Zahid Oruc ordudakı mənfi halların qarşısını alacaq yolları bilir -Eksklüziv

Zahid Oruc ordudakı mənfi halların qarşısını alacaq yolları bilir -Eksklüziv

«İCTİMAİ NƏZARƏTİ TƏMİN ETMƏDƏN ORDUDA HEÇ BİR HALDA ŞƏFFAFLIĞI TƏMİN ETMƏK MÜMKÜN OLMAYACAQ»

Son vaxtlar Azərbaycan Ordusunda müxtəlif insidentlər baş verməkdədir. Ölüm hallarının da qeydə alındığı bu cür inisdentlər bəzən əsgərlər arasında mübahisələr üzündən baş verir. Eyni zamanda, əsgərlərin təmizlik işlərinə cəlb olunması zamanı yaranan bir neçə insident də faciə ilə nəticələnib. Mütəxəssislər düşünür ki, artıq Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşmaq üzrə olduğu üçün tədricən yeni sistem formalaşır. Bunun tərkibində əsgərlərin təmizlik işlərinə cəlb olunmasının dayandırılması məsələsi də önə çəkilir. Məsələn, əsgərlərin hərbi xidmət yerlərində, hərbi hissələrdə təmizlik işlərinə, yemək bişirməyə və digər bu qəbildən olan işlərdən uzaqlaşdırılması, bu işlərin isə mülki işçilərə həvalə olunması təklif olunur. Lakin bu təklif uzun müddətdir səslənsə də, reallaşmasına doğru addım atılmayıb. Milli Məclisin Tühlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc “Vətəninfo.az”a bildirib ki, əsgərlərin təmizlik işlərindən uzaqlaşdırılması Avropa ölkələrində mövcuddur və bunun Azərbaycana gətirilməsi məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə bu qaydanın ordu sıralarında nə dərəcədə tətbiqindən ibarətdir: «Çünki bəzən hansısa islahat istənilən xətt üzrə getsə də, fərqli nəticələr verə bilər. Bu mənada, Azərbaycanın ordu quruculuğu müxtəlif tnasformasiya mərhələlərindən keçir və bu, özünü çox ağrılı göstərməkdədir. Qətiyyən inkar etmək olmaz ki, bu gün Azərbaycanda NATO-nun ən yüksək standartlarına cavab verən hərbi hissələrimiz də var, eyni zamanda, minimum problemlərlə savaş aparan hissələrimiz də mövcuddur. Onlara baxanda düşünürsən ki, görəsən Müdafiə Nazirliyinin, onun rəhbərliyinin bu hissələrin üzərində rəhbərçiliyi nədən ibarət ibarət olub, hansı işlər görülüb? Mənə maraqlıdır ki, orduda insan amilini aradan götürmək üçün nələr edilib?».

Zahid Orucun sözlərinə görə, hərbi komissarlıqların orduya çağırışa müdaxiləsi dayandırılsa da, hərbi hissələrdə neqativ hallar başqa formada davam etdirilir: «Çağırış sistemindən şəffaf keçənlər hərbi hissələrdə elə çirkaba bulaşdırılır ki, bu da ordu quruculuğunda mənfi haldır. O cümlədən də, əsgərin qidalanması, qida rasyonu, onun hazırlanması və digər məsələlərdə də çox ciddi problemlərimiz qalmaqdadır. Ordu on minlərlə insan kontingenti deməkdir. Onlar 18 yaşına kimi fərqli mühitdə böyümüş və xeyli fərqli psixologiyaya malik, müxtəlif düşüncəyə malik insanlardır. Bu insanların ordu sıralarında digərləri ilə dil tapması, adaptasiya olunması, zabitlərlə münasibəti, təlimatların normal işləməsi və digər bu kimi faktorlar çox düşündürücü məsələdir. Bu, Azərbaycanın ordu quruculuğunun ən mühim kompanenti olmalıdır».

Deputatın sözlərinə görə, ordunun komponentləşməsinə mənfi təsir göstərən çoxlu faktorlar mövcuddur: «Biz bunları inkar edə bilmərik. Bu məsələlər hansısa dairələrdən müzakirə olunmalı, qərarlar verilməlidir. Prezident yanında Silahlı Qüvvələrə Nəzarət üzrə Agentlik yaradılması barədə qərar verilib. Doğrusu, biz hələ bilmirik bu agentlik necə formalaşıb, həmin müfəttişlər qrupu necə seçilib və kimlərdən ibarətdir. Onların öz işlərini hansı formada qurması şəxsən mənə bəlli deyil. Çox arzulayıram ki, bizim Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsi olaraq bu proseslərə müəyyən müdaxilə imkanlarımız olsun».

Millət vəkilinin verdiyi məlumata görə, bu günlərdə Milli Məclisdə ombudsmana və onun yanında fəaliyyət göstərən 17 nəfərlik qrupa yeni səlahiyyətlər verilib ki, bu da hüquqpozmalara qarşı sərt dayanış göstərilməsinə imkan verən amillərdir: «Cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş həmin qanun layihəsində ombudsmana və onun yanındakı qrupa çox yüksək səlahiyyətlər verilib. Demək ki, Ali baş komandan da birmənalı olaraq vurğulayır ki, əsgərin qorunmasına, onun hüquqlarının təminatına və digər mexanizmlərə çox ciddi ehtiyac var. Məhşur bir deyim var; ordu elə bir sahə deyil ki, onu təkcə hərbçilərin öhdəsinə buraxasan. Mən çox arzulayıram ki, bundan sonra bu sahədə ciddi dəyişiklirlər olsun. Yeri gəlmişkən, haupvaxtlarda saxlanma rejimi, əsgərə maddi nöqtə kimi baxmaq, onun təsərrüfat işlərinə cəlb edərək öz evinin əşyası kimi saymaq və digər halların aradan qaldırılması üçün qeyd etdiyim səlahiyyətlərin verilməsi olduqca müsbət addımdır. Bütün subynktiv məsələlərin aradan götürülməsi üçün bu səlahiyyətlərin verilməsinə müxtəlif məsələlər nəzərdə tutulur. Ombudsmana belə bir səlahiyyət verilir ki, xəbərdar etmədən istənilən hərbi hissəyə daxil olub maraqlandıqları istənilən şəxslə söhbət apara bilər. Həmin qrupa səlahiyyət verilir ki, onlar aşkar etdikləri neqativ hallarla bağlı qərar qəbul edib, yuxarı orqanlar qarşısında məsələ qaldırsınlar».

Deputatın fikrincə, hərbi cəza sisteminin özündə də bir dəyişiklik edilməlidir: «Məsələn, orduda 10 saat hansısa işə cəlb etmə, taxta üzərində yatırılması və sair kimi sovet dövründən qalan cəza növlərinə yenidən baxılmamılıdır».

Zahid Oruc onu da əlavə edib ki, hərbi komissarlıqların ləğvi orduda korrupsiyanın bir həlqəsini sıradan çıxarıb: «İnsanlar hərbi komissarlıqların üzərinə nə qədər getdisə, eyni şəkildə hərbi hissələrin də üzərinə getməlidir. İndi valideynlərdə belə bir fikir formalaşıb ki, uşağım hara düşür düşsün, gedib hərbi hissədə yaxşı yerə saldıraram. Bu, yalnış düşüncədir. Hərbi hissələrdə vəziyyət tam şəffaf olmalıdır. İctimai nəzarəti təmin etmədən orduda heç bir halda şəffaflığı təmin etmək mümkün olmayacaq. Çünkr on minlərlə insanın ərzaq, geyim və digər təminatları, xidmət yerləri, xəstəlikdən müalicə məsələləri insanlardan asılıdır. Bu asılılıq isə rüşvətə, əliəyrililiyə, fərqli yanaşmalara, «ön cəbhəyə göndərirəm» hədəsinə və digər bu kimi hallara gətirib çıxarır. Bunların hamısı ciddi probemlərdi. Orduya nəzarətin təşkilində ailələrin də rolu olmalıdır».

Depuratın fikrincə, əsgər valideynləri ictimai nəzarət funksiyasını yerinə yetirə bilərlər: «Bu da mühim məsələdir və düşünürəm ki, müsbət nəticə verə bilər. Bununla da orduda neqativ halların qarşısını almaq olar».

Elçin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az