Vergi borcunu ödəməyən şəxslər həbs olunub

Vergi borcunu ödəməyən şəxslər həbs olunub
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsi ilə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin keçirdiyi birgə tədbirlər nəticəsində dövlət büdcəsinə yaranmış borc məbləğlərini vaxtında ödəməyən şəxslər həbs olunublar.

 Vətəninfo.az xəbər verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr tarixli qərarları ilə vergi ödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün müddətində inzibati qaydada həbs olunub.

 İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Belə sərt inzibati tədbirlərin tətbiqi vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına və onların gələcəkdə vergi qanunvericiliyini pozmaqdan çəkinmələrinə səbəb olacaq.

 Vergilər Nazirliyi bir daha vergi ödəyicilərinə müraciət edərək vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az