10 neftçisi itkin düşən Azərbaycan kanalları öz işindədir - Açıqlama (Fotofakt)

10 neftçisi itkin düşən Azərbaycan kanalları öz işindədir - Açıqlama (Fotofakt)
Azərbaycan bu gün səhəri Xəzər dənizində baş verən daha bir faciə xəbəri ilə açdı 

ARDNŞ-ın yaydığı rəsmi məlumata görə, güclü külək səbəbindən Sanqaçal terminalda 10 nəfər itkin düşüb və onların tapılması istiqamətində axtarışlar aparılır.

Təəssüf ki, əhali bu üzücü xəbəri ya informasiya agentliklərindən, ya da sosial şəbəkələrdən öyrənə bildi.

Telekanallarımız isə, deyəsən, faciədən hələ xəbər tutmayıb. Bu barədə sosial şəbəkələrdə paylaşılan fotolardan, yazılan şərhlərdən görmək olur.

Sosial şəbəkə istifadəçiləri telekanalların faciəyə qarşı laqeydliynə kəskin reaksiya veriblər. Şəbəkəçilər teleməkanı tənqid edərək, efirdə yayımlanan verilişlərin fotolarını paylaşıblar.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov istipress-ə açıqlamasında deyib ki, kanalların efir şəbəkəsində dəyişiklik etməsi müəyyən qədər vaxt tələb edir.

Bununla belə, o, bu mövzularda televiziya kanallarına qarşı hər hansı cəza mexanizminin olmadığını bildirib: "Biz tövsiyələr veririk, amma proqram siyasətini telekanal rəhbərliyi özü həyata keçirir".

Onun sözlərinə görə, daha öncə də belə hallar olub və televiziyalar daima çevik reaksiya veriblər. "Hesab edirəm ki, televiziyalar öz proqram səbətində dəyişiklik edəcəklər. Məlumat eşidilən kimi müəyyən dəyişikliklər olunur. Televiziyalar bu sahədə öz funksiyasını yerinə yetirə bilirlər".

Xatırladaq ki, oxşar hadisə düz bir il əvvəl - 2015-ci il dekabrın 4-də də baş vermişdi. Həmin vaxt da telekanallarımız baş vermiş hadisəyə çox gec reaksiya vermişdi. O zaman fəaliyyət göstərən ANS telekanalı dərhal proqramlarında dəyişiklik etmiş, matəm lentini efirə yerləşdirmişdi. Yalnız bundan sonra digər telekanallar da proqramlarında dəyişikliklər etmişdi.

İndiki halda isə faciə xəbərindən kifayətqədər vaxt keçir. Televiziyalarda isə çal-çağır hələ də davam edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az