“Vətəninfo.az” “Media forum” saytına istinadən Azərbaycan prezidenti İlham Əliyevin aprelin 3-də Bakıda, Avronest Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsi haqda dediklərini təqdim edir:
- Bizim sosial və siyasi problemlərimizdən biri Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 50 min azərbaycanlı Dağlıq Qarabağdan qovulub. 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulub. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılıb. Ümumi olaraq bir milyon insan qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən 20 il keçir və Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur. Təbii ki, bu, böyük siyasi, iqtisadi və sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ var.
Təxminən 20 ildir ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz ermənilərin işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Artıq qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul edib. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul edib. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilib. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlayıb. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olub. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılıb. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb.
Bütün bunlar məhz ATƏT-in qiymətləndirmələrində və hesabatlarında əks olunub. İki dəfə ATƏT öz heyətlərini göndərib. Birinci dəfə faktaraşdırıcı, ikinci dəfə isə sahədə qiymətləndirmə missiyası olub. Həmin dağıntılar hesabatda aydın şəkildə qeyd edilib. Orada Ermənistanın işğalçı qüvvələrinin yerli və dinc əhaliyə qarşı etdiyi hərəkətlər öz əksini tapıb. İyirmi il öncə biz müasir tariximizdə ən faciəli anları yaşadıq - Xocalı soyqırımı. Xocalı şəhərinin 613 dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq ermənilər tərəfindən qətlə yetirilib, 100-dən artıq vətəndaşımız itkin düşüb. Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür. Bu, XX əsrin sonunda baş verən ən böyük faciədir. Bu gün müxtəlif ölkələrin parlamentləri bu məsələni müzakirə edir. İki parlamentdə Xocalı faciəsi məhz soyqırımı aktı kimi qeyd edilib. Əminəm ki, bu məsələ, həmçinin digər parlamentlərin qərarlarında da öz əksini tapacaq.
Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar.