Ziya Məmmədovun keçmiş müşavirinin köməkçisindən intihara cəhd

Ziya Məmmədovun keçmiş müşavirinin köməkçisindən intihara cəhd
Rövşən Əhmədovun dərman içməsini qarşı tərəfin vəkili şou hesab edir

Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında bir ildən çox həbsdə qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə barəat alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov intihara cəhd edib.  
R.Əhmədovun ailə üzvlərindən biri "Yeni Müsavat”a deyib ki, o, məhkəmədə üzləşdikləri qanunsuzluqlara bu şəkildə etiraz edib: "Rövşən Əhmədov intihar etməzdən əvvəl məktub yazıb. Həmin məktubu 8-ci polis bölməsinin əməkdaşları götürüblər. Məktubunda yazmışdı ki, Çingiz Baxşıyevin özümə və ailə üzvlərimə qarşı təhdidlərə, oğlumun, qızımın anbaan izlənməsinə, hədə-qorxulara tab gətirə bilmirəm. Hüquq-mühafizə orqanları şikayətlərimə baxmır. Ona görə də həyatıma qəsd edirəm. Mənim ölümümdə günahkar Çingiz Baxşıyevdir”.
Ailə üzvləri bildiriblər ki, Rövşən Əhmədov hazırda komadadır.  Digər bir ailə üzvü isə virtualaz.org-a deyib ki, Rövşən Əhmədovu xəstəxanaya zorla çatdırıblar: "Rövşən intihar edəcəyini deyirdi. Elə cibindən tapılan məktubda da belə yazıb. Yazıb ki, yenə şərlənib həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır. Gecə çoxlu həblər içib. Təcili yardımla xəstəxanaya güclə çatdırdıq. Hazırda vəziyyəti ağırdır. Çingiz hər yerdə deyirmiş ki, Rövşəni həbsxanaya saldırandan sonra Azərbaycandan birdəfəlik gedəcək. Baxsın, görsün ki, adamı nüfuzdan salmaq necə olur”.
Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən bildirilib ki, 59 yaşlı R.Əhmədov dekabrın 21-də  01:07 radələrində ağır dərman zəhərlənməsi ilə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Respublika Toksikologiya Mərkəzindən verilən məlumata görə, R.Əhmədov hazırda komadadır: "Güclü antidepresant həbləri - amitriptilin içib. Vəziyyəti ağırdır”.
Qeyd edək ki, bəraət alaraq azadlığa çıxan R.Əhmədovun barəsindəki hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə altı aydan bəri davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı R.Əhmədov barəsindəki bəraət hökmünün ləğv olunmasını və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov deyir ki, baş verənlər Rövşən Əhmədovun növbəti şousudur: "Uzun çəkən məhkəmədə bir çox sübutlar təqdim etmişik. Hansı ki, onun suçlu olduğunu ortaya qoyur. Bu cür  vasitələrlə bizə təsir etməyə çalışır. Diqqəti başqa istiqamətə yönəldir. Öz cinayətini gizlədir. Rövşən Əhmədov qızıl-zinət əşyalarını hara xərclədiyi ilə bağlı bizdə olan sübutları gördüyündən bizi çəkindirmək və ədalətli məhkəmə araşdırmasının qarşısını almağa çalşır. Nə vaxtdan 4 yuxu dərmanı atmaqla zərərçəkənin geri çəkilməsinə məcbur edirlər?  Artistlik etməkdənsə qızılları qaytarsın”.   
Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilib. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.
İttihama görə, Rövşən Əhmədov 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib. Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər. R.Əhmədov ittihamı qəbul etmir, Çingiz Baxşıyevin "qara işlərinə” qol qoymadığı üçün həbs etdirildiyini bəyan etmişdi.(musavat.com)


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az