Moskvada yerləşən "Prezident" otelində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos FMMM) 5-ci qurultayı işə başlayıb.
SalamNews-un verdiyi xəbərə görə, 80 nümayəndənin və 32 qonağın iştirak etdiyi qurultayda Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləib.
AzərRos FMMM prezidenti Soyun Sadıqov ötən müddət ərzində - 2008-ci ilin fevralından 2013-cü ilin yanvarınadək olan dövrdə təşkilatın fəaliyyəti barədə hesabat verib. O xatırladıb ki, təşkilat 1999-cu ildə Moskva, Tver və Yaroslav Regional Milli-Mədəni Muxtariyyətlərinin təşəbbüsü ilə təşkil olunan Rusiyadakı azərbaycanlı vətəndaşların qurultayında yaradılıb. Hazırda FMMM 800 min Rusiya azərbaycanlılarını birləşdirir. O, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi, Azərbaycan adət-ənənələrinin, dilinin və mədəniyyətinin qorunması və inkişafı məqsədi ilə təşkilat tərəfindən həyata keçirilən layihə və proqramlar barədə ətraflı məlumatlar verib.
Onun sözlərinə görə, Azərbaycanda və Ermənistanda böyük rezonansa səbəb olan Rusiya Erməniləri Birliyi ilə birgə keçirilən "dəyirmi masa" Rusiya azərbaycanlıları və erməniləri arasında ortaq məxrəclərin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən vacib tədbirdir.
FMMM-in yaradıcılarına və fəal üzvlərinə minnətdarlığını bildirən S.Sadıqov təşkilatın gələcəkdə də Azərbaycan və Rusiya üçün faydalı layihələr həyata keçirəcəyinə əmin olduğunu söyləyib.
Qurultayın sonunda təşkilatın prezidenti seçilib. Veteninfo.az-ın əldə etdiyi məlumata görə, Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidentiu seçilib.
Veteninfo.az