Vətəninfo.az - İyunun 10-da Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun Vyetnam Prezidenti cənab Truong Tan Sangla görüşü keçirilmişdir. Görüşün keçirilməsində məqsəd cari ilin 13-15 may tarixlərində Vyetnam Prezidenti cənab Truong Tan Sangın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin yekunlarına dair müzakirə aparmaq və gələcək perspektivlər barədə fikir mübadiləsi aparmaq olmuşdur. Avropa ölkələrinə səfəri çərçivəsində Azərbaycanla yanaşı Rusiya və Çexiyaya həyata keçirdiyi səfərlərdən məmnun qalmış Vyetnam Prezidenti Azərbaycan, Rusiya və Çexiya səfirlərini şam yeməyinə dəvət etmişdir. Görüşdə həmçinin Vyetnam Xarici İşlər Nazirinin müavini, Kənd Təsərrüfatı Nazirinin müavini, Milli Müdafiə Nazirinin müavini, PetroVyetnam şirkəti və Vyetnam Hava Yolları şirkətinin rəhbərləri iştirak etmişdir.
Görüş zamanı cənab Truong Tan Sang Azərbaycana rəsmi səfərinin uğurla həyata keçməsindən məmnunluğunu ifadə etmiş və səfərinin yüksək səviyyədə təşkil olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığının çatdırılmasını xahiş etmişdir. Vyetnam Prezidenti Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Vyetnama çox köməklik etdiyini, Sovet İttifaqının rəhbər şəxslərindən biri kimi Vyetnama yardım edilməsi ilə bağlı yüzlərlə sənədə imza atdığını bildirmişdir. O, bununla bağlı şəxsən özünün və Vyetnam xalqının dərin minnətdarlığını bildirmişdir.
Vyetnam Prezidenti ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafından məmnunluq ifadə etmiş, Vyetnamın neft sənayesinin qurulmasında azərbaycanlı mütəxəssislərin müstəsna rolunun olduğunu vurğulamışdır. O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsinin vacibliyini vurğulayaraq enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi önəm daşıdığını bildirmişdir.
Qarşılıqlı əməkdaşlığın inkişafı, insanlar arasında əlaqələrin genişlənməsi üçün iki ölkə arasında birbaşa hava əlaqəsinin açılmasının vacibliyini bildirən Vyetnam Prezidenti bu məsələdə Azərbaycanın Dövlət Başçısı ilə həmfikir olduğunu bildirmiş, Vyetnam Hava Yolları şirkətinin prezidentinə bu istiqamətdə zəruri işlərin görülməsini tapşırmışdır. Prezident onun Azərbaycana səfəri çərçivəsində müzakirə olunan məsələlərin həyata keçirilməsi üçün Vyetnam dövləti tərəfindən müvafiq işin aparıldığını bildirmişdir.
Öz növbəsində səfir A.İmanov Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələrin inkişafı üçün Vyetnam Prezidenti tərəfindən göstərilən qayğı və diqqətə görə öz təşəkkürünü bildirmiş, 1983-cü ildə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnama həyata keçirdiyi səfər və bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfədən bəhs etmişdir.
Səfir Azərbaycan Respublikası Prezidentinin 18-19 may 2014-cü il tarixlərində Vyetnama və Vyetnam Prezidentinin 13-15 may 2015-ci il tarixlərində Azərbaycana həyata keçirdikləri səfərlərin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına güclü təkan verdiyini bildirmişdir. O, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulamış, müvafiq əməkdaşlıq sahələri üzrə ikitərəfli fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirmişdir.