Velosiped sürmək ayıbdır, rüşvət almaq isə yox

Velosiped sürmək ayıbdır, rüşvət almaq isə yox

Vüqar Abbasov Hollandiya

Türkiyə prezidenti A. Gül Niderlanda gəldi və getdi. Bu səfərdə bir çox məsələlər müzakirə olundu, bir çox məsələlərdən danışıldı. Prezident Gül çlxlşlarının birində Avropada son zamanlar yayılmış irqçiliyin yaxşı nəticələr verməyəcəyini söylədi. Bunun sübutu üçün çox da uzaq olmayan tarixə baxmağı tövsiyə etdi. Təbii ki, mezakirə olunan məsələlər tək bununla bitmirdi. Ancaq mənə təəccüblü gələn o oldu ki, bütün bu səfərdən bir çoxlarının diqqətini demək olar ki, əsasən Niderlandın baş naziri cənab Mark Rüttenin görüşə velosipedlə gəlməsi çəkmişdi və bunda bir məna axtarmağa qalxmışdılar. Halbuki bu Niderland üçün xarakterik bir şeydir. Burda hər kəs velosipeddən gündəlik nəqliyyat növü kimi də istifadə edir. Baş nazir isə demək olar ki, işə mütamadi olaraq velosipedlə gedir. Bunun kiminsə səfəri ilə bağlamaq və xüsusi məna axtarmaq lazım deyil. 

Niderlandda insanlar sadədir. Tutduğu vəzifə mövqedən aslı olmayaraq hər kəs özünü çox sadə aparır. Yuxarıda qeyd etdiyim kimi, kimsə baş naziri belə velosipeddə görəndə təəccüb etmir. Mühafizəçi ilə də gəzmir baş nazir. Mən yaşadığım şəhərdə piyada gəzdiyim vaxt dəfələrlə yerli bələdiyyə başçısına rast gəlmiş və hər dəfə də çox səmimi görüşmüş və söhbət etmişik. Bundan başqa müxtəlif tədbirlərdə də çox səmimi görüşlərimiz, söhbətlərimiz olub.İlk əvvəl mənə də təəccüblü gəlirdi bu cür sadəlik. Artıq öyrəşmişəm bu sadəliyə. 

Burda yaxından tanıdığım bir iş adamı var. Maddi imkanı kifayət qədərdir. Özünə məxsus, böyük ərazisi olan istirahət zonası, biznesi var. Bəzən rastlaşırıq, adam o qədər səmimi söhbət edir ki, söz tapmırsan deməyə. Gündüz saatlarında öz oğlu ilə birlikdə fəhlə paltarında özünə məxsus istirahət zonasında işləyir, təmizlikdən tutmuş müdirliyinə kimiözləri edirlər. Yanında işləyən insanlarla isə adi iş yoldaşı kimi davranırlar, nə qışqırmaq var, nə də söymək.

Həftə sonlarına xüsusi önəm verilir Niderlandda. Xüsusən hava bir balaca günəşli olarsa, demək olar ki, hər kəs bayırda olur. Bəziləri velosipedlə dəniz sahilinə gedir, bəziləri isə piyada gəzişir və.s. Kimsə nə getminə, nə istifadə etdiyi nəqliyyat növünə görə digərinə gülmür. Bu yazdıqlarımı isə sadə bir niderlandlı oxuyub anlaya bilsə, gülməkdən birtəhər olar. Səbəbi sadədir, çünki niderlandlılar özləri sadədirlər...

Mənə maraqlı gələn o oldu ki, prezident Gülün səfəri zamanı Niderlandda fəaliyyət göstərən PVV liderı Vildersin twitterdə yazdıqlarından dolayı, yerli siyasət adamlarının narahatlığından bəhs edilən yazılara rast gəlmədim mətbuatda. Söhbət təbii ki, Azərbaycan mətbuatından gedir. Ancaq bizim öyrəşmədiyimiz sadəliyə belə reaksiya verməyimiz də normaldır əslində. Çünki bizdə nəinki hər hansı bir nazir, heç bələdiyyə başçısı belə velosiped qalsın bir yana, köhnə markalı maşında gəzməz. Ayıbdır axı, o boyda vəzifə sahibləridirlər. Kənardan baxan nə deyər? Deməzlərmi ki, bunun boyuna, tutduğu vəzifəyə, etdiyi hərəkətə bax. Velosiped sürmək ayıbdır, rüşvət almaq isə yox. Kişi, yox e, çaşdım, vəzifə sahibi rüşvət alar də. Məhşur bir tamaşadakı sözləri dəyişib belə də ifadə etmək olar: “Ə, kişi Prado sürər, ə, kişi lexus sürər. Bu nədi ə, velosiped...” Ancaq bir həqiqət də var ki, bizlərin bəzilərinə sadəlik göstərirsən, elə bilir ki, axmaqsan. Bir çoxlarımız Avropada yaşayıb bu sadəlikləri görsək belə, yenə də öz sadəliyimizi düzgün anlamırıq və yaxud anlamaq istəmirik. 

Bu barədə çox yazmaq olar. Bəlkə nə vaxtsa bu mövzuya qayıtdım. İndi isə mən getməliyəm. Həftə sonudur və əla hava var. Getdim velosiped sürməyə...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az