunu quru sərhədlərinin açılmasının ilkin addımı kimi də dəyərləndirə bilərəm. Yəni çox güman ki, bu proses davam edəcək və quru sərhədlər açılacaq”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli hesab edir ki, ilin sonuna qədər digər ölkələrlə də quru sərhədlərinin açılması mümkündür. Onun fikrincə, bu addım Azərbaycanın beynəlxalq imici baxımından mühüm əhəmiyyət daşıyır və iqtisadi aktivliyə müsbət təsir göstərə bilər.

"Çox güman ki, bu ilin sonuna qədər bütün ölkələrlə quru sərhədlər açılacaq. Bu, ölkəmizin imici üçün yaxşıdır, investisiyalar üçün yaxşıdır, iqtisadiyyatın canlanması və turizm sektorunun inkişafı üçün müsbət təsir göstərəcək”, – deyə o vurğulayıb.

İqtisadçı qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə həm logistika, həm də tranzit ölkə kimi böyük üstünlüklərə malikdir. 

Onun sözlərinə görə, ölkə yalnız yükdaşımalar üçün deyil, turist axını baxımından da mühüm tranzit mərkəzinə çevrilə bilər:"Azərbaycan təkcə yüklərin deyil, turistlərin də tranzit ölkəsinə çevrilə bilər. Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə və oradan Avropaya uzanan turizm marşrutlarının formalaşdırılması mümkündür”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az