İlham Məmmədzadə: “Şirkətimizin distribyuterlik etdiyi məhsulların qiymətlərində hər hansı qiymət artımı baş verməyib”
Bəzi media qurumlarında “Veysəloğlu” MMC şirkətinin və “Ulduz” Şokalad Fabrikinin öz məhsullarının qiymətini qaldırması barədə heç bir əsası olmayan yazılar yer alıb. Bununla bağlı Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə Vətəninfo.az-a açıqlama verərək bildirib ki, “Veysəloğlu” MMC-nin distribyuterlik etdiyi məhsulların qiymətlərində hər hansı qiymət artımı baş verməyib. Şirkət rəsmisi “Ulduz” Şokalad Fabrikinin də istehsal etdiyi məhsulları köhnə qiymətlərlə satışa çıxardığını qeyd edib: “Şirkət idxal ilə məşğul olduğundan dolların bahalaşması “Veysəloğlu” MMC üçün təsirsiz ötüşməyib. Lakin qiymət artımı baş verməsin deyə, istehsalçı ölkələrin fabrikləri ilə danışıqlara gedilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Çalışırıq ki, qiymət artımı olmasın. “Veysəloğlu” MMC hər zaman ölkə vətəndaşlarını, insanları düşünərək siyasətini müəyyənləşdirib. Bu gün də çalışırıq ki, süni qiymət artımı baş verməsin. Lakin yaranmış mövcud durumdan bəzi işbazlar istifadə edərək, ictimaiyyət arasında ajiotaj yaratmaq məqsədilə Şirkətlə bağladıqları müqavilədən irəli gələn borc öhdəliyini həyata keçirməkdən yayınmaq istəyirlər. Belə ki, bəzi marketlər aldıqları mallara görə köhnə borcları ödəməkdən yayınmaq istəyirlər. “Veysəloğlu” MMC isə bu münasibətləri və yaranmış halları qanun müstəvisində həll edir”.