Bəs Xocalı, bəs "Holokost"...
Əvvəli Top səhifəsində
Eyni bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf da deyib, bildirib ki:" Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyünü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul edirik". Xüsusi nümayəndənin BMT Baş katibi Ban Ki Munun adından verdiyi bəyanat da ikibaşlı olmaqla ermənilərin mənafeyinə tam uyğunluğu ilə seçilir:"Ban Ki Mun Osmanlı İmperiyasında ermənilərin sıxışdırılmasını dəhşətli cinayət sayır". Diqqətlə fikir verin, söhbət bir neçə nəfər yox, 1,5 milyon ermənidən getdiyi kimi dünya ictimai fikrinə oturdulur. Demək, bu gün də olmasa, sabah ABŞ-ın müəyyən strukturları hadisəyə "genosid" adı qoyacaq və buna zəmin bu gün məqsədli şəkildə hazırlanır. Əks halda bu "1,5 milyon erməni" rəqəmi niyə xüsusi olaraq qabardılır? İndi məsələnin o biri tərəfinə baxaq ki, bu 1,5 milyon rəqəmi ABŞ diplomatlarının başına necə və nə zaman yeridilib? 1915-ci ildə Osmanlı İmperiyasında 1,5 milyon erməni necə yaşaya bilərdi? Əgər bu qədər erməni öldürüldüsə, sağ qalanlar heç olmasa bir milyona yaxın olmalı idi. Belədə həmin dövrdə Osmanlıda 2,5 milyon erməninin yaşadığını iddia etmək absurddur. Hətta dünyanın bütün dəlmə-deşiklərindən erməniləri sovet Ermənistanına toplamağa çalışan SSRİ rəhbərliyi ermənilərin sayını 3 milyona çatdıra bilmədisə, Osmanlı dövlətində 2,5 milyon erməninin yaşaması nə qədər real mülahizədir? Ötən yüz ildə ermənilər Türkiyə Cumhuriyyətində hər cür təminat altına alındıqları, ağ günə çıxdıqları, hətta dövlət vəzifələri aldıqları halda sayları niyə bu həddə çatmayıb? Deməli, Osmanlı dövründə nəinki 1,5 milyon erməninin öldürüldüyü, hətta bu qədər erməninin mövcudluğu ağ yalandır. Söz yox ki, bu cür ikibaşlı bəyanat verənlər bununla sabah soyqırım ifadəsini açıq mətnlə işlətmək üçün sadəcə zəmin hazırlayırlar.
Atatürk demişdi, Heydər Əliyev dedi, İlham Əliyev tamamladı...
Faktdır ki, bir vaxtlar saxta genosidi əsaslandırmaq üçün "yerin-göyün dərin qatlarından" tapıb quraşdırdıqları uydurma faktları dünya siyasətçilərinin və alimlərinin başına nisbətən asanlıqla yerləşdirə bilən ermənilər son iyirmi ildə möhkəm çətinliyə düşüblər. Dünyanı azdırmaq taktikası daşa dirənib. Çünki düz bir əsrdən çox müddətdə öz ifrat yalanlarının heyrətləndirmə gücü ilə çox başları tovladıqları dövrdə qarşılarında tək Türkiyə Cumhuriyyəti var idi. Qalan Türkdilli toplumlar "qırmızı sovet sisteminin" içində səsiçıxmaz bir duruma salındıqları üçün rəhmətlik Atatürk tənhalıqdan doğan Türk yenilməzliyinin ən sərrast ifadəsini milyonlarla Türk gəncinin başına, ruhuna, mənəviyyatına, düşüncəsinə oturda bildi - "Türkün türkdən başqa dostu yoxdur". Bax bu şuar qardaş ölkəni cahan savaşlarından, solçu qüvvələrin ölkə boyu yaydığı saxta bərabərlik xülyalarının zəhərindən, PKK terrorunun qanlı səhnələrindən keçirərək bugünkü qüdrətli duruma gətirə bildi. Həm də indi Türkiyə bütün cahan boyu hətta ən mənəviyyatsız və ən cinayətkar üsullarla işləyən "erməni maşını" ilə mübarizədə tək deyil. Onun Azərbaycan kimi qardaşı və müttəfiqi artıq meydana atılıb. Böyük Atatürkün zamanında və daha sonralar dünyanı heyrətə salmış nəticələri olan "türkün türkdən başqa dostu yoxdur" şüarı da tək qalmadı. Heydər Əliyevin "bir millət - iki dövlət" tezisi Atatürkün ideologiyasını "quşun ikinci qanadı" kimi tamamladı. Bundan sonra da proses yerində durmadı. İlham Əliyevin "bir millətin iki diasporu olmaz" bəyanatı, mübaliğəsiz desək, "hər iki qanadı sazlanmış quşun reaktiv güc mənbəyinə" çevrildi. Razılaşaq ki, Türkiyənin tək qaldığı dönəmlərdə saxta genosid sayıqlamalarını sağa-sola rahatlıqla fırladan ermənilər İlham Əliyevin "Türkiyənin nümayəndəsi burada yoxdu, ancaq mən burdayam" kimi vüqarlı və qardaşlıq borcuna sadiq bəyanatından sonra özlərini daha əvvəlki kimi rahat və "xəsilə düşmüş toy toğlusu" kimi hiss edə bilməzlər. Bu gün artıq uydurma erməni genosidini tanıyan dünya parlamentlərinin sayının artım sürəti xeyli yavaşıyıb, əksinə, Xocalını tanıyan parlamentlərin sayı sürətlə artmaqdadır. Erməni lobbisinin rüsvayçı təsir dairəsinə düşmüş bəzi dünya prezidentləri, dövlət xadimləri əvvəllər uydurma genosid olayları barədə mülahizələri öz seçki platformalarına daha saymazyana və məsuliyyətsiz şəkildə daxil edirdilər. İndi onlar da dəyişib, daha ehtiyatlı ifadələr seçməyə çalışır, "erməni genosidi" sözünü işlətməkdən çəkinir, daha yumşaq ifadə ilə prosesi sadəcə yola verirlər. Obama da, Sarkozidə belə oldu, sonrakılar da belə olacaq. Çünki qarşılarında dünyanın artıq iqtisadi güc və enerji oyunçularına çevrilmiş Azərbaycanı və Türkiyəni görürlər, görməyə məcburdurlar, başqalarından fərqli olaraq, demokratiya oyunu ilə bu ölkələri içəridən qarışdıra bilmirlər.
Pul erməni lobbisindən, fitnə Papadan gəldi
Azərbaycanla Türkiyənin qardaşlığı gücləndikcə Qərbin bir sıra dairələrinin uydurma erməni genosidini bir cəza çubuğu kimi əldə saxlamaq taktikası yavaş-yavaş zəifləyəcək, 1915-ci il barədə danışanda "faciəli hadisələr", "insanlığın fəlakəti" kimi ifadələrdən o yana keçə bilməyəcəklər. İndi XI - XII əsrlər deyil ki, Roma papalarının, gözəl Filipp, Aslan ürəkli Riçard, Barbarossanın birgə hökmlərilə səlibçi qoşun düzəldərək kiçik Asiyanın, Anadolunun bu başından girib o başından çıxsınlar. Həmin dövrlərin qaniçən səlibçi dövlətləri kimi Anadolunun Türk-oğuz-səlcuq tayfalarının "gününü göy əskiyə bükə" də bilməzlər. Keçdi o dövranlar...
Əslində müasir Türkiyənin dövlət siyasətinin özü də bəyan edir, gizlətmir ki, 1915-ci ildə həqiqətən bəşəriyyətin, Osmanlı təbəələrinin dəhşətli insanlıq faciəsi yaşanıb - hansısa millətin yox, məhz Osmanlı təbəələrinin faciəsi... Önldürülən, şikəst, talan edilən minlərlə Osmanlı təbəəsinin içində isə türk də, kürd də, yəhudi də, laz da, erməni də var idi. Bəlli dünya dövlətlərinin Türkiyənin içində hərəkətə gətirdiyi "qaniçən maşın" tək ermənilərə qarşı çevrilməmişdi, milli mənsubiyyətə görə heç bir fərq qoymadan qarşısında olan hər kəsi biçib keçirdi. Bu məlum tarixi həqiqətlərin qarşısında necə demək olar ki, hədəf kimi tək və yalnız ermənilər seçilmişdi? Qarşısındakını milli kimliyinə görə hədəf seçmək isə türkə deyil, erməniyə xas xislətdir. Dünya boyu "Türk diplomatı ovu"nun onlarla qurbanı hələ də yaddaşlardadı. Türklər bu ifrat millətçi terrorların birinə də analoji üsulla cavab vermədilər. Eyni vaxtda bir türk diplomatı ermənilər tərəfindən qətlə yetirilir, hansısa ölkənin parlamenti, ya da parlament komitəsi uydurma genosidi tanıyan qərar verirdi. Tarix göstərdi ki, bu ədalətsiz və ikili standart siyasətin ziyanı təkcə biz Türk dünyasına dəymir, bəlkə də ən az ziyanı biz çəkirdik. Hər ədalətsizlik aktı ilə Qərbin maskası yırtıldıqca bir ovuc erməninin yalan iddialarına girov düşməyin "ləzzətini özləri də dadırdılar".Yenə daddılar. Avropa Parlamentinin "Papa fitnəsinə" uymuş bir yığın deputatı rüşvət, bəxşiş, hədiyyə müqabilində qərar çıxardılar. Pul erməni lobbisindən, fitnə Papadan gəldi. Bu deputatlar mənbəyi çirkli pullardan və orta əsrlərdəki kimi Roma Papasından asılı olduqlarını bir daha göstərdilər. Əslində özlərini rüsvay etdilər. Bu gün İrəvandakı saxta genosid abidəsinin önündə enən başlar Qərbdəki ədalətsizliyin, şərəf və ləyaqətin itirilməsinin nümayişindən başqa bir şey deyil. Çünki ədalətli olsaydı, o başların sahibləri yalançı abidənin önünə getməz, şərəfi olsaydı, o başlar əyilməzdi...
Nə yaxşı ki, Azərbaycan və Türkiyənin birgə qardaşlıq səyləri ilə dünya ictimai fikrində 24 aprel tarixinin doğurduğu assosiasiyanın vahidliyi itib, təsəvvür ikiləşib. Əvvəllər 24 aprel deyəndə, ümumiyyətlə mətləbdən xəbərsizlər istisna olmaqla, yerdə qalanların başına, istər-istəməz, ermənilərlə bağlı hansısa suallar gəlirdi. Ancaq 24 aprelin uydurma erməni soyqırımına işarə olduğuna şübhə edənlər, onu inkar edənlər indi dünya miqyasında kifayət qədərdir. Üstəlik, Azərbacan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanındüşündükləri gerçək yüzillik təqdimatları 24 aprelin yalnız erməni məzmunlu assosiasiya doğurmasına kəskin zərbə oldu. Həmin tarixdə Çanaqqalada 200 min türk-azəri əsgərinin şəhidliyi bahasına əldə olunmuş tarixi qələbənin əsl dolğun, məzmunlu yüzilliyi qeyd olunacaq. Beləliklə, 2015-ci ilin 24 apreli dünya tarixində iki fərqli məzmunlu "yüzillik ideologiya"nın mübarizə tarixinin başlanğıcı ola bilər - əsl Çanaqqala, ya uydurma erməni soyqırımı...
Yeni tarix başlayır...
Aydın Quliyev "Bakı-Xəbər" qəzetinin baş redaktoru