Vətəndaşı evindən lüt çıxaran icra başçısının polis oğlu orqandan qovuldu
Ağcəbədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun məşhur polis oğlu Şəhriyar Hüseynov daxili işlər orqanından qovulub.
Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, ötən il vətəndaşın evinə soxulan Şəhriyar Hüseynov "Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deməsi ilə məşhurlaşmışdı.
Düzdür, ictimai etirazlardan sonra Şəhriyar Hüseynov həmin vətəndaşdan və cəmiyyətdən üzrxahlıq etsə də polisdəki işində qala bilmişdi.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Şəhriyar Hüseynov növbəti dəfə polis adına yaraşmayan hərəkətlərə yol verib və bununla da daxili işlər orqanlarındakı karyerasına son qoyulub.
Onu da xatırladaq ki, Şəhriyarın qaynatası Suraxanının icra başçısı Əziz Əzizovdur.
Miq.Az