Yaşayan əbədi əfsanə

Yaşayan əbədi əfsanə

Ömür... Nəğmə qanadlarında keçən ömür. Ömründən düşən hər bir yarpaqda Azərbaycan deyən, Azərbaycanını, dövlətini, xalqını sevən, onun dövlətçiliyinə sədaqətlə, bütün varlığı ilə bağlı sənətkar ömrü... Ömrünün hər ilində kamilləşən, kamilliyində müdrikliyi, müdrikliyində dahiliyi, dahiliyində əbədiyaşarlığı olan canlı klassik, yaşayan əfsanə... Yaşaya-yaşaya əfsanəyə çevrilən əfsanəvi sənətkar... Sənətkar olmaqla bərabər qayğıkeş ana, bənzərsiz övlad... və varlığı ilə doğmalarını sevən vətəndaş... Hər nəfəsində, hər kəlməsində Azərbaycan deyən, dünyanın hər qarışında İlhamlı Azərbaycanı şərəflə təbliğ edən Yeni Azərbaycan Partiyasının üzvü olan bənzərsiz sənətkar... Odlar Yurdu Azərbaycanın sənətkar vüqarı olan Azərbaycanımızın sənətkar qızı. Sənətdə keçən illər onu dəyişdirmədi. İllər ona qalib gələ bilmədi. O illərə qalib gəldi. Çünki həmişə qalibiyyət onunla olub. Çünki o güclü xanım, güclü sənətkardı. Söhbət Türk Dünyasının Sənət Kraliçası, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq Artisti, “Şöhrət”, “Şərəf” ordenli İlhamə Quliyevadan gedir.


Sənin vüqarın mənəm

İlhamə Quliyeva musiqiçi ailəsində tərbiyə alıb. Əvəzolunmaz sənətkar, xalq artisti Tükəzban İsmayılova, ustad tarzən, xalq artisti Həbib Bayramov tərbiyəsi alaraq sənətdə püxtələşib. İki ustad sənətkardan həyat və sənət dərsi alıb. Xoşbəxt o valideyndir ki, övladı onların sənət səviyyəsində dayanır. İlhamə xanım sənətdə Tükəzban xanım, Həbib Bayramov səviyyəsinə ucaldı və onlarla bərabər dayandı. Azərbaycanda yeganə ailədir ki, üç xalq artisti var. Bu gün İlhamə xanım səsində, sənətində, Azərbaycanla döyünən ürəyində üç sənətkar ömrünü yaşayır. Üç ömrü bir qəldə yerləşdirərək özünü, bənzərsiz Tükəzban xanımı, ustad Həbib bəyi yaşadır. Yaşatdıqca da yaşayır, ucalır. İlhamə xanım yeganə xanım sənətkardır ki, Həbib müəllim dünyasını dəyişəndə onun tabutunu çiyninə alaraq son mənzilə yola salıb. Valideynlərinə qız övladı yox, oğlan övladı olub. Bəlkə elə ona görədir ki, səhnəmizin Primadonnası kişi qeyrətli böyüdü. Tükəzban xanımın Muğam Teatrında keçirilən yaradıcılıq gecəsində İlhamə xanım Tükəzban xanımın repertuarını canlı-canlı oxuyaraq anasının əllərindən öpüb dedi: “Vüqarı neyləyirsən? Sənin vüqarın mənəm!!!”. Həqiqətən də ustad sənətkar tək bir ailənin deyil, bütöv Azərbaycanın vüqarına çevrildi.

Zirvə mənəm, son mənəm...


 

İlhamə xanım ona görə xoşbəxt sənətkardır ki, dövlətimiz, dövlət başçımız tərəfindən həmişə dəyərləndirilib, qiymətləndirilib. Ulu öndər Heydər Əliyev həmişə İlhamə xanımın sənətinə yüksək qiymət verib, ifalarını dinləyib. “Neftçilər Günü”ndə Milli Parkda təşkil olunmuş açıq səma altında keçirilən konsertdə İlhamə xanımın bənzərsiz bəstəkar Kamalın “Xalq Heydər söyləyəcək” mahnısını canlı-canlı ifa etməsi hamını heyrətləndirdi. Açıq havada, küləkli havada bu mahnını canlı-canlı ifa etməyi hər sənətkar bacarmır. Bunu İlhamə xanım bacardı və susmaq bilməyən alqışlar qazandı. Bu bir daha sənətkarın ulu öndərə olan sonsuz sevgisinin bariz təcəssümü idi. İlhamə xanımın repertuarında Azərbaycanı, dövlətimizi, dövlət başçımızı, bayrağımızı təbliğ edən silsilə mahnılar var. Qeyd edək ki, həmin mahnılar İlhamə xanımın səsində, ifasında çox gözəl alınıb. Dövlət tədbirlərində hər zaman ürəkdən çıxış edən sənətkar hər çıxışında dövlətimizin əldə etdiyi uğurlardan bəhs edir, ulu öndər Heydər Əliyevi anır, çiçəklənən, qüdrətlənən müstəqil Azərbaycandan ilham aldığını söyləyir. Və həmişə də Tükəzban xanımın möhür vurduğu bir mahnını dilə gətirir – Sənin arzularına zirvə mənəm, son mənəm...

 

Yaşın nə fərqi var ki...

 

Repertuarında vətənpərvərlik mahnıları ilə bərabər sevgi motivli mahnılar da yer alır. İlhamə xanım demoktatik fikirli bir xanımdı, onun üçün sevgidə yaşın fərqi yoxdu. Ona görə də həmişə cəsarətlə deyir ki, “Yaşın nə fərqi var ki”. Onun bu gün sonsuz sayda səsinin, avazının heyranları var. Onlardan biri də bizim müxbirimiz Araz Hacıyevdir. ATV kanalının “Nə varsa” verilişində müxbirimizin ustad sənətkara olan sevgisindən danışıldı. İlhamə xanım özünəməxsus tərzdə cavab verərək dedi ki, “Araz mənim avazımın heyranıdır. Bir də yaşın nə fərqi var ki”. Qəlbi, ruhu həmişə sevgi ilə döyünən sənətkarımızın qəlbindən sevgi heç zaman əskik olmasın. Nəğmə ilə döyünən sevən ürəyə ilham verən Azərbaycan var olsun.

 

Azərbaycan ruhumun qidası

Azərbaycan onun üçün hər şeydən əziz, önəmlidir. Çünki o Azərbaycanda dünyaya gəlib, doğmalarının məzarı Azərbaycandadır. Onu Azərbaycan tanıtdı, o da Azərbaycanı. Təbii ki, səsi, təbliğatı ilə. Dünya Azərbaycanlılarının problemlərinin həllində yardımçı olaraq Azərbaycan həqiqətlərini dünyaya yayır, uğurları təbliğ edir, yalnız və yalnız Azərbaycan deyir. Azərbaycan onun ruhunun qidasıdır. Müstəqil, çiçəklənən Azərbaycan onun qürur mənbəyidir. O isə Azərbaycanın sənətkar qızı, canlı klassik, əbədi yaşayan əfsanəsidir.

Vüqar Əhməd

Filologiya elmləri doktoru, professor

Alim Nəbioğlu

Jurnalist-publisist

Foto Araz Hacıyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az